RU

İstənilən vətəndaş başqası ilə harasa gedə bilər — İlahiyyatçı

“Hesab edirəm ki, bu məsələni maraqlı dairələr məqsədli şəkildə böyüdüb, şişirtmək istəyirlər ki, dini gözdən salsınlar. Əslində isə burada dinə aid heç nə yoxdur. Yayılan məlumatların sonda təhrif edilmiş olduğu ortaya çıxdı. Qız sözügedən imamın tələbəsi deyilmiş, yaşı 16 yox, 17 imiş. Oğlanın yaşı 42 deyil, 35 imiş. Məsciddən pul oğurlamaları haqda da heç bir fakt ortaya qoyulmadı”.

Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, görünən odur ki, xanım ailədə müəyyən təzyiqlərə məruz qalıb və subay din xadimi ilə ailə qurmaq qərarına gəlib:

“Şəxslərin ictimaiyyətə açıqlamalarından görünür ki, sadəcə ailə qurmaq istəyirlər. Sadəcə vəhşi kütlə onları şantaj və təhqir edərək, rüsvay edərək intihar etməyə məcbur edir. Lakin düşünürəm ki, Allaha inanan insanlar olduqları üçün intiharın da haram olduğunu bilirlər. Odur ki, onlara hücum edib linç edən kütlənin təhriki ilə öz həyatlarını məhv etməyəcəklər. İstənilən vətəndaş öz xoşluğu ilə digər vətəndaşla gəzintiyə çıxa, harasa gedə bilər. Yaşı uyğun gələn şəxslər qanunla evlənə də bilərlər. Məncə, nə dini, nə də dünyəvi tərəfdən burada rüsvayçı bir hərəkət yoxdur. Sadəcə istədilər, hadisəni rüsvayçı formada təqdim etsinlər”


İlahiyyatçı deyib ki, belə hadisələr olanda, gərək həlli üçün addımlar atılsın, yoluna qoyulsun, amma bizdə dezinformasiyalar yayaraq, üstünə də beşini artırıb adamları biabır edib, intihara qədər sürüyürlər:

“Bu, vəhşi mağara ənənəsindən daha pisdir. Cinayət etmiş olsaydılar, indi çoxdan tutulmuşdular. Amma yayılan məlumata görə, hansısa rayonda vəhşi kütlənin əlindən qaçıb sığınacaq axtarırlar. Şər və şantajla mərdi qovub namərd etmək, dini, din xadimini, Azərbaycan qızını rüsvay etmək kimə lazımdır? Əslində bunu aydınlaşdırmaq lazımdır. Hər şeyin qanun çərçivəsində araşdırılıb hüquqi qiymətini alacağını düşünürəm. Bilən də, bilməyən də tökülüşüb iki cavana deyir ki, gedin, özünüzü asın. Budur insanlıq, budur humanizm? Adam səhv də edə bilər. Amma onu bu səhvinə görə məhv edib, taleyini puç etməzlər ki. Ayıbdır sadəcə”.

Cavidan Mirzəzadə
Demokrat.az
Избранный
12
demokrat.az

1Источники