RU

Erməni oliqarx xüsusi təcridxanaya köçürüldü Paşinyan Karapetyan qarşıdurması dərinləşir

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistanda tanınmış iş adamı, “Taşir Qrup”un sahibi Samvel Karapetyan “Armavir” cəzaçəkmə müəssisəsindən Milli Təhlükəsizlik Xidmətinin nəzdindəki “Yerevan” İstintaq Təcridxanasına köçürülüb. Bu barədə Penitensiar Xidmətin mətbuat katibi Nona Navoyan məlumat verib. Köçürülməyə səbəb kimi “xidmət zərurəti” göstərilib.

“AzPolitika” xəbər verir ki, Karapetyan bir neçə gün əvvəl verdiyi bəyanatla Erməni Apostol Kilsəsinə dəstəyini ifadə etmiş və siyasətçilər uğursuz olacağı təqdirdə “öz yolları ilə müdaxilə edəcəklərini” bildirmişdi. 

Bu çıxışa cavab olaraq Baş nazir Nikol Paşinyan “Facebook”da sərt reaksiya verərək yazmışdı: “Deyir ki, biz öz yolumuzla müdaxilə edəcəyik. İndi mən də sənə öz yolumla cavab verəcəyəm, alçaq.”

Bu açıqlamadan dərhal sonra Rusiya vətəndaşı olan Karapetyan saxlanılıb və iyunun 19-da məhkəmə qərarı ilə həbs edilib. O, “hakimiyyəti zorla ələ keçirməyə çağırış” ittihamı ilə istintaqa cəlb olunub.

Karapetyanın həbsi ölkədə siyasi elita, iri biznes dairələri və kilsə arasında qarşıdurmanın açıq fazaya keçdiyini göstərir. Hökumət onun bəyanatlarını dövlətə qarşı təhdid kimi dəyərləndirsə də, bəzi müşahidəçilər bu həbsi Paşinyan hökumətinin artan daxili narazılığa qarşı qabaqlayıcı addımı kimi qiymətləndirir.

Karapetyan “Taşir Qrup” vasitəsilə Ermənistanın enerji sektorunun əsas oyunçularından olan “Hayk Elektrik Şəbəkələri”nin sahibidir. Onun həbsi ilə paralel, hökumət şirkətin dövlətləşdirilməsi planlarının hazır olduğunu açıqlayıb.

Bu hadisələr, faktiki olaraq, siyasi ritorikanın biznes maraqlarına təsir göstərdiyini göstərir. Paşinyan hökuməti bu prosesi “kilsə arxasında gizlənən revanşist qüvvələrə qarşı mübarizə” adlandırır. Müxalifət isə bunu fərqli fikrə malik ictimai fiqurlara qarşı siyasi təzyiq kimi qiymətləndirir.

Hökumət kilsə ilə dövlətin ayrılığı prinsipini əsas gətirsə də, gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi yaxın günlərdə bəlli olacaq.

Rasim Əliyev

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
azpolitika.info

1Источники