RU

"Trampın Tehrana "təşəkkürü": səhnələşdirilmiş zərbə və gizli atəşkəs razılaşması" - "Bloomberg"

 
"Trampın Yaxın Şərq oyunu..."
 
ABŞ prezidenti Donald Tramp İranın Qətərdə yerləşən Amerika bazasına raket hücumunu "dəqiq planlaşdırılmış" və "görünüş xatirinə" həyata keçirilmiş bir cəhd kimi qiymətləndirərək, bu "nəzakətli qisas"a görə Tehrana təşəkkür edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Trampın sözlərinə görə, bu hücum əslində vəziyyəti gərginləşdirmək deyil, əksinə, onu azaltmaq məqsədi daşıyıb və o, az sonra İran və İsrail arasında tam atəşkəsin əldə olunduğunu elan edib.
 
Əvvəlcədən xəbər verilmiş "qisas"
 
Agentlik yazır ki, İran tərəfindən atılan raketlərin əsas hədəfi olan Əl-Üdeyd aviabazası hücumdan öncə boşaldılıb. Həm ABŞ, həm də Qətər tərəfləri İranın planlaşdırılan hücumu barədə əvvəlcədən məlumatlandırılıb. Hücum nəticəsində ölən və ya yaralanan olmayıb, raketlərin bir hissəsi havada zərərsizləşdirilib.
 
Bu, İranda Trampın əmri ilə həyata keçirilmiş ABŞ aviazərbələrinə qarşı "rəmzi cavab" kimi qiymətləndirilir. İranın ali milli təhlükəsizlik şurası bildirib ki, atılan raketlərin sayı ABŞ-ın bir neçə gün əvvəl İrana endirdiyi bombaların sayı ilə eynidir. Rəsmi Tehran Qətəri "dost və qardaş ölkə" adlandıraraq, bu ölkəyə heç bir təhlükə yaratmadıqlarını vurğulayıb.
 
Trampdan "sülh və harmoniya" çağırışı
 
Hücumdan dərhal sonra Tramp sosial şəbəkə hesablarında İranı vaxtında xəbərdarlıq etdiyinə görə təqdir edib və həm İranı, həm də İsraili "sülhə və harmoniya içində yaşamağa" çağırıb. Bu çıxışı ilə bir qədər öncə səsləndirdiyi sərt ritorikadan tam fərqlənib.
 
Xatırladaq ki, Tramp bir neçə gün öncə İranın cavab hücumlarına ABŞ-ın "daha ağır güclə" cavab verəcəyini bəyan etmişdi. Geosiyasi analitiklər, o cümlədən ABŞ-ın keçmiş kəşfiyyat rəsmisi Conatan Panikoff İranın bu addımını "nümayişkaranə güc nümayişi ilə birlikdə gərginliyin azaldılması cəhdi" kimi xarakterizə edir. Panikoff bu zərbəni "səhnələşdirilmiş hərbi teatr" adlandırıb.
 
Neft qiymətləri düşür, diplomatiya canlanır
 
Orta Şərqdə münaqişələr adətən neft qiymətlərini artırsa da, bu dəfə əksinə, qiymətlər aşağı düşüb. Trampın atəşkəslə bağlı bəyanatından sonra qiymətlər daha da enib. "Bloomberg"in aparıcı iqtisadçısı Ziyad Davud qeyd edib ki, bu cavab hücumu daha çox rəmzi xarakter daşıyır və qabaqcadan həm hava məkanının bağlanması, həm də ABŞ vətəndaşlarına xəbərdarlıq edilib.
 
Diplomatiya və hərbi ritorika paralel gedir
 
Tramp prezidentliyinin ilk dönəmində İranla imzalanmış 2015-ci il nüvə sazişindən çıxmışdı. Bununla belə, son aylar ABŞ və İran arasında yeni bir razılaşma uğrunda bir neçə danışıqlar raundu baş tutub. ABŞ rəsmiləri bildirib ki, nüvə obyektlərinə endirilmiş zərbələr hərbi işğal məqsədi daşımır və yalnız İranın nüvə imkanlarının məhdudlaşdırılmasına yönəlib. Tehran isə ABŞ-ın hücumları davam etdikcə, yeni danışıqlara oturmaq fikrində olmadığını bəyan edib. Trampın nümayəndəsi Stiv Uitkoffun zərbələrdən sonra da Tehranla təmasda olduğu bildirilir.
 
İsrailin cavabı və yeni hücumlar
 
Hələlik İsrail Trampın atəşkəs bəyanatına rəsmi reaksiya verməyib. Bunun əvəzinə, həmin gün İsrail İrandakı bir sıra hədəflərə, o cümlədən hava limanlarına, KİV məlumatına görə isə İranın təhlükəsizlik qərargahına və Fordo nüvə obyektinə növbəti hücumlar həyata keçirib. İran bu hücumlara yenidən raket atəşi ilə cavab verib.
 
Bütün bunlar Trampın Yaxın Şərqdəki siyasətinin özünəməxsus üslubunu yenidən nümayiş etdirir: bir tərəfdən sərt güc nümayişi, digər tərəfdən isə sülh və diplomatiya çağırışı. Hərbi və siyasi baxımdan bu son hadisə daha çox qarşılıqlı "məhv etmədən güc göstərmək" taktikasına bənzəyir və nəticə etibarilə, münaqişə şiddətlənmədən "nəzatətli" şəkildə geri çəkilir.
Избранный
21
moderator.az

1Источники