RU

5 ildir bağlı qalan quru sərhədlərimiz - Nə itirdik, nələr QAZANDIQ?

5 ildən artıqdır ki, Azərbaycanın quru sərhədləri bağlıdır. COVİD19-a görə bağlanan sərhədlərimiz pandemiya səngiyəndən sonra da açılmadı. Təbii ki, bu da zaman-zaman müəyyən suallar doğururdu.

Bu sualın ən dəqiq və açıq cavabını isə Azərbaycan Prezidenti İlham Əliyev verdi. İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirdi.

2024-cü ilin 23 aprelində ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zaman Azərbaycan lideri bəyan etdi ki, quru sərhədlərin hələ ki, bağlı qalacaq:

“Sərhədləri bağlı saxlamaq qərarı COVİD-ə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır."

Sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün "əlverişsiz" olsada, "milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır".

Beləcə, Ölkə Başçısı açıq şəkildə bütün suallara aydınlıq gətirdi. Məlum oldu ki, quru sərhədlərin bağlı olması sırf milli təhlükəsizlik məsələsidir.

Azərbaycanı hansı təhdidlər gözləyir?

Nəzərə alaq ki, Azərbaycan unikal coğrafi mövqeyə malikdir. Avrasiyanın bütün nəqliyyat dəhlizləri bu və digər şəkildə Azərbaycan üzərindən keçir. Ona görə də materikdə baş verən istənilən siyasi, hərbi proses ölkəmizə təsirsiz ötüşmür.

Qeyd edək ki, dünyanın tanınmış simaları, o cümlədən amerikalı milyarder Bill Qeyts pandemiyanın ilk aylarından bəyan etdilər ki, COVİD19 dünyanın geosiyasi mənzərəsini dəyişəcək.

Hadisələrin sonrakı inkişafı verilmiş proqnozları təsdiqlədi. Etiraf edək ki, pandemiyadan sonra dünyada çox gözlənilməz hadislər baş verdi. Ən diqqətçəkən məqamsa o idi ki, Qərb Azərbaycanın Şimal və Cənub qonşularının üzərinə daha çox gəlməyə başladı. Nəzərə alaq ki, bu iki ölkədə 250 milyon insan yaşayır. Bu ölkələrin hər hansı birində baş verə biləcək qanlı toqquşma milyonlarla insanın ölkəmizə axınına səbəb ola bilərdi.

Və ehtimallar özünü doğrultdu...

2022-ci ilin fevralından başlayan Ukrayna-Rusiya müharibəsi milyonlarla insanın qonşu dövlətlərə axınına səbəb oldu. Bu axın Türkiyə, Gürcüstan və digər dövlətlərin sosial-iqtisadi həyatına böyük təsir göstərdi. Həm Türkiyədə, həm də Gürcüstanda torpaq, mənzil və digər daşınmaz əmlakın qiyməti katostrafik səviyyədə bahalaşdı. Bu azmış kimi yaxın dövlətlərdəki kriminal və agent şəbəkələri qonşu dövlətlərə axın etdi. Gürcüstan artıq 3 ildir ki, bu problemlə mübarizə aparır.

İran daha çox təhlükə mənbəyidir.

Nəzərə alaq ki, İran heç də balaca ölkə deyil. Ən əsası bu ölkənin əhalisinin yarısı azərbaycanlılardır. İranın böyük hücuma, işğala məruz qalacağı halda bu ölkədən yüz minlərlə insan, xüsusilə də Fars körfəzinə yaxın ərazilərdə yaşayan Qaşqay türkləri məhz Azərbaycana sığınmaq üçün sərhəd qapılarımıza gələ bilər. Bu isə ölkəmizdə dərin sosial-iqtisadi böhran yaradar.

Xatırladaq ki, 2006-2007-ci illərdə yayılan müharibə söhbətləri ölkəmizin sosial-iqtisadi həyatına böyük zərbə vurdu. O zaman tərəflər bir-birini təhdidlə yanaşı həm də təhqir edirdilər. Həmin dövrdə ABŞ prezidenti Corc Buş İranı “şər ölkə”, İranın o vaxtkı prezidenti Mahmud Əhmədinejat isə ABŞ-ı “böyük şeytan”  adlandırırdı. Çox zaman bu tip çıxışlar təhqirə qədər gedib çıxırdı.

Bu cür ittihamlar sonda bölgədə ciddi qorxu və vahimə yaratdı. Hər kəs elə zənn edirdi ki, İranın yerləbir edilməsi an məsələsidir. Təbii ki, siyasi alverdən və çirkin oyunlardan xəbərsiz olan milyonlarla İran vətəndaşı o zaman digər qonşu dövlətlə yanaşı Azərbaycana da üz tutdular. Məhz 2006-2007-ci illərdə onminlərlə İran vətəndaşı ölkəmizə gəldi.

Amma İranda müharibə olmadı. Əvəzində isə neft gəlirlərinin ən yüksək olduğu bir dönəmdə Azərbaycanda süni infilyasiya yaradıldı. Cənublu soydaşlarımızın axını nəticəsində ölkəmizdə qiymətlər kəskin artdı. Xüsusilə də daşınmaz əmlak bazarında böyük qiymət sıçrayışı oldu.

2006-cı ilin əvvəllərində 25-30 min manata təklif olunan evlər 2006-cı ilin sonlarında 80-90 min manata qədər yüksəldi. Beləcə neftdən gələn gəlirlər süni şəkildə dəyərsizləşdirildi.

Anoloji vəziyyət Türkiyədə də təkrarlandı...

AKP-nin hakimiyyətə gəlişindən sonra ölkə iqtisadiyyatında bir durulma, sabitlik yaranmışdı. 90-cı illərdə türkiyəli sərmayəçilərin keçmiş sovetlər ölkələrində yatırdıqları investisiyalardan 2000-ci ilin əvvəllərində Türkiyəyə çox böyük dividentlər axmağa başladı. Lirə günbəgün dəyər qazanırdı. Amma İranın ətrafında qurulan məkrli plan Türkiyə iqtisadiyyatına ağır zərbə oldu. İran-ABŞ- İsrail oyunundan o zaman ən çox ziyan görənsə təbii ki, İraq və Əfqanıstan oldu.

Unutmayaq ki, bir sıra dövlətlər 44 günlük müharibənin nəticələri ilə hələ də barışmaq istəmir. Həmin qüvvələr fürsət axtarır ki, ölkəmizin içərilərinə öz agentura şəbəkələrini yerləşdirsin.

Təsəvvür edin ki, Azərbaycanın quru sərhədləri açılsa, kütləvi şəkildə ölkəmizə keçən pozucu qüvvələr burada “5-ci kolon”un mənsubları ilə birləşərək ictimai sabitliyi poza bilər. Və hesab olunur ki, bu təhlükə hələ keçməyib. Üstəlik, sərhədlərin bağlı olması narkotik tranzitini də minimuma endirir.

Sonda Azərbaycan liderinin daha bir müdrik kəlamını xatırlatmaq istəyirik:

“Biz nəyi və nə zaman etməyi çox yaxşı bilirik”.

Son 5 ildə sərhədlərimizin bağlı olması hesabına 5-10 milyon manat itirsək də, ölkəmizdə ictimai və sosial-iqtisadi sabitliyi qazanmışıq.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
20
bizim.media

1Источники