RU

Azərbaycan Ordusu – dövlətçiliyimizin qüruru və güvənc yeridir

Azərbaycan xalqının dövlətçilik tarixində ordu quruculuğu ən mühüm və şərəfli səhifələrdən birini təşkil edir. Milli ordunun yaradılması, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında həlledici rol oynamışdır.

 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Cümhuriyyət hökuməti qısa ömür sürməsinə baxmayaraq, ordu quruculuğu sahəsində mühüm və tarixi əhəmiyyətə malik addımlar atmağa nail olmuşdur. Hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da ilk nizami hərbi hissənin əsası qoyuldu. Bu qərar milli silahlı qüvvələrin formalaşdırılması istiqamətində atılan ilk mühüm addım kimi tarixə düşdü.

 

Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Müstəqilliyin bərpasından sonra isə Azərbaycanın üzləşdiyi ciddi təhlükələr, o cümlədən Ermənistanın hərbi təcavüzü ordu quruculuğunu prioritet vəzifəyə çevirdi. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev, qısa müddətdə ölkədə sabitlik yaratdı və Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində sistemli islahatlara başladı. Peşəkar zabit heyətinin hazırlanması, hərbi hissələrin intizamının gücləndirilməsi, texniki və maddi təminatın yaxşılaşdırılması ordu quruculuğunun əsas istiqamətləri oldu.1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər demişdir: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”.

 

Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Son illərdə qəbul edilmiş qərarlar və ardıcıl şəkildə atılan inamlı addımlar nəticəsində Azərbaycan Ordusu müasir dövrün tələblərinə tam cavab verən, güclü hərbi quruma çevrildi. Dövlət başçısının ordu quruculuğunu milli prioritet elan etməsi, hərbi sahəyə ayrılan vəsaitlərin çoxalması, şəxsi heyət üçün yaradılmış sosial və texniki şərait, eləcə də ən müasir silah və texnikanın alınması Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxarmışdır.Bu inkişafın ən bariz sübutu isə 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədir. Azərbaycan Silahlı Qüvvələri bu savaşda xalqın birliyini, dövlətin gücünü və illərlə qurulmuş ordu sisteminin sarsılmazlığını nümayiş etdirdi. Bu gün müasir, nizami və yüksək döyüş qabiliyyətinə malik ordumuz yalnız ölkənin müdafiə qalası deyil, həm də dövlətçiliyimizin simvolu və qürur mənbəyidir.

 

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun hər bir əsgərini, zabitini, bütün şəxsi heyətini və veteranlarımızı ürəkdən təbrik edirik. Vətənə xidmət – hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bu gün qüdrətli və qələbə ruhlu Azərbaycan Ordusunun sıralarında xidmət etmək gənclər üçün fəxr mənbəyidir. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycan Ordusu sarsılmaz iradəyə, yüksək döyüş hazırlığına və vətənə sonsuz sədaqətə sahib olduğunu sübut etmişdir. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri fonunda, Ordumuz yeni dövrün çağırışlarına uyğun inkişaf edir və hər zaman dövlətimizin, xalqımızın keşiyində dayanır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri bu gün yalnız regionun deyil, bütün türk dünyasının fəxr etdiyi bir güc mərkəzinə çevrilmişdir. İstər texniki təminat, istərsə də peşəkar hazırlıq baxımından ordumuz müasir hərbi standartlara tam cavab verir. Ordumuzun qüdrəti Azərbaycanın suverenliyini və təhlükəsizliyini etibarlı şəkildə qorumağa imkan verir və gələcək nəsillərə daha güclü, sabit və firavan vətən miras qoymaq üçün zəmin yaradır. Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa, ordumuzun bütün heyətinə isə güc, ruh yüksəkliyi və uğurlar arzulayırıq.

Yaşasın Azərbaycan Ordusu!

Избранный
10
gundem.az

1Источники