RU

“Artıq kifayətdir, cənablar!”

Dünya bir daha gördü: Amerika Birləşmiş Ştatları nə qədər zəngin və qorxulu ola bilər. Fordo və Natanz üzərinə buraxılmış milyardlarla dollarlıq bombalar təkcə yeraltı obyektləri yox, həm də diplomatik ümidləri məhv etdi. Və bu, Vaşinqtonun yeni deyil, köhnə, lakin dəyişməz strategiyasıdır – əvvəl sarsıt, sonra sus.

Tel-Əviv isə öz ssenarisini çoxdan oynayıb qurtarıb. İndi İsrail yalnız fon səslərindən ibarətdir: evakuasiya elanları, səssiz mətbuat konfransları və susmağa məcbur edilmiş nazirlər. Deyəsən, Netanyahunun teatrında söz az, səhnə çoxdur.

İran isə cavabını daha əvvəl vermişdi. Səmanın qoynunda yanaraq yerə çırpılmış PUA-lar, yarımçıq raketlər və yararsız diplomatiya. Bununla bərabər, Tehranda da bəziləri artıq dərk edir ki, atəşkəs razılaşması haqqında danışmaq üçün daha çox şey dağıdılıb, nəinki qurulub.

Amma bir məsələ də var: bütün tərəflər elə davranır ki, guya ortada hələ bir şey qalıb. Tamaşa bitib, pərdə enməlidir, ancaq aktyorlar səhnədən çıxmır – gözləyirlər. Nəyi? Kimi? Bəlkə də səhnəyə bir Tanrı endi, mübariz tərəflərin hər birinə əl uzadıb desin: “Artıq kifayətdir, cənablar!”

Təəssüf ki, belə olmur. Səhnənin arxasından gah İsrailin sirenləri eşidilir, gah İran mediası xəbər verir ki, “daha bir dron vurulub”. Diplomatik oxlar boşaldıqca informasiyalar bir-birini təkzib edir: atəşkəs var, atəşkəs yoxdur, razılaşma əldə olunub, razılaşma danılır...

Əslində, müharibə bu gün sükutla daha dəhşətli görünür. Sözlərin yerini boşluq alır, bəyanatların yerini susqunluq. Hər şey öz yerində qalır – dağıntılar, qırıntılar, yanğın izi və... səbirsiz zal.

Bu zalda isə çoxdan bir sual səslənir – yavaşca, təmkinlə, amma kəskin: Bəlkə, yetər artıq?

Избранный
3
vaxt.az

1Источники