İsrailin Müdafiə Qüvvələri (IDF) hərbi hava qüvvələrinə məxsus “Hermes” tipli pilotsuz uçuş aparatının İranın qərbində, Xorramabad bölgəsində vurulduğunu təsdiqləyib.
Bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
IDF-in rəsmi açıqlamasında bildirilib:
“Əməliyyat zamanı Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı İran ərazisində vurulub. Hazırda hər hansı informasiya sızması və ya təhlükəsizlik riski yoxdur”.
Qeyd edək ki, hadisədən öncə İran mediası “Hermes” PUA-sının vurulma anına dair görüntüləri yayımlamışdı.
Xatırladaq ki, 13 iyun səhərində İsrail İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Zərbələr nəticəsində bir sıra yüksək rütbəli hərbi şəxslər, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının rəhbəri Qulaməli Rəşid və altı nüvə alimi həlak olub.
Həmin günün axşam saatlarında İran “Həqiqi Vəd III Əməliyyatı” ilə cavab verərək İsrailin müxtəlif şəhərlərini, o cümlədən Tel-Əvivi yüzlərlə ballistik raket və PUA ilə hədəfə alıb. Hücum nəticəsində mülki itkilər və ciddi dağıntılar qeydə alınıb.