RU

Böyrümüzdə ikinci Çernobl?..

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Putinin Rusiyası dünya üçün çox təhdiddir, yoxsa İran? Rusiya beynəlxalq haqqı-hüququ çox pozub, qonşularının ən adi haqlarını daha çox tapdayıb, yoxsa İran?.. 

Doğrusu, bu suallara cavab verməmişdən (əslində onların cavaba ehtiyacı da yoxdur, həm hamıya hər şey aydındır, həm də ki, ritorikdir onlar, cavab tələb olunmur) molla Nəsrəddindən lətifə düşür yadıma. 

Bəli, mollanın iki eşşəyindən biri qaçır. O da qaçan eşşəyi tapmaq-axtarmaq əvəzinə başlayır qaçmayanı döyməyə. Camaat deyir ki, ay molla, nə düşübsən bu yazıq heyvanın üstünə, axı o, qaçmayıb! Molla da deyir ki, bəs bunun imkanı, fürsəti olsaydı, ondan da betər qaçardı...

İndi qonşuluğumuzdakı iki dövlətə (belə müqayisə üçün üzr istəyirəm) qayıdıb deyə bilərik ki, onların hər ikisini bizim qədər tanıyan yoxdur, çox acılar çəkmişik bunların ucbatından. Birinin - Rusiyanın təhdidləri bu gün də davam edir. Digəri– İran formal olaraq iki yüz ildir bizə qarşı hansısa real təcavüz göstərə bilməyib, amma yalnız ona görə ki, bunun üçün real imkanı olmayıb onun. Belədəsə, Tehran nə qədər başımızı ağrıdıb! Ən gülməlisisə bilirsiniz, nədir? Bunlar daim "Mossad”ı Azərbaycanda axtarırdılar, amma sonuncunun sorağı Tehrandan gəldi...

O ki qaldı yazının lap əvvəlindəki suallara, bu məsələdə hakim olmalı olan prezident Trampın Tehranla Təl-Əviv arasında vasitəçilik etmək istəyən prezident Vladimir Putinə çox maraqlı cavabı oldu: bacarırsansa, mənə bir yaxşılıq et, gəl, Rusiyayla məşğul olaq...

İrana gəldikdə, son günlərə qədər Tramp tələsmirdi. Gah deyirdi ki, Tehrana vaxt verib, gah da ərz edirdi ki, o, bütün müharibələrə son vermək istəyir. Başqaları da Trampı "sülh göyərçini” statusunda heç də pis təsəvvür etmirdi. 

Bəli, bu adamın artıq "sülhpərvərlik siyahısı” var, bu siyahıda axırıncılardan biri də Hindistanla Pakistan hesab olunur, hansılar ki, məhz ABŞ prezidentinin səyləri nəticəsində hərbi gərginliyi artırmadılar, əksinə ona son verdilər. 

Hətta ötən həftənin son günlərində belə deyildi ki, guya Pakistan hökuməti Trampı Nobel sülh mükafatına təqdim edib. Hərçənd, ABŞ prezidenti özünün sülhpərvər fəaliyyətilə çox qürrələnsə də, Nobel alacağına inanmır. Deyir ki, bu mükafat daha çox amerikalı liberallara verilir. 

Bəli, Nobel alan son iki ABŞ prezidenti – Karter və Obama demokrat olublar, amma həmin mükafata layiq görülən sabiq dövlət katibi Henri Kissincer respublikaçı idi deyəsən axı...

Bütün hallarda, cənab Tramp tamam həvəsdən də düşmür, növbədə Rusiya - Ukrayna və İsrail - İran müharibələrinin qaldığına da işarə edir və hələ şanslarının tükənmədiyini qabardırdı.  

Deyəsən, Rusiya və Ukrayna müstəvisində onun istəkləri hələ alınmır. Amma hətta İran diplomatları da deyirdilər ki, ABŞ istəsə, bircə günün içində İsraili dayandırar. Fəqət belə təəssürat yaranırdı ki, ya Tramp bunu istəmir, ya da Tehranı mümkün qədər zəflətməyə çalışır ki, iranlı mollalar - diplomatlar Ağ Evin qarşısındakı çəmənlikdə növbəyə dayansınlar: hər halda, bir həftə bundan əvvəl D.Tramp deyirdi ki, İran qeyd-şərtsiz təslim olmalı və ABŞ-la İsrailin bütün şərtlərini qəbul etməlidir. Sonra da ya İrana vaxt verir, ya da ölkəsinin və özünün hələ məsələni götür-qoy etdiyini deyirdi, hətta tarix də, səhv etmirəmsə, "iki həftə” sözlərini də səsləndirirdi...

Amma səbri çatmadı deyəsən - ötən həftəsonu, bəli, şənbədən bazar gününə keçən gecə ABŞ-ın İranın nüvə obyektlərini bombalaması haqda xəbərlər yayıldı.

Dərhal da sual yarandı: bu, davamlı olacaq, yoxsa, ABŞ, necə deyərlər, Tehrana "diş göstərirdir”? 

Məsələ bundadır ki, İrana qarşı müharibəyə başlamaq təkcə hərb məsələsi deyildi. ABŞ demokratik ölkədir, burada müharibəyə qərar vermək elə də asan məsələ deyil, xüsusən də bunun üçün tutarlı əsaslar olmayanda. Amerikalıları nəyəsə inandırmaqçün tər tökmək lazım gəlir. 

Təsadüfi deyil ki, İranı bombalamaq ərəfəsində ABŞ-ın daxili siyasi düşərgəsində ciddi qarşıdurmalar yaşandı, hətta respublikaçılar arasında da bu məsələ ilə bağlı ciddi həmrəyliyin olmadığı bildirilirdi. İran bombalanan kimi Konqresin "deyinməyə” başladığı məlum oldu: onlar prezidentin Konqresdən icazə almadan başqa ölkəyə hücum etməsindən çox narazı qalıblar.

Üstəlik, narahatlıq üçün başqa əsaslar da var. Birincisi, İran ABŞ-ın son illərdə "dişinə vurduğu” ölkələrdən bəlkə də ən güclüsüdür: ərazisi çox böyükdür, xeyli əhalisi var və o, on illərlə rejim tərəfindən böyük təzyiq və problemlər yaşasa da, hələ ki inqilab etmək niyyətində deyil. İranın elə hərbisi də nəzərə alınmayacaq dərəcədə zəif deyildir. 

İkincisi, ABŞ iddia edir ki, Tehranın üç nüvə obyekti tamam sıradan çıxarılıb. 

Xəbər yayılan kimi obyektlərdən radioaktiv sızmalar haqda məlumatlar və yaxud da ehtimallar peyda oldu. Bu da region əhli arasında sual yaratdı ki, əcəba, Yaxın Şərqdə "Çernobl” yaranması təhlükəsi yoxdur ki? Daha yaxşı olmazdımı İranı ABŞ və İsrailin quru qüvvələri nəzarətə götürsün və onun nüvə obyektlərini də mütəxəssislər demontaj etsinlər?..

Qərəz, məsələnin müzakirəsi tamam-kamal tükənməyib, yəqin hələ xeyli dəqiqləşdirmələr, izahatlar olacaq. Hələliksə müxtəlif arqumentlər səslənir, hətta deyirlər ki, bombardmana qədər zənginləşdirilmiş uran guya obyektlərdən çıxarılıbmış...   

Bütün hallarda, çox riskli hərbi kampaniyadır. Əlbəttə, demirik ki, bu məsələdə tamam arxayınçılıq olmalı, ABŞ və ya İsrail İranın nüvə silahı çabalarının qarşısını almamalı idilər. 

Yox, Təl-Əvivi də yaxşı anlayırıq. Tehranın ruhani-siyasi elitası dəfələrlə deyib ki, onların ilk nüvə hədəfi məhz İsrail olacaq, yəni İranın hipotetik nüvə doktrinası heç də müdafiə xarakterli olmayacaq.   

Sözsüz, nüvə müharibəsi iranlı mollaların düşündüyü kimi də asan məsələ deyil. Amma ABŞ, İsrail bir tərəfə, regionun adi bir vətəndaşı kimi heç biz də qəti istəmirik ki, ən azı indiki İran rejimi nüvə silahına malik olsun, çünki bu, İranın ruhani - siyasi elitasının iddialarını bir az da artıracaq, regiondakı hərbi-güc balansını pozacaq. 

Gizlətmirik, hamımız regionun əsas güc faktoru kimi qardaş Türkiyənin qalmasında maraqlıyıq.

Hələliksə yalnız onu deyə bilərik ki, qonşu İran nə vaxt azad və demokratik bir ölkə olsa, oradakı otuz milyondan çox türkün haqqı tanınsa, ola bilsin, onda bizim də, yəni region əhlinin də İranın nüvə silahına malik olub-olmaması haqdakı fikirlərimiz dəyişmiş olsun. 

İndisə bir daha deyirik ki, hazırda İranın nüvə silahı əldə etməsi bütün regionçün çox böyük təhlükədən başqa şey vəd etmir.

Üstəlik, ABŞ da, Qərb də, hətta İsrail də daha çox İranla bağlı nüvə silahı konteksində danışırlar. Heç kim demir ki, indiki İran rejiminin qalacağı təqdirdə bu prosesdə uzağı yenə də müvəqqəti pauza yaranacaq, çünki mollakratiya heç bir halda ideologiyasından, regional siyasətindən, hətta nüvə avantürasından əl çəkməyəcək, ən yaxşı halda, buna fasilə verəcək. 

Bu vaxta qədər cəzalandırılan Şərq rejimləri çox olub. Səddam, Qəzzafi, daha nə bilim, Bəşər! Yox, demirik ki, bunların hamısının nüvə iddiaları vardı və yaxud da onlara qarşı səslənən bütün iddialar təsdiqini tapıbdır. 

Bəlkə elə qonşu İran da hazırda nüvə silahı əldə etməyə iddia olunan qədər də yaxın deyildi, ən azı ABŞ kəşfiyyatına yaxın olan çox mənbələr bunu təsdiqləmir. 

Amma bütün bu rejimlərin əsas suçu və yaxud təhlükəsi yalnız bundadırmı? Yox! Səddamın, Qəzzafinin, Bəşərin, elə İran rejiminin də əsas təqsiri budur ki, onlar on illərlə vətəndaşlarının ən ali haqqına - Tanrının insanlara bəxş etdiyi azadlığı qəsb etmişdi, on illərlə xalqlarına qarşı soyuq və hətta isti müharibə elan etmişdilər. 

Deyirlər ki, bəs İraqda heç nə alınmadı, Liviyada müsbət bir şey baş vermədi, Suriya da hələ qeyri-müəyyən bir vəziyyətdədir! Guya mollalar hakimiyyətdən getsə, İranda da belə olacaq. 

Bəli, doğrudur! Amma heç kim bir suala cavab vermək istəmir: niyə belə oldu? Ona görə belə olur ki, Səddam da, Qəzzafi də, Bəşər də, İran mollaları da illərlə vətəndaşlarını zülmətdə saxladılar, imkan vermədilər ki, insanlarda elementar demokratik vərdişlər yaransın.

Bu ölkələrdən bizə ən tanışı indiki İrandır. İnanın, onu türklərə, farslara, nə bilim, ərəblərə, bəluclara bölüb-ayırmrıq. 

Gizlətmirik: onlardan bizə ən yaxını cənublu türklərdir. Amma digər xalqlar da bizimkidir, əksəriyyəti müsəlman qardaşlarımızdı, onlar durub buradan Aya köçəsi deyillər ki... 

Qərəz, demək istədiyim nədir? İranın mədəniyyətindən, elmindən az da olsa, xəbərimiz var. Ona görə də daim özümüzə deyirik ki, axı bu xalqın insanları orta əsrlərin qaydaları ilə yaşamamalıdır, onlar şallaqlanmamalı, daşaqalaq edilməməlidir, çuçu olan müstəqil və azad, ədalətli məhkəmə qarşısına çıxmalıdır.  

Bir daha deyirik ki, bu xalq heç də geri xalq deyil. On-on beş gün əvvəl İran rejissoru, cənublu soydaşımız Cəfər Pənahi Kann kino festivalının qalibi oldu. Nə qədər sevindik buna! Neçə (o cümlədən qaynarinfo.az-da) saytda – türk, hətta rus dillərində (axar.ru, Почему наше искусство «буксует»?..) yazdıq bu haqda, çünki çox böyük mədəniyyət hadisəsidi, baxmayaraq, Pənahi buna qədər Venesiya və Berlin kino festivallarının da qalibi olmuşdu.

Ona görə də dəqiq bilmirik, İran rejimi nüvə silahı əldə etməyə nə qədər yaxındır? Bildiyimiz budur: rejim hamıdan əvvəl öz vətəndaşlarına zülm edib, onların haqqını tapdayıb. 

Bəlkə mənimlə razılaşmayanlar olacaq, amma düşünürəm, bir siyasi rejim, hakimiyyət üçün ən böyük suç, təqsir və günah öz vətəndaşlarının azadlığına qəsb etmək, demokratiya yolunda divar olmaqdır, çünki 21-ci əsrdə demokrat olmamaq nəinki cinayət, hətta ayıbdır: hamımız insanıq, özümüzünkü kimi başqlarının da haqlarını tanımalıyıq...

Elə bu səbəbdən də Yaxın Şərq "geosiyasi teatrının” (elə bütün mənalarda!) pərdəsi hələ endirilməyib, amma çətin ki, kimsə İranın ABŞ-İsrail dubleti qarşısında ciddi duruş gərirə biləcəyinə inansın. 

Üstəlik, digər geosiayasi aktorların – Rusiyanın, Çinin, daha nə bilim, kiminsə, durub İranın tərəfində Vaşinqtona və Təl-Əvivə qarşı vuruşmaq ehtimalı da elə inandırıcı görünmür. 

Düzdür, bir həftədən bir az artıq davam edən bu müharibədə Tehran ilk şokdan özünə gəlib Təl-Əvivə hissolunacaq bir müqavimət göstərməyə başlamışdı. 

Düşünürük, bunu ABŞ-da başa düşdülər və daha çox bu səbəbdən də Donald Tramp vədini pozmalı oldu. Amma bizə elə gəlir ki, bunun başqa bir səbəbi də var: Vaşinqton müharibənin öz senarisi ilə, bəli, Təl-Əvivin senarisi ilə yox, ABŞ-ın senarisilə bitməsini istəyir. 

Odur ki, baş nazir B.Netanyahunun guya bu müharibəinin nəinki regionu, hətta dünyanı dəyişdirəcəyi haqqındakı bəyanatlarını elə də ciddi qəbul etmək lazım deyil, çünki oyun davam edir: bəlkə irəlidə başqa nələrsə olacaq, amma belə bir söz var, deyir ki, bəlkəni əkiblər, amma bitməyib, çox ümüdli olmayın "bəlkə”lərə...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
qaynarinfo.az

2Источники