RU

Ərdoğan NATO sammitində iştirak üçün Niderlanda səfər edib

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək və ikitərəfli görüşlər keçirmək məqsədilə Niderlandın paytaxtı Amsterdama gedib.

Referans xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Ərdoğanı Amsterdam Şiphol Hava Limanında Niderland rəsmiləri ilə yanaşı, Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk və Haaqadakı səfiri Səlçuk Ünal qarşılayıblar.

Qarşılama mərasimindən sonra Prezident Ərdoğan sammitin keçiriləcəyi Haaqa şəhərinə yola düşüb.

Türkiyə lideri ilə birlikdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, MİT rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da Niderlanda gedib.

Zirvə çərçivəsində Prezident Ərdoğanın bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Sammitdə Avroatlantik məkan üçün mövcud təhdid və risklər barədə strateji səviyyədə fikir mübadiləsi aparılacaq.

Tədbirin əsas gündəm mövzularından biri də müttəfiq ölkələrin müdafiə xərclərinin mövcud təhlükəsizlik şəraitinə uyğun səviyyəyə qaldırılması məqsədilə yeni müdafiə sərmayəsi öhdəliyinin qəbul olunması olacaq.

Zirvə zamanı NATO-nun müəyyən etdiyi əsas təhlükələr fonunda Alyansın çəkindirici və müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər də müzakirə olunacaq.  

Избранный
28
27
referans.az

10Источники