RU

Gələcəyin iqtisadiyyatına polad yol... Qars İğdır Naxçıvan xətti sadəcə iki ölkəni deyil, iki qitəni birləşdirəcək

ain.az, Bizimyol saytına istinadən bildirir.

İtaliyalı səyyah və diplomat Luici Villari 1906-cı ildə yazdığı “Qafqazda od və qılınc” əsərində qeyd edirdi ki, “Azərbaycan dəmiryolları bu həyəcanlı illərdə təkcə torpaq üzərində qıvrılan polad izlərdən ibarət deyildi. O, Bakının qara qızılını dünyaya çatdırmaqla yanaşı, uzandığı yol boyunca müşahidə edilən münaqişənin təsirlərini də daşıyırdı”. Villari burada həmin dövrlərdə baş verən sosial-iqtisadi gərginlikləri bu tərzdə qələmə almışdı.

Villari dəmiryollarının strateji əhəmiyyətə malik olduğunu aydın şəkildə görür, İrəvan-Culfa dəmiryolunun hərbi əhəmiyyətindən də söz açırdı. Villarinin fikrincə, Transqafqaz Dəmiryolu Bakı neft sənayesinin arteriya damarı, Rus imperiyası üçün də strateji alət idi. Buna baxmayaraq, Azərbaycan Dəmiryolları region üçün böyük əhəmiyyətə malik idi. Eyni zamanda Villari təcrid olunmuş şəhərlərin dəmiryolunun fəaliyyətindən sonra daha əlçatan olduğunu bildirirdi. Villari qeyd edirdi ki, təcrid olunmuş şəhərlər Qars, Gümrü və İrəvan şəhərləri idi.

Unutmadan xatırladım ki, ilk dəfə dünyada neft sisternlərinin daşınması üçün 1878-1879-cu illərdə yaranan və 1880-ci ildə rəsmi şəkildə açılan Balaxanı-Suraxanı-Sabunçu xətti olub. İllər keçdi, bu gün Azərbaycan dəmiryolları yüksək səviyyədə inkişaf edib. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 5,7 milyon ton yük, 2,979 milyon sərnişin daşınıb. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,3% azalma, sərnişin daşınmasında isə 16,1 faiz artım müşahidə olunub.

Bu gün isə.... 2020-ci il  44 gülnük müharibədə qazanılan qələbədən sonra bütün dünyanın gözü Qars-İğdır-Naxçıvan dəmiryolundadır. Bu xəttin böyük əhəmiyyəti var.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cümhuriyyət yarandıqdan sonra dəmir yollarına önəm verilsə də, bu siyasət 1950-ci ilə qədər davam edib.

Kərəm Qarabulud

“Türkiyədə dəmir yollarının yük daşımalarında təxminən 4 faiz, sərnişin daşımalarında isə 1,5 faiz payı var. Aİ ölkələrində dəmir yollarının yük daşımalarında payı təqribən 17,5 faiz, sərnişin daşımalarında isə payı 8,5 faiz civarındadır. Bu tariflər Türkiyədə dəmir yolu yük və sərnişin daşımalarının qeyri-kafi olduğunu göstərir. Həqiqətən də, Azərbaycan dəmiryol daşımalarına görə, müqayisədə daha çox inkişaf edib”-deyə Kərəm Qarabulud vurğulayıb.

Kərəm Qarabulud qeyd edib ki, mühüm dəmir yolu layihələrindən biri Qars-İğdır-Naxçıvan layihəsidir.

“Layihənin texniki-iqtisadi əsaslandırılması 1994-cü ildə aparılsa da, uzun müddət gündəmə gətirilmir. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra layihənin əhəmiyyəti yenidən vurğulanıb”-deyən professor hesab edir ki, layihə reallaşacağı təqdirdə, Türkiyə ilə Azərbaycan dəmiryolu vasitəsilə fasiləsiz əlaqədə olacaq: “Layihə təkcə iki ölkəni birləşdirməyəcək, həmçinin Avropa, Türkiyə, Qafqaz və Rusiya arasında sosial-iqtisadi əlaqələr inkişaf edəcək.

Kərəm Qarabulud bildirib ki, Türkiyənin Türk Dünyası ilə yeganə quru əlaqəsi Naxçıvan Muxtar Respublikası ilə qurulub: “Qars-İğdır-Naxçıvan dəmir yolu tikintisi başa çatdıqda, bu əlaqə güclənəcək. Layihə iki ölkənin maliyyəsi hesabına başa gəlir və hər iki ölkə üçün böyük strateji əhəmiyyətə malikdir. Bu layihə həyata keçirilərsə, qərbdən tərsinə köç də müşahidə edilə bilər.

Deyirlər ki, yol sivilizasiyadır. Dəmir İpək Yolunun daha bir qolunun tamamlanması ilə marşrut üzərindəki bütün ölkələrin elmi və mədəni əlaqələri daha da sürətlənəcək. Türkiyə ilə Azərbaycan arasında məhsul ticarəti və turizm fəaliyyətinin daşınma xərcləri təxminən üçdə iki nisbətində azalacaq. Beləliklə, Naxçıvan-Azərbaycanın əsas ərazisi ilə ərazisinin bir hissəsi olan Naxçıvan arasında dəhlizin açılması və Qarabağla bağlı turizm mobilliyi və ticarəti artacaq”.

Kərəm Qarabulud vurğulayıb ki, Qarabağ qələbəsindən sonra Ermənistanla bağlanmış razılaşmaya əsasən, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən dəhliz açılacaq.

“Qars-İğdır-Naxçıvan dəmir yolu xətti də bu dəhlizə birləşdirilərsə, Qars-Tbilisi-Bakı dəmir yolu xətti aktivləşəcək və Qars ilə Bakı arasında dəmir yolu ilə iki marşrut yaradılacaq. Eynilə, Azərbaycan Qars-Tbilisi-Bakı xətti ilə  gələn yükləri Qarsdakı Qars-İğdır-Naxçıvan xəttinə keçirərək Naxçıvana daşıya biləcək. Bu xətlərin birləşdirilməsi ilə Azərbaycan ilə Türkiyə arasında əlaqələr daha da möhkəmlənəcək. Naxçıvanla Bakı arasında yükdaşımaların qiyməti azalacaq və idarə olunması asanlaşacaq. Azərbaycanla Türkiyə arasında ticarət həcmi və iqtisadi əlaqələr daha da artacaq. Eyni zamanda, Qafqazdakı müxtəlif etnik azlıqları birləşdirən bu yollar sayəsində onların rifah səviyyəsi yüksələcək, təhlükəsizlik problemləri aradan qalxacaq. Dəmir yolu daşımaları hava və avtomobil nəqliyyatından daha ucuz olduğu üçün Türkiyə ilə Azərbaycan arasında yük daşımalarının həcmi və buna uyğun olaraq ticarət həcmi genişlənəcək. Xüsusilə, Bakıdan Naxçıvana və Naxçıvandan Bakıya böyük həcmdə yük axını var. Dəyəri daha aşağı olan və gec xarab olan məhsullarla Qars-Tbilisi-Bakı xətti ilə Qarsa, Qars-İğdır-Naxçıvan dəmir yolu ilə Naxçıvana çata biləcək. Eyni zamanda Türkiyə layihə sayəsində İrandan dəmir yolu ilə yük daşımaları həyata keçirə biləcək”-deyən professor hesab edir ki, Qars-Tbilisi-Bakı xəttinin səmərəli olması üçün önəmli amil Qars-İğdır-Naxçıvan dəmiryolu xəttidir.

Kərəm Qarabulud bildirib ki, Qars-Tbilisi-Bakı xəttinə alternativ yaratmaqla, Gürcüstan xəttində yarana biləcək hər hansı bir problem onun fəaliyyətinə mane olmayacaq.

“Bu layihə Qars-İğdır-Naxçıvan xətti ilə tamamlanacaq. Bu xətlər rəqib deyil, bir-birini tamamlayır. Türkiyədən Azərbaycana daşınma dəmir yolu ilə iki filialdan həyata keçirilir. Eyni zamanda Azərbaycan bu xəttdən istifadə etməklə Naxçıvana dəmir yolu ilə çata biləcək. Azərbaycanlı sərnişinlər ölkənin əsas hissəsindən Naxçıvana, oradan Türkiyəyə dəmir yolu ilə gedərkən, Anadolunun Şərq bölgəsinin insanları və sivilizasiyası ilə də tanış olacaqlar. Bu da iki ölkə arasında mədəni birliyini daha da möhkəmləndirəcək.

Layihə Naxçıvan üçün xüsusi əhəmiyyət kəsb edir. Xətt sayəsində Naxçıvanın Bakıya getmək üçün istifadə etdiyi avtomobil yolu əvəzinə sərnişinlər Naxçıvandan Bakıya dəmir yolu ilə getmək imkanı əldə edəcəklər. Bakıdan Naxçıvana daşınan yüklərin daha ucuz daşınması imkanı yaranacaq”-deyən professor hesab edir ki, ticarət və turizmin bir xətt üzərində cəmlənməsi gələcəkdə problemlər yaradacaq, bu səbəbdən alternativ dəmir yolu xətləri və marşrutların çəkilməsi xəttin davamlı inkişafına kömək edəcək.

Professorun fikrincə, Qars-İğdır-Naxçıvan xəttinin açılması ən az Qars-Tbilisi-Bakı xətti qədər əhəmiyyətli və faydalıdır.

“Eyni zamanda, yeni qurulan xəttin İranla ticarətə böyük təsiri olacaq. Bu xətt vasitəsilə İrana məhsul ixrac oluna bilər və İrandan məhsul idxalı asanlaşacaq. Xəttin Qars-Tbilisi-Bakı xətti ilə birləşdirilməsi ilə İran və Gürcüstan arasında da kommersiya canlanması baş verəcək. İrandan yüklənən yük maşınları Azərbaycan (Naxçıvan bıölgəsi) və Türkiyədən keçməklə Gürcüstana çatmaq şansı qazanacaq”-deyə Kərəm Qarabulud bildirib.

Kərəm Qarabulud hesab edir ki, Qars-Tbilis-Bakı xətti boyunca Gürcüstan torpaqlarında ermənilər məskunlaşıb və onların hər an problem yaratma ehtimalı olduğu üçün Qars-İğdır-Naxçıvan bütün problemlərin həllində alternativ olacaq.

“Qars-İğdır-Naxçıvan xəttinin açılması üçün Zəngəzur dəhlizi açılmalıdır. Bunun üçün strateji planlar hazırlanmalıdır. Əks halda, Rusiya və Ermənistan bu dəhlizin açılmasından Türkiyə və Azərbaycana qarşı müxtəlif yollarla istifadə etmək üçün strategiyalar hazırlaya biləcəklər”-deyə professor əlavə edib.

Müəllifdən: Görünən odur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi bütün regiona sabitlik gətirib. Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Türkiyəni quru yolla da birləşdirəcək. Eyni zamanda bu xətt Rusiya, Türk Cümhuriyyətləri, İran, Çin, Gürcüstan və Avropa ölkələri kimi bir çox dövlətləri əhatə edəcək. Hətta Ermənistan da bu layihədən yararlana bilər, əgər öz təcavüzkar mövqeyindən əl çəkərsə...

Əslində Qars-İğdır-Naxçıvan xəttini Bakı-Tiflis-Qars xəttinin alternativi hesab etmək olar ki, bununla da  İpək Yolunun əsas qolları tamamlanacaq.

Ən önəmli müsbət tərəf, tarix boyu iki qardaş kimi olmuş Azərbaycan və Türkiyənin quru yolla əlaqəsinin möhkəmlənməsi olacaq. Bu yol Türk dünyasının regionda coğrafi bütövlüyünü də təmin etmiş olacaq. Bütün türk dövlətləri ilə iqtisadi əlaqələr güclənəcək. Dəhliz Avropa və Asiya arasında ticarət əlaqələrinin inkişafı üçün önəmli bir körpü rolu oynayacaq. Eyni zamanda Naxçıvan Muxtar Respublikası blokadadan çıxmış olacaq. Naxçıvanın blokadadan çıxarılması Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır. Təsəvvür edin ki, Naxçıvan bu dəmiryolunun açılması ilə əsas beynəlxalq ticarət mərkəzinə çevrilə bilər.

Əslində hər iki ölkə - Azərbaycan və Türkiyə bu gün də həmrəy, həmfikir şəkildə Zəngəzur dəhlizinin açılması üçün çalışmalıdır. İkinci Qarabağ savaşında olduğu kimi indi də iki ölkə birlik nümayiş etdirməlidir. Azərbaycan və Türkiyə investisiyaların bu bölgəyə cəlb edilməsi üçün səy göstərməlidir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu imzalanıb.  Niyyət protokolunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Eyni zamanda ölkə prezidenti İlham Əliyevin 2022-ci il iyulun 22-də imzaladığı  “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda ölkənin tranzit-logistika imkanlarının artırılması məsələsi yer alıb ki, bu da Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsini əhatə edir. Türkiyənin İğdır bölgəsində iki podratçı şirkət artıq işlərə başlayıb. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 10 km-lik Horadiz-Füzuli-Ağbənd  dəmir yolunun tikintisinin təqribən 60 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb.

Layihə 223,9 kilometr uzunluğunda dəmiryolunu əhatə edir. Əslində layihə mürəkkəb görünə bilər. Son nəticədə Zəngəzur dəhlizinin açılması ilə Türk dünyası coğrafi olaraq bütünləşəcək. Bunu Türk dünyasının bütünləşməsinin əleyhinə olan dövlətlər birmənalı qəbul etməyə bilər. Ermənistan da narahatdır ki, Azərbaycan bu xəttdən hərbi məqsədlər üçün istifadə edə bilər. İran da Zəngəzur dəhlizinin açılmasında narahat tərəflərdən idi. Hətta  bu dəhlizi qırmızı cizgisi də adlandırmışdı...Amma son zamanlar İran da Azərbaycanla münasibətləri qaynar gərginlikdən çıxarmağa çalışır, Azərbaycanın regionda yaratdığı yeni reallıqları addım-addım qəbul etməyə çalışır kimi görünür. Layihənin geosiyasi tərəfləri də var ki,  bütün bu tərəflər danışıqlarla və razılaşmalarla həll edilə biləcək həddədir. Çünki istər Qərb ölkələri, istər Ermənistanın özü üçün də faydalı ola biləcək bu layihə, xəttin üzərindəki bütün ölkələrə iqtisadi və siyasi güc qazandıracaq.

Luigi Villari bu gün Qafqazdakı yeni reallıqları görsəydi “Qafqazda od və qılınc” əsərinə bu layihə ilə bağlı gözləntilərini mütləq qeyd edərdi və bu cümlələr həmin əsərdə yazılardı: “Zəngəzur dəhlizindən qıvrılaraq keçən dəmir yolu xətti, sadəcə, polad izlərdən ibarət deyil. Bu izlər bütün Türk dünyasını birləşdirir. Bu yol Azərbaycana, Türkiyəyə, Rusiyaya və Qərb ölkələrinə qazandırır. Qars-İğdır-Naxçıvan xətti təkcə Azərbaycanı dünya ilə qovuşdurmur, həm də keçdiyi ölkələrin regional əhəmiyyətini artırır”.

İradə Cəlil, Bizimyol.info

Bu yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
bizimyol.info

1Источники