RU

QS “şənlikləri” və acı reallıqlar

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İlham Əhmədov, dosent

20 ildə heç bir universiteti Boloniya prosesi tələblərinə cavab verə bilməyən, heç bir tədqiqat universiteti, innovativ universitet, sahibkar universiteti yarada bilməyən, ölkədə distant təhsili qadağan edən ETN-nin idarə etdiyi bir neçə universitetin QS reytinqində irəliləməsi çox maraqlıdır.

Bir neçə il əvvəl ETN-nin PİSA qaydalarını kobud şəkildə pozaraq, saxtakarlıq edərək Beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsində ciddi "irəliləməsi" və az sonra bunun üstünün açılması, ifşası məsələsi yadıma düşdü.

Doğurdan da son illər ETN ali təhsil sahəsində hansı fövqəladə addımlar atdı ki, QS reytinqlərində (hərçənd bu ciddi reytinq deyil) irəliləyiş oldu? Bəlkə tərsinə qurulmuş təhsili söküb, düzünə qurublar, ictimaiyyətin xəbəri olmayıb?

Bəs reallıqda ali təhsilimizin durumu necədir?

Bu gün ölkənin ali təhsil strategiyası yoxdur, bu adla təqdim edilənlər də sistemli deyil, elmə əsaslanmır, natamamdır.

20 il ərzində heç bir universiteti Bolonoya prosesi tələblərinə cavab verə bilməyən universitetlərin QS Reytinqində irəliləməsi çox "maraqlıdır".

Universitetlərdə elmin, elmi nəticələrin kommersiyalaşmasının, innovasiyaların, patent fəallığının ifrat aşağı səviyyəsi, 8 ildə bir tədqiqat universiteti belə yaranmayan təhsil mühitində hansı uğurdan söhbət gedir?

Universitetlərdə İllərcə ciddi tədqiqatlar aparılmayıb, nəticələr olmayıb, tədqiqatlara cəlb olunan insanların potensialı zəif olub.

Bu işlərə hələ də lazımi məbləğdə maliyyə ayrılmır, ayrılan maliyyə çox vaxt təyinatı üzrə xərclənmir, israfçılıq edilir. Əsas məsələlər qalır kənarda, əhəmiyyətsiz məsələlərə isə böyük məbləğlərdə pullar ayrılır...Niyə? Bu səriştəsizlikdir, yoxsa maliyyə intizamsızlğı?

"Hesablama Palatası"nın hesabatları, "Maliyyə monitorinqi Mərkəzi"nin yoxlamaları təhsildə mütəmadi olaraq maliyyə intizamsızlığı faktlarını üzə çıxardır. Son illər ali təhsildə real layihələr, inkişaf olmasa da, QS reytinq agentliyi bir neçə universitetimizi TOP 1500-ə daxil edib, ETN də bunu təm-təraqla reklam edir (bu işi bacarırlar).

QA reytinqinin meyarları universitetdə elm, təhsil və innovasiyaların inkişafına yox, rəy sorğusuna əsaslanır. Yəni QS reytinqdə yüksək pillə tutmaq hələ ölkənin inkişaf etmiş ali təhsil sisteminin olduğunu, onun rəqabət qabiliyyətliyinin beynəlxalq standartlar səviyyəsində olmasının göstəricisi deyil. QS reytinqdə fərqlənmək daha asandır, həm də tutduğumuz yerlər elə də yüksək deyil, sadəcə əvvəllər reytinq cədvəllərində sonlarda olardıq, indi isə bir az yuxarıdayıq.

QS reytinqi populyar və ciddi deyil, əsas reytinq cədvəli "Tayms" qəzetinin əlavəsi olan THE jurnalının hazırladığı reytinq cədvəlidir, bu reytinqdə isə son 20 ildə daim aşağılarda olmuşuq.

Keyfiyyətsiz təhsil verən universitetlərin az vaxtda reytinq qazanması real deyil.

Maraqlıdır, ETN son illər ali təhsilə dair hansı ciddi layihələr icra etdi, nə nəticələr aldı, universitetlərə inkişafyönlü hansı qrantlar verdi ki, indi də öz "fəaliyyəti" ilə sevinir?

Ölkədə ali təhsil problemlərinə dair heç bir elmi-tədqiqat mərkəzi yoxdur, beyin mərkəzi yoxdur. Ali təhsilə dair heç bir jurnal dərc edilmir, bu "toy-bayram" nəyin "nəticəsi"dir belə?

Baxın, ümumi durum bundan ibarətdir. Yəni proseslərə ciddi, elmi, sistemli yanaşma olmayanda, ölkədə təhsilin inkişafından danışmaq olmaz. O halda nədən danışmaq olar? Onda sadəcə iş görüntüsü, şou yaratmaqdan, müxtəlif bahalı otellərdə tədbirlər keçirmək, selfilər çəkdirmək, əhəmiyyətsiz məsələlər üzrə müsabiqələr elan etməkdən və s. danışmaq mümkündür. Belə əhəmiyyətsiz işlərdən birinə bariz nümunə olaraq bu günlərdə elm və təhsil nazirinin təhsilə dair foto və video müsabiqələrin keçirilməsi ilə bağlı əmr imzalaması oldu. Halbuki təhsilin illərlə öz həllini gözləyən yüzlərlə problemləri var. Heç onlardan danışan, onların həlli yollarını axtaran, onlara maliyyə ayırmaq istəyən yoxdur. Niyə?

"QS reytinqi" nədir?

Son 25 ildə ali təhsil sahəsində qlobal rəqabət artdığına görə, universitetlərin müqayisəsi, fəaliyyətlərinin kompleks qiymətləndirilməsi təlabatı yaranmışdır.

İlk dəfə universitetlərin reytinqi 2003-cü ildə "Tayms" qəzetinin əlavəsi olan THE jurnalı tərəfindən aparılmışdır. THE reytinqi daha peşəkar və elmi əsaslıdır.

THE reytinqi olanda, QS reytinqi ortalıqda yox idi. QS reytinq şirkəti 2005-ci ildə THE-dən ayrılan ekspertlər tərəfindən biznes məqsədi ilə yaradıldı. Elm və təhsil parametrlərinə diqqət etməyib, primitiv parametrlərlə qiymətlındirmə aparan bu reytinq qiymətləndirilməsinə nə ehtiyac vardı?

"QS reytinq"lənməsi böyük bir biznes layihəsidir

"QS reytinqi" şirkət olaraq bəzi MDB ölkələri, xüsusən RF universitetlərini "qabağa çəkmək"lə yaxşı biznes qura bilib. Bu yolla RF universitetləri özlərinin "rəqabət qabiliyyətliyini" ölkə rəhbərliyinə, ictimaiyyətə "sübut" etmək, ictimai qınaqdan yayınmaq istəyiblər.

Bu reytinq sorğu əsaslı, yəni subyektiv səsvermə ilə təyin edilir, təxminən EVROVİZİON" yarışmalarındakı səsvermə kimidir: "Kimə istəyirəm, ona da səs verirım!"

QS Reytinqlərinin obyektivliyi böyük şübhə altındadır. Bir neçə ölkədə belə saxtakarlıq faktları artıq müəyyən edilib, hay-küy olub.

THE reytinqi akademik cəmiyyət tərəfindən daha sanballı və obyektiv hesab olunur, çünki metodologiyası daha balanslıdır və sitat gətirilmə, sənaye gəliri, tədqiqat nüfuzu kimi daha sərt meyarlara əsaslanır.

QS daha çox marketinq və brend tanıdılması üçün uyğundur, elm, təhsil və innovasiyalar sahəsində uğurlara əhəmiyyət vermir, amma universiteti də universitet edən elə bu amillərdir. QS əhəmiyyətsiz amillərə önəm verir. QS əsasın tələbələr arasında populyardır.

QS reytinqinin beynəlxalq reputasiyası necədir?

Müxtəlif ölkələrdə getdikcə daha çox ekspertlər belə sualı verirlər: QS reytinqinin dürüstlüyünə inam varmı?

Bu məsələ akademik dairələrdə və mətbuatda açıq müzakirə olunur.

Bu məsələdə real vəziyyətə və inkişaf etmək istəyən universitetlərə yaranan risklərə baxaq.

Niyə QS reytinqində MDB universitetləri asanlıqla irəliləyir?

1. QS-in metodologiyası elm və təhsilin keyfiyyətinə məhəl qoymur. Bu sistem daha çevikdir, universitetlər sadə addımlarla qısa zamanda nəticə göstərə bilirlər.

2. QS sorğuya əsaslanır: reputasiya sorğusu (akademik və işəgötürənlər arasında), bunun nəticəsi isə tam subyektivdir.

3. Diaqnostik və məsləhətçilik xidmətləri — QS, pullu konsultasiya paketləri təqdim edir və universitetlər bu xidmətlərdən istifadə edərək öz göstəricilərini “tənzimləyə” bilirlər.

4. Müəyyən elastiklik imkanı — QS-in bəzi indikatorları (məsələn, beynəlxalq tələbə faizi, beynəlxalq əməkdaşlıq) nəticəni qısa müddətə dəyişməyə imkan verir.

Niyə THE reytinqində irəliləyiş daha çətindir?

THE metodologiyası daha sərtdir və əsasən obyektiv məlumatlara (Scopus əsasında, maliyyə və elmi fəaliyyət) əsaslanır.

THE-də nəşrlərin və sitatların keyfiyyəti əsas rol oynayır — bunu qısa müddətdə “yaratmaq” mümkün deyil.

THE-də tətbiqi və sənaye tədqiqatının payı və real maliyyələşmə göstəriciləri daha vacibdir.

Sual və reputasiya effekti daha aşağı çəkidədir — bu isə “özümüz üçün reputasiya yaradaq” strategiyasını çətinləşdirir.

QS reytinqində saxtakarlıq və qanunsuzluq halları mümkündürmü?

Bəli, müəyyən hallarda bu mümkündür və artıq bəzi ölkələrdə bu ifşa olunmuşdur:

Reputasiya sorğularına sistemli təsir göstərilməsi — universitetlər "beynəlxalq ekspertlərin" siyahılarına təsir edərək öz xeyirlərinə sorğu nəticələrini dəyişə bilirlər;

- “satın alınan” beynəlxalq əməkdaşlıqlar — bəzi müqavilələr formal xarakter daşıyır və real akademik məzmunu yoxdur;

- Beynəlxalq müəllimlərin fiktiv qeydiyyatı — qısa müddətlik müqavilələrlə statistik göstəricini şişirtmək;

- Xarici tələbə göstəriciləri manipulyasiyası, müəyyən proqramlar (məsələn, sertifikat proqramları) tam tələbə kimi təqdim edilir;

- Konsaltinq şirkətlərinin köməyi ilə göstəricilərin “optimallaşdırılması”, bu bəzən manipulyasiya ilə nəticələnir.

Məsələn, 2023-cü ildə Rusiya mətbuatında bəzi universitetlərin saxta beynəlxalq əməkdaşlıq müqavilələri barədə yazılmışdı. Hətta QS özü də bəzi hallarda bu cür pozuntuların qarşısını almağa çalışır.

QS reytinqinə inam varmı: risklər nədir?

1. Bu reytinq ilk baxışda inkişaf effekti yaradır, lakin bu, real, elmi və akademik irəliləyiş deyil;

2. Saxta nəticə müəyyən mərhələdə reytinq agentlikləri tərəfindən aşkar edilir və nəticədə reytinqdən çıxarılmaq və ya endirilmək riski yaranır;

3. Universitetin akademik dünyada reputasiyası zərər görə bilər;

4. Beynəlxalq tərəfdaşların etibarı itirilə bilər.

Universitetlər nə etməlidır?

Real inkişaf etmək, saxtakarlıqdan uzaq olmaq istəyən universitet və təhsil menecerləri bunları nəzərə almalıdır:

1. Universitetlər üçün əsas prioritet real inkişaf olmalıdır — fundamental elmi göstəricilər (nəşr, sitat, qrant), real beynəlxalq əməkdaşlıq və tələbə keyfiyyəti v.s.;

2. Universitetlər reytinq üçün “təmtəraqlı” PR yox, dayanıqlı nəticələr əldə etməlidir ;

3. Universitet rəhbərləri və dövlət strukturları saxtakarlıq risklərinə qarşı daxili nəzarət sistemləri qurmalıdırlar;

4. QS, THE və digər reytinq təşkilatları ilə müntəzəm açıq və şəffaf dialoq aparılmalıdır.

Bütün bu amillər göstərir ki, saxta yollarla PR qazanmaqla, ictimaiyyəti çaşdırmaqla inkişaf mümkün deyil. Bu işlərə sərf edilən resurslar inkişafa yönəldilsəydi az da olsa, real inkişaf olardı. Kimi aldadırıq, özümüzü? (Paralel.az )

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
azpolitika.info

1Источники