“Rusiyanın Ukraynaya hərbi təcavüzü Yaxın Şərqdə güc nisbətinin dəyişəcəyini, onsuz da gərgin olan İran-İsrail münasibətlərinin hərbi müstəviyə keçəcəyini qaçılmaz edirdi. Bu, belə də oldu.Yaxın Şərqdə baş verənlərin, nəinki regiona, hətta bütün dünyaya, qlobal ticarətə, enerji təhlükəsizliyinə, yeni qaçqın axınlarına səbəb olacağı gözləniləndir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
O bildirib ki, dünya neft məhsullarının 30-35 faizinin dünya bazarlarına çıxış yolu olan “Hürmüz” boğazının bağlanması Çin və Avropa İttifaqı (Aİ) ölkələrində çox böyük təlatümlərin yaranmasına səbəb ola bilər:
“Savaşın böyüməsi və geridönməz xarakter alması bölgə ölkələrini, o cümlədən, Cənubi Qafqaz ölkələrini xaotik qaçqın ordusu ilə qarşı-qarşıya qoya bilər ki, bu da bölgəmizin yeni bir humanitar fəlakətə düçar olması deməkdir. 90 milyonluq İrannın xaosa, siyasi qarşıdurmalara tərk edilməsi bölgənin uzun sürəli fəlakəti deməkdir. Ona görə də nə Yaxın Şərq, nə də Cənubi Qafqaz ölkələri yeni bir savaşın yükünü qaldıra bilməzlər. İranın nüvə obyeklərinin ABŞ tərəfindən hava zərbələri ilə vurulması bölgədə yeni bir Çernobıl faciəsinin yaşanmasına səbəb ola bilər. Tərəflər vaxt itirmədən danışıqları bərpa etməli, problemləri diplomatik üsullarla həll etməyə səy göstərməlidirlər. Bu aspektdən qiymətləndirdikdə İran XİN-i Əraqçının bu gün Moskvaya səfəri və RF prezidenti V.Putinlə görüşü çox önəmlidir”.
F. Məhərrəmlinin sözlərinə görə, İranda dini rejimlə siyasi iqtidar arasında dərin ixtilafların mövcudluğu problemin həllini çətinləşdirən əsas faktorlardandır: “Tərəflər münasibətləri danışıqlar masasında deyil, savaş meydanında həll etməkdə qərarlı olduqlarını nümayiş etdirsələr, demək ki Yaxın Şərq içindən çıxılması mümkün olmayan bir bataqlığa girib”.
//Gülnarə Abasova, Editor.az