RU

"Təhsilimizdə kommersiya maraqları ön plana çıxıb" - Elşən Qafarov

Xəbər verdiyimiz kimi, “Global Olympiad Center” tərəfindən Dubayda təşkil olunan FISO beynəlxalq yarışmasının saxta olması ilə bağlı iddialar yayılıb. Bu barədə paylaşım edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, valideyn Vəfa Məmmədova özü və övladının yarışda iştirakı üçün həmin şirkətə 5 min manat ödəniş etdiyini deyib.  


Mövzu ilə bağlı Manset.az-a danışan təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, son zamanlar təhsil sistemində idarəetmə o qədər zəifləyib ki, nəticədə təhsili idarə edən şəxslər bu sahəyə bazar münasibətləri prizmasından yanaşmağa başlayıblar:

"Bütün istiqamətlər üzrə – layihələr, imtahanlar, təlimlər, ödənişli olimpiadalar kommersiya maraqları ön plana çıxıb. Elə sözügedən olimpiada da bu qəbildəndir".

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi 229 nömrəli qərarı mövcuddur:

"Həmin qərarda göstərilir ki, ölkə olaraq hansı beynəlxalq olimpiada və yarışları rəsmi şəkildə tanıyırıq. Amma bu siyahıya daxil olmayan, kommersiya məqsədli olimpiadalar da var ki, onlarla əməkdaşlıq edənlər Elm və Təhsil Nazirliyində müəyyən vəzifələrdə çalışan şəxslərdir. Belə şəxslər çox böyük miqdarda pul vəsaitləri əldə edirlər. 

Bu isə nəticə etibarilə valideynlərin aldadılmasına gətirib çıxarır. Onların pulları əlindən alınır. Təəssüf doğuran haldır ki, ölkənin təhsil siyasəti bu cür şəxsi maraqların kölgəsində qalır.

Valideynlər ilk növbədə övladlarını bu tip "beynəlxalq" olimpiadalara cəlb etməzdən əvvəl mütləq Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi 229 nömrəli qərarına baxmalı, həmin olimpiadanın rəsmi şəkildə tanınıb-tanınmadığını dəqiqləşdirməlidirlər". 


Seyranə Quliyeva


Избранный
13
manset.az

1Источники