RU

Gənc ailələrə valideynlərin müdaxiləsi düzgündür? PSİXOLOQ AÇIQLADI

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ailə tərbiyəsi görmüş bir ailədə yaranan hər hansı bir problem, adətən valideynlə əlaqələndirilmir. Əgər bu günə qədər mənim ayaqda durmağıma səbəb olan valideynlərim olublarsa, bu o deməkdir ki, onlar düzgün ailə tərbiyəsi veriblər. Bu səbəbdən də həmin ailədə baş verən probləmlərin səbəbini valideyndə axtarmaq doğru deyil". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, 18 yaşında olan gənclər ailə qurmağa meyilli olurlar. Bunu bütün gənclərə aid etməsək də, bir çox hallarda belə olur. Belə vəziyyətlərdə böyüklərin müdaxiləsi vacibdir. Çünki evləndikdən sonra ilk üç ay ərzində gənclər arasında problemlər yaranır və onlar boşanma qərarı almağa meyil göstərirlər: "Bu cür həssas məqamlarda valideynlər sakit və düzgün mövqe sərgiləməli, hər iki tərəfi – həm oğlanı, həm də qızı – sakitləşdirici və anlayışlı bir yanaşma ilə dinləməlidirlər. Əgər valideynlər “Mən sənə demişdim, bu yaşda evlənmək olmaz, qoy ayrılsınlar” kimi sözlər deyirlərsə, bu, yolverilməzdir. Heç bir valideyn övladının ailəsində problem yaşamasını və boşanma ilə üzləşməsini istəməz – xüsusilə də həmin ailədə körpə uşaqlar varsa. Bəzən ağıllı valideynlər çıxış yolu olaraq psixoloqa müraciət edirlər ki, bu da çox müsbət addımdır.

Qeyd etmək lazımdır ki, əvvəlki dövrün gəncləri ilə indiki nəsil arasında müəyyən fərqlər var. Keçmişdə gənclər valideynlərlə birlikdə yaşamağın həm maddi, həm də mənəvi cəhətdən faydalı olduğunu düşünürdülər. Amma bu gün bir çox gənclər həyatın yalnız onlara aid olduğunu düşünür və sərbəst yaşamaq istəyirlər. Bu cür düşüncə tərzi bəzən gənc ailələrdə gərginliklərə səbəb ola bilər.

Əgər bir gənc 24 yaşdan sonra ailə qurursa, bu artıq müəyyən mənada kamillik dövrünə düşür. Bu yaşda insanlar daha məntiqli və düşüncəli olur, valideynlərlə konfliktlərə girmirlər. Belə ailələrə kənar müdaxilə – istər dostlardan, istər qohumlardan, istərsə də qonşulardan – yolverilməzdir. Həmçinin valideynlərin hörmətini qorumaq hər bir gəncin borcudur.

Əsas məsələ gənclərin atdığı addımlar və onların məntiqi düşüncə qabiliyyətidir. Əgər onlar düşünülmüş qərarlar verirlərsə, heç bir müdaxiləyə ehtiyac qalmır. Bu baxımdan 24-29 yaş arasında ailə quranlara qarışmaq doğru deyil. Çünki bugünkü gənclər əvvəlki nəsildən çox fərqlənirlər. Bəzən görürsən ki, bir gənc 18 yaşında işə başlayır, 20 yaşında isə artıq ondan təcrübə tələb olunur. Halbuki təcrübə zamanla və işlədikcə formalaşır. İnsan ünsiyyət bacarığını inkişaf etdirdikcə, sabah sağlam bir ailə də qura bilir. Belə bir ailəyə isə müdaxilə etmək düzgün olmaz".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
sia.az

2Источники