RU

AMB: Maliyyə sistemində ən mühüm transformasiyalardan biri fintexlərin artan roludur

Son illərdə maliyyə sistemində müşahidə edilən ən mühüm transformasiyalardan biri fintexlərin artan roludur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

"Bu günki dinamik rəqəmsal dünyada istifadəçilər sürətli, təhlükəsiz və fərdiləşdirilmiş maliyyə xidmətləri gözləyirlər. Fintex isə bu gözləntini reallığa çevirən əsas hərəkətverici qüvvədir", - deyə o qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum müvafiq sektorların siyasət və nəzarət konsepsiyalarını yaratmaqla və həyata keçirməklə yanaşı, rəqəmsal maliyyə həllərinin təşviqi, innovativ texnologiyaların tətbiqi və inklüziv fintex ekosisteminin qurulmasını öz strateji prioritetlərindən biri kimi müəyyən edib.

"Maliyyə texnologiyaları sahəsində balansli və çevik tənzimləmə çərçivəsinin yaradılması, yeni texnoloji həllərin bazara təqdim edilməsi, rəqəmsal maliyyə xidmətlərinə universal çıxış imkanlarının təmin edilməsi, bazar iştirakçıları ilə səmərəli məlumat axınının qurulması əsas hədəflərimizdəndir. Üzərində çalışdığımız Açıq Bankçılıq, Paylanılmış KYC və xüsusilə Ani Ödənişlər Sistemi layihələrinin fintexlərin inkişafı üçün mühüm rol oynayacağına inanırıq.

Məlumdur ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və onun icrasına nəzarət bizim əsas funksiyalarımızdır. Bu sahədə müvafiq assosiasiyalarla və onların ekspert qrupları ilə davamlı müzakirələr apararaq, bazar iştirakçılarını narahat edən məqamları müəyyənləşdirib onları qanun və qaydaların yeni versiyalarında nəzərə almağı, nəticə etibarilə innovativ məhsul və xidmətlərin təhlükəsiz tətbiqinə imkan verən münbit hüquqi zəminin formalaşdırılmasını hədəfləyirik", - deyə o əlavə edib.

V.Xəlilov həmçinin deyib ki, AMB 2024-2026-cı illəri əhatə edən “Maliyyə Sektorunun İnkişafı Strategiyası”na uyğun olaraq risk əsaslı nəzarət mexanizmlərinin təkmilləşdirilməsini həyata keçirir və sözügedən təkmilləşdirmə çərçivəsində süni intellekt əsaslı modellərin geniş istifadəsi nəzərdə tutulur: "Bu mövzuda paylaşmaq istədiyim əsas fikir ondan ibarətdir ki, nəzarət funksiyalarının fəaliyyəti qanunun aliliyini təmin edərək rəqabətli bazar mühitinin formalaşdırılmasına və sektorun potensial risklərdən qorunmasına xidmət edir".

Избранный
31
1
report.az

7Источники