RU

Təhsildə islahatların nəticələrini 2-3 ilə gözləmək doğru deyil - MÜSAHİBƏ

Beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin sayı, iştirakı nəzərdə tutulan beynəlxalq fənn olimpiadalarının sayından asılı olaraq dəyişir. Bunu anews.az-a müsahibəsində Təhsil İnstitunun direktor müavini Fuad Qarayev deyib.

“İştirak edilən olimpaidaların sayından asılı olaraq ölkəni təmsil edəcək uşaqların sayı müəyyənləşir. Bir çox milli komanda ilə təmsil olunduğumuz nüfuzlu beynəlxalq fənn olimpiadalarında iştirak edəcək şagirdlərin sayı həmin olimpaidaların təşkili və keçirilməsi qaydaları ilə tənzimlənir. Məsələn riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalarda ölkəni təmsil edən komanda maksimum 6 iştirakçıdan, informatika, kimya və biologiya  fənnləri üzrə beynəlxalq olimpiadalarda maksimum 4 iştirakçıdan,  beynəlxalq fizika olimpiadalarnda isə komanda maksimum 5 iştirakçıdan ibarət olur. Son illərdə müxtəlif olimpiadalarda iştirak edildiyindən bir çox şagirdlər üçün  beynəlxalq fənn olimpiadalarında iştiraketmə şansı yaranır, - Qarayev bildirib.

Qurum rəsmisi vurğulayır ki, valideynlər kommersiyalı olimpiadalarda iştirakla bağlı bəzən doğru seçim etmirlər.

"Son dövrlərdə ayrı-ayrı universitetlərin və ya özəl şirkətlərin təşkil etdiyi onlarca olimpiadalar mövcüddur. Sözügedən olimpiadaların bir qismi ayrı-ayrı təşəbbüskarlar tərəfindən ölkəmizdə də keçirilməsi təmin edilib. Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlərimizin iştirak etməsini təşviq etdiyimiz və iştirakı üçün hazırlıq gördüyümüz olimpiadaların siyahısı Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapıb. Bu olimpiadalar barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet səhifəsində də məlumat yerləşdirilib. Sözügedən olimpaidalara hazırlıq üçün Beynəlxalq Olimpaidalara Hazırlıq mərkəzinə yüzlərlə şagird cəlb edilir, onların hazırlıqları dövlət hesabına ödənişsiz təşkil edilir və milli komandaya seçilən şagirdlərin olimpiadalarda iştirakı dövlət hesabına təmin edilir.  Şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadların üzə çıxarılması baxımından olimpaidaların rolu olduqca böyükdür. Ancaq digər ödəniş əsasında təşkil edilən olimpiadalarda iştirak etmək, həmin olimpaidaların final mərhələsi üçün bu və ya digər ölkələrə səfər etmək valideynlərin şəxsi verəcəkləri qərarlardan asılıdır. Bunun üçün olimpiadanın keçirilmə tarixi, ənənəsi, təşkilat komitəsi, nüfuzu və daha bir çox xüsusiyyətləri öncədən araşdırılmalı və ondan sonra iştirakı barədə qərar verilməlidir. Aydın məsələdir ki, milli komanda ilə iştirak edilə bilən olimpiadalarla, ödəniş əsasında iştirak edilən olimpaidaların nüfuzları arasında olduqca böyük fərq var. Bu tip ödənişli müsabiqə və olimpaidalarda iştirak etmək yaxşıdırmı? Düşünürəm ki, bu olimpaidalar barədə valideynlər öncəliklə yaxşı araşdırma etməli sonra qərar verməlidirlər. Ödəniş əsasında təşkil edilən olimpiadalar barədə təşkil edən qurumlar, şəxslər, olimpiadalar barədə valideynlərə tam təfərrüatlı, dolğun məlumatları verilməsini təmin etməlidirlər, ancaq müşahidələr bunu göstərir ki, bu baş vermir", – direktor müavini qeyd edib.

Olimpiadalarda iştirakın aşağı limiti yoxdur. 

"Beynəlxalq fənn olimpiadalarında 20 yaşdan aşağı məktəbli olan və ölkəni təmsil edəcək milli komandaya seçilən hər bir şagird iştirak edə bilər. Olimpiadaların məzmununun böyük bir hissəsi orta məktəb məzmunu ilə eyni olsada, çətinliyi artırılmış tapşırıqların olması daha hazırlıqlı, daha istedadlı şagirdlərin iştirak etməsinə səbəb olur. Bu və ya digər fənlərdən orta məktəb proqramının tamamını mənimsəmək ən yaxşı halda VIII sinifdən etibarən mümkündür. Ölkəmizdə ümumi və tam orta səviyyəsində təhsil alan istedadlı gəncləri müəyyən etmək üçün V sinifdən XI sinifə dək bütün uşaqlar üçün müsabiqə və ya olimpiadalar təşkil edilir. Belə ki, V sinif şagirdlərin riyazi bilik və bacarıqlarının ölçülməsi, riyaziyyat fənninin dərindən öyrənilməsinə marağın artırılması məqəsdi ilə Lütfizadə adına riyaziyyat-məntiq olimpaidası, VI sinif şagirdləri üçün informatika, riyaziyyat və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri olmaqla Respublika Fənn Müsabiqələri təşkil edilir. VIII-XI sinif şagirdləri isə Respublika Fənn Olimpiadalarında öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Beləliklə biz ümumi və tam orta təhsil səviyyəsində istedadı, çalışqanlığı ilə seçilən şagirdləri müəyyən etmə imkanına sahib oluruq. Bir çox hallarda sual edilir ki, niyə ibtidai sinif şagirdləri üçün olimpaidalar təşkil edilmir. Mənim fikrimcə ibtidai sinif şagirdləri onlara uyğun olan proqramla kifayətlənməli və əlavə zamanlarında bol-bol oyun oynayaraq uşaqlıqlarını yaşamalıdırlar.", - o əlavə edib. 

Beynəlxalq Fənn Olimpiadalarının nəticələrini qənaətbəxş hesab etmək olar.

"Ölkəmizdə Respublika Fənn Olimpaidalarının təşkili və keçirilməsi qaydaları dəyişdirildikdən sonra, olimpaidalar beynəlxalq standartlar əsasında təşkil edilməyə başladıqdan, şəffaflıq və obyektivlik təmin olunduqdan sonra olimpaidalara maraq olduqca böyümüş, ildən ilə Respublika fənn olimpaidalarının səviyyəsi yüksəlmiş və bu beynəlxalq fənn olimpaida nəticələrinə öz müsbət təsirini göstərib. 2014-cü ildən bu yana son 10 ildə Azərbaycan məktəbliləri 35 qızıl, 147 gümüş və 336 bürünc medal olmaqla ümumilikdə 518 medal əldə etmişlər. Bu isə hər il orta hesabla 50-dən çox medalın əldə edilməsi deməkdir. Azərbaycan kimi balaca bir ölkə üçün düşünürəm ki, bu yaxşı sayıdır. Digər tərəfdən beynəlxalq fənn olimpaidalarında əyarından asılı olmayaraq medalçı olmaq dünyanın ən yaxşı 200 və ya 300 şagirdindən biri olmaq deməkdir. Bu isə gözdən kənara qalacaq və təqdir edilməyəcək bir nəticə deyil. Əlbətdə biz hər zaman medal əyarlarının yaxşılaşdırılmasını, komanda orta balını yaxşılaşdırmaq üçün çalışırıq. Ancaq qəbul etməliyik ki, elm sahəsində böyük olimpaidalarda bu və ya digər fəndən uğur əldə etmək o qədər də asan məsələ deyil. Bu il şagirdlərimiz dünyanın dörd fərqli qitəsində ölkəmizi təmsil edəcəklər. düşünürəm ki, orada əldə edilən hər bir uğur, Azərbaycan bayrağının dalğalandırılmasına, ölkə adının qaliblər sırasında olmasına xidmət edtmiş olacaq", - Qarayev söyləyib. 

Olimpiadalara qısayönümlü nəticə kimi baxmaq olmaz.

"Digər tərəfdən olimpiada prosesinə sadəcə qısamüddətli nəticə yönünüdən baxmamaq lazımdır. Ola bilsin ki, ölkəni ilin sonunda az sayda şagird beynəlxalq olimpaialarda təmsil edir, və yenə ola bilsin ki, qaliblərimiz az sayda olur, ancaq bu prosesə qoşulan yüzlərcə gənci də nəzərə almaq lazımdır. Bu və ya digər fənlərdən olimpiada hərəkatına qoşulan yüzlərcə şagird, fənnini dərindən öyrənən və elmi araşdırmalara yönələn şagirdlərdir. Hər bir fənn üzrə hər il fənnini dərindən öyrənən yüzlərcə şagirdin məzun olması bir neçə il sonra ölkə iqtisadiyyarına, ölkə elminə, öz müsbət təsirini mütləq ki, göstərəcək, - qurum rəsmisi əlavə edib.  

Məktəb bəzi hallarda maraqlı olmaya bilir. 

"Cəmiyyət çox dəyişir, texnologiyanın bu qədər sürtələ inkişaf elədiyi və informasiyanın olduqca sürətlə yayıldığı, bu və ya digər informasiyaya əlçatanlığın bu qədər asan olduğu dövrdə məktəb bəzi hallarda şagirdlər üçün maraqlı olmaya bilər. Məktəb artıq yeganə informasiya mərkəzi olma statusunu çoxdan itirib, müəllim də eyni qaydada informasiya mənbəyi statusunu itirib. Sosial şəbəkələrdə, müxtəlif platformalarda çox qısa və çox sürətli informasiya əldə etmə imkanına sahib olan gənclər dərs zamanı 45 dəqiqə eyni məzmuna diqqət ayıra bilmirlər. Bu baxımdan günümüzün müəllimi “dərsə hazırlıq gəlməli” tələbi, 5,10, 15, 20 il ardıcıl anlatdığı mövzu ilə bağlı olan tələb deyil. Fikrimcə mövzunun günümüzdə uşaqlara maraqlı olması üçün necə çatdırmalı, necə anlatmalı, arasına hansı hekayəni, hansı lətifəni qatmalı olduğunu düşünməli və buna görə hazırlıqlı olma ilə bağlı tələbdir.Öyrənmə prosesi – qarşılıqlı güvənin, etimadın və inamın olduğu mühitlərdə daha yaxşı və daha sürətli baş verir. Qarşılıqlı güvən, etimad və inam isə sağlam və çox sıx ünsiyyətin qurulduğu mühitdə formalaşır. Deməli şagirdlərin öyrənmədən zövq alması üçün, eyni zamanda müəllimin nəyi necə öyrənmələrini öyrətməkdən zövq olması üçün məktəbdə şagirdlər arasında, müəllimlər arasında və ən əsası şagird və müəllimlər arasında sağlam ünsiyyətin formalaşması zəruridir", - İnstitut rəsmisi qeyd edib. 

Şagirdlərin məktəbə sevərək gəlməsi şərtdir. 

"Şagirdlərimiz məktəbə sevərək gəlməlidir. Bu isə aydındır ki, müəllimlərin şagirdlər tərəfindən sevilməsi ilə mümkündür. Qarşılıqlı hörmətin, mərhamətin, sevginin formalaşması yenə sağlam ünsiyyət mühitinin gücünün asılıdır. Məktəbin döyüyən ürəyi müəllimdir. Fənnin müəllimi deyil, şagirdin müəllimi olmaqdır əsas məsələ. Şagirdyönümlü düşünmək, empatiya etmək, tələbkar ancaq eyni zamanda mərhamətli olmaq olduqca vacibidir. Şagird müəllimin yanında özünü güvəndə hiss etməlidir. Belə olan təqdirdə, şagird müəllimi sevəcək, müəllimin dərsini sevəcək, dərsdə iştirakın özünü sevəcək.Yeniyətmələr, məktəbli gənclərin ən zəif olduqları nöqtə, böyüklərin sözünü və öyüd-nəsihətlərini dinləməkdir. Eyni zamanda gənclərin ən güclü olduqları nöqtə isə böyüklərini yəni müəllimlərini, yəni valideynlərini təqlid etmələridir. Odur ki, şagirdlər müəllim və ya valideynlərinin  əsəblə onlara uzadılmış işarə barmağına deyil, onların ayaq izlərinə daha çox nəzər yetirirlər. Deməli günümüzün metodikası fərqli yanaşmaları tələb edir. Ola bilsin 30-40 il əvvəl uşaqlardan, yeniyetmələrdən bizi anlamalarını gözləyirdik, tələb edirdik, ancaq indi artıq zamanə bizim onları anlamağımızı tələb edir. Müəllimlikdə yüksəlmənin yolu şagirdin səviyyəsinə enə bilməklə mümkündür", - Qarayev deyib. 

Dəyərlərin aşılınması ancaq məktəbin yükü olmamalıdır. 

"Digər tərəfdən gəncliyin yetişdirilməsi, milli-mənəvi dəyərlərlə böyüdülməsi, tələb olunan və zəruri olan bacarıq və vərdişlərin formalaşdırılması ancaq məktəbin yükü olmamalıdır və deyil. Valdeyn və məktəb iş birliyinin güclü olan zamanlarda şagirdlərin daha düzgün yetişmələri baş verməkdədir. Valideyn məktəb arasında əlaqə düzgün qurulduqda, qarşılıqlı anlayış və eyni hədəfə köklənmə prsosesin daha effektiv işləməsinə səbəb olur. Düşünün: 

Valideyn nə zaman xoşbəxt olur, üzü gülür? Şagird yəni övladı  xoşbəxt olanda, övladının üzü güləndə, övladı hər gün sevinclə məktəbdən gəlib sabah sevinclə məktəbə getmək istəyəndə. 


Şagird nə zaman xoşbəxt olur, üzü gülür? Müəllim xoşbəxt olduqda, müəllimin üzü güldükdə.


Müəllim nə zaman xoşbəxt olur, üzü gülür? Məktəb rəhbərliyi xoşbəxt olduqda, məktəb rəhbərliyiyinin üzü güldükdə.


Məktəb rəhbərliyi nə zaman xoşbəxt olur, üzü gülür? Valideynlər xoşbəxt olduqda, yəni məktəbdən məmnun olduqda.


Bu ardıcıllığa tərsdən də baxsanız doğru olacaq. Deməli məktəb və valideyn iş birliyi bu əsas meyarlar üzərinə qurulmalıdır", - qurum rəsmisi əlavə edib. 

Valideynlə məktəb arasında əlaqə düzgün qurulmalıdır...

“Birmənalı olaraq bir şagirdin vətəndaş kimi yetişməsi üçün müəllim və valideyn iş birliyinin vacib olduğunu düşünürəm. Vacib deyil kim kimin yanına gedir. Ortaq nöqtədə birləşməlidirlər. Bir məktəbdə şagirdlər o vaxt başarlı olacağına inanıram ki, övladları o məktəbdə oxuyan valideynlər o məktəbi özünkü hiss etsinlər. Məktəblə əlaqə düzgün qurulmalıdır. Məsələn gimnaziyalarımızın birində mayda məktəbdə bacı-qardaş günü elan edilir və şagirdlərimiz həmin gün dərsə öz bacı-qardaşlarını gətirə bilir. Ailə mühiti formalaşır. Belə olan halda şagird məktəbi çox sevəcək. Zəncirvari belədir ki, müəllim şagirdi, direktor müəllimi, valideyn də direktoru razı salanda hər şey qaydasında olur. Bu sistemin işləməsi üçün Təhsil İnstitutu olaraq bunun nümunələrini göstərməliyik və göstəririk. Eyni zamanda cəmiyyət bununla maariflənləməli, məktəb direktorları bu istiqamətdə çoxlu görüşlər keçirilməlidir”, - əlavə edib.

Gülnar Nazimqızı 

N.Təbrizli 

 

Избранный
15
anews.az

1Источники