RU

Milli kimliyimizin günü... - Fuad Biləsuvarlı yazır

Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər millətin ruhunu, iradəsini, dözümünü, əzmini və kimliyini dünyaya nümayiş etdirir. 26 iyun — Azərbaycan Silahlı Qüvvələri Günü də məhz belə bir gündür. Bu gün tariximizin yaddaşına qızıl hərflərlə həkk olunmuşdur — xalqımızın mərdliyi, iradəsi və qüdrəti bu gündə öz zirvəsinə çataraq, dünya xalqlarına örnək olmuşdur.

Bu gün, qəhrəman hərbçilərimizin və əsgərlərimizin Vətəni qorumaq uğrunda yazdıqları şanlı tarix səhifələrinin əks-sədasıdır. Onların fədakarlığı bu günü sadəcə bir təqvim tarixi deyil, milli qürur gününə çevirir.



Xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə əldə olunan tarixi Qələbə, xalqla ordunun çiyin-çiyinə verdiyi birliyin parlaq təcəssümüdür. Bu birlik yalnız qələbəyə aparmadı, eyni zamanda Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü əbədi qorumağa qadir olduğunu dünyaya nümayiş etdirdi.

Zamanın sınağından uğurla çıxan Azərbaycan Ordusu bu gün regionun ən çevik və qüdrətli hərbi güclərindən birinə çevrilib. Məhz bu ordu xalq iradəsi ilə birləşərək tarix yazdı və qəhrəmanlığın yeni bir salnaməsini yaratdı.

Əlbəttə ki, bu zəfər asan qazanılmadı — şəhidlərin canı, qazilərin qanı, əsgərlərin əzmi ilə yazıldı. Vətənin yolunda həyatından keçən hər bir igid bu xalqın azad sabahının memarı, azadlığın sönməyən çırağıdır. Biz onları təkcə yaddaşımızda yox, ürəyimizdə, dualarımızda, övladlarımızın adında yaşadırıq.

Bu duyğulara poetik dillə tərcüman olduğum “Yurdun əsgəri” adlı şeirimdə bu hisslər sətirlərə axdı:

-- Qələbə müjdəli xəbərlərdən de,
Artıq azad olan şəhərlərdən de...

Bu misralarımda— bir xalqın sevincini, bir ordunun hünərini, əsgərlərimizə minnətdarlığımı sözə çevirmişəm. Şeirimdə xalqın səsini eşitdirmişəm: dualarda əsgərə çevrilən atanı, göz yaşında bayraq saxlayan ananı, səngərdən doğulan Zəfəri dilləndirmişəm.

Zəfərin mübarək, yurdun əsgəri!

Bu şeirim təkcə sözlə yaranmayıb — onu zamanın nəfəsi, xalqın hissləri, ana göz yaşları və qələbə qüruru ilə yoğurmuşam. Hər misrasında bir səngər nidası, bir vəfa andı səslənir.

Bəli, Azərbaycan Ordusunun hər addımı sadəcə silahın gücü deyil — milli ruhun, sarsılmaz vətən sevgisinin ifadəsidir. Və bu ruhun ən parlaq rəmzlərindən biri də bayrağımızdır. O bayraq təkcə parçadan ibarət deyil — o, səngərdə döyüşən əsgərin əlində, şəhid məzarının başında, Şuşa qalasının zirvəsində dalğalanan bir xalqın varlığıdır. Hər rəngində tarix, hər tikişində qürur, hər dalğasında azadlıq var.

Bu şeirimi qələmlə yox, xalqımın tarixiylə, göz yaşları və döyüş ruhuyla yazmışam.
Bayrağımıza olan eşq, bizim üçün sadəcə vətən rəmzi deyil — bu eşq şəhid məzarında kəfənə dönür, əsgərin qəlbində anda çevrilir, xalqın könlündə ümidsizliyi ümidə bağlayan bir dua olur.

Bu duyğularımı “Azərbaycan can, bayrağım” adlı şeirimdə poetik ifadə ilə vermişəm. Şeirimdə bayrağımızı ana qədər şəfqətli, ata qədər qürurlu, şəhid qədər uca və sarsılmaz obrazda təqdim etmişəm.

- “Üstündəki qırmızı rəng şəhidlərin al qanıdır,
Əsgərlərin döyüş vaxtı and içdiyi Quranıdır...”

Bu misralarımda həm tarix, həm sevgi, həm də şəhid yadigarı kimi bayrağın hər qatına poetik bir dəyər qazandırmışam. Şeirimin axırında isə bayraq təkcə simvol deyil, artıq ailə, qohum, ruhun özü olduğunu nəzmə çəkib göstərməyə çalışmışam.

- “Anamızsan, atamızsan, qardaşımız, bacımızsan,
Başımızda bər-bəzəkli, ən qiymətli tacımızsan...”

Bu sözlərim Silahlı Qüvvələrin möhkəm dayağı olan ürəyimin xalq sevgisini, bayrağın ruhumuzdakı yerini və vətənpərvərliyimizin bədii ifadəsini mükəmməl şəkildə əks etdirir.

Zəfər yalnız bir döyüşlə tamamlanmır. O, yaddaşda qalan şəhid adıyla, qazi mübarizəsiylə və xalqın gündəlik sədaqətiylə əbədiləşir. Bizim borcumuz bu igidlərin ruhunu yaşatmaq, onların yolunu davam etdirməkdir. Onların qazandığı qələbəni, bizim yaşatdığımız hörmət tamamlayır.

“Biz yaşatmalıyıq qəhrəmanları” adlı şeirimdə bu hissi təkanverici və çağırış dolu dillə ifadə etmişəm.


- Göyə bülənd olsun zəfər nəğməsi,
Səslənsin evlərdən sevinc müjdəsi...

Bu misralarım sadəcə qələbəni yad etmir, həm də gələcək nəsillərə ötürüləcək bir məsuliyyəti xatırladır. Şeir boyunca qəhrəmanlığı təriflərlə deyil, vətəndaşlıqla yaşatmağın zərurəti vurğulanır:

-- Düzü düzümüzə qaytaranları,
Sözü sözümüzə qaytaranları,
Bizi özümüzə qaytaranları —
Biz yaşatmalıyıq qəhrəmanları…

Bu, təkcə mənim şair ürəyimin səsi deyil bu, həm də xalqımızın vicdanıdır, ayıq qalan yaddaşıdır.

Zəfərin bir üzü qələbədirsə, digər üzü onun uğrunda əzab çəkmiş, qan tökmüş, sağlamlığını itirmiş oğullardır — qazilərimiz. Onlar bu xalqın dirçəliş tarixini öz canları ilə yazan, sağlığında canlı abidəyə çevrilən mərd insanlar, susaraq danışan şəhid yoldaşlarıdır.

Onların iradəsi, acılarına rəğmən başı dik duruşu bizim üçün həm örnək, həm də öhdəlikdir: Biz bu igidlərin döyüşdə göstərdikləri rəşadəti gündəlik həyatımızda yaşatmaqla onlara layiq olmalıyıq.

Bu ruhu ifadə edən "Biz qorxmuruq Vətən üçün ölməkdən" adlı şeirim, qazilərimizin fədakarlığına bir növ ədəbi yadigardır:

- Qarabağı azad etdik yağıdan,
Düşmənlərə vermədik ki, bir aman...

Bu şeirimdə sanki səngərin içindən gələn səsdir — ölümlə üz-üzə dayanmış əsgərin, canını qorxusuz ortaya qoyan qazi qardaşın dilindən səslənmişəm. Hər bənddə qəhrəmanlıq yalnız səhnə deyil, həyat olur. Mərdliyin nə zərgər sözlərlə, nə də danışıqla deyil, əməllə ifadə olunduğu bir fəlsəfə təlqin etmişəm.


“Biz qorxmuruq Vətən üçün ölməkdən!” — bu sadəcə bir misra deyil, bir ömürlüyə qazanılmış qazilərimizin haqqıdır.

Ey gələcəyin əsgəri — qələminlə, əlinlə, ürəyinlə qoruyacaqsan bu torpağı. Şəhid qanı ilə sulanan bayrağı yaşatmaq sənin boynunun borcudur.

Bu gün Şuşa qalasında səslənən muğam — işğalın səsi deyil, azadlığın nəfəsidir. Hər dağ, hər bulaq, hər qaya Azərbaycan əsgərinin addımları ilə yenidən dirçəlir. Qarabağ artıq təkcə keçmişimizin deyil, gələcəyimizin də simvoludur. Onun çiçəkləri şəhid qanı ilə sulanıb, ağacları qazi nəfəsi ilə ucalıb. İndi bu torpaqlarda ümid çiçəkləyir, muğam danışır, bayraq gülümsəyir.

Gələcəyin əsgərinə səsləniş.

Ey gələcəyin vətən oğulu —
Sənin silahın yalnız çiyinində deyil, sözündə, əməlində, vicdanındadır.
Qələminlə tarix yazacaq, əlinlə torpaq ucaldacaq, ürəyinlə bu bayrağı yaşadacaqsan.
Şəhid qanı ilə sulanmış bayrağın kölgəsində böyüyəcəksən — onu ucada saxlamaq sənin boynunun borcudur.

Zəfərin nəğməsi: “Qarabağ–Şuşa”

Zəfərin ilk notları yalnız səngər səslərində deyil, ürəkdən doğan səs və sözlərlə də səsləndi. Bu səs, bu nəfəs “Qarabağ–Şuşa” nəğməsi ilə xalqın qəlbinə yazıldı. Bu əsər Azərbaycan xalqının qürurunun, ordusunun rəşadətinin və Şuşanın azadlıq sevincinin poetik ifadəsinə çevrildi.

Sözləri mən Fuad Biləsuvarlıya, musiqisi bəstəkar Nadir Əzimova, ifası isə Xalq artisti Brilliant Dadaşovaya məxsus olan bu nəğmə, qələbənin ruhunu xalqın qəlbində əbədi səsləndirdi:

Şuşada ocaqlar qalmaq üçün,
Azərbaycanımı yaşatmaq üçün.
Bakı, Ağdam, Bərdə, Xocalı birbaşa,
Gəlirik, qarşıla Qarabağ – Şuşa!

Bu nəğmə bir xalqın yürüşüdür, bayrağın dalğasıdır, yaddaşın misraya çevrilmiş halıdır.
Və sonda deyəcək bir söz qalır:
Qarabağın və Şuşanın azadlığı – həm silahla, həm sözlə qazanıldı.

P.S. Bu yazını sadəcə bir jurnalist kimi yox, bir qardaş kimi — şəhidlərin, qazilərin, səngərdən boylanan əsgərlərin qardaşı olaraq yazdım. Hər sətrində Vətənə olan sonsuz sevgimi, bu torpaq uğrunda canından keçənlərə dərin ehtiramımı yaşatmağa çalışdım.

Azərbaycan Silahlı Qüvvələri Gününə ithaf etdiyim bu yazı mənim qələmimdən çıxdı, bəli… amma səsi — şəhid analarının yanğısı, qazilərin dinməz baxışları, səngərdəki əsgərlərin ürək döyüntüsüdür. Mən sadəcə yazdım… xalqım danışdı.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.


[video=http://https://youtu.be/bzhev80I1RE?si



Избранный
6
aia.az

1Источники