RU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Əgər siz də nəyisə sonrakı vaxta buraxırsınızsa, deməli, təxirəsalmaq vərdişi sizin də probleminizdir. “Sabah edərəm, bu gün canım istəmir”, “indi uzanım, sabah tezdən durub işləyərəm”, “5 dəqiqə də yatım, sonra qalxaram”, deyib bir çox işimizi tez-tez təxirə salırıq. 
Təxirəsalmaq qısa müddət üçün xoş gələ bilər, lakin uzunmüddətli nəticədə özünüzə zərər verirsiniz. Davamlı olaraq işləri təxirə salmaq həm stres səviyyəsini artırır, həm də son anda görülən işlər keyfiyyətsiz olur.

Bu səbəbdən təxirəsalmaq vərdişindən qurtulmaq çox vacibdir. 

Valyuta.az sizə bu zərərli vərdişdən necə qurtula biləcəyinizi izah edəcək:

Məqsəd müəyyən edin

Daim özünüzə məqsədlər qoyur və bu məqsədləri yoxlayırsınızmı? Əgər yoxdursa, deməli təxirəsalmaq sizin üçün artıq bir vərdişə çevrilib.

Çox zaman insanlar nə edəcəklərini bilmədikləri üçün işləri təxirə salırlar. Konkret bir məqsəd təyin etdikdə həm maraq və motivasiya yaranır, həm də ediləcək konkret vəzifələr aydın olur.
Yəni məqsədləri idarəolunan addımlara bölmək, nəyi nə vaxt edəcəyinizi bilməyinizə kömək edir. Bu üsul sizi təxirəsalmaqdan xilas edə bilər.

Ehtimal olunan qazancı düşünün

Əgər bu vərdişdən qurtulsaydınız, həyatınız necə olardı? Bu sual sizi daxili motivasiya ilə gücləndirə bilər.

Təxirəsalmaq sizin karyeranıza hansı mənfi təsirləri göstərir? Bu vərdiş olmasaydı hansı uğurları əldə edərdiniz?

Məsələn, son dəqiqəyə saxladığınız bir layihə səbəbindən həm rəhbərdən tənqid alırsınız, həm də bütün həftəniz pis keçir.

Amma əgər həmin layihəni vaxtında etsəydiniz, təqdir ediləcək, bəlkə də irəli çəkiləcəkdiniz…

Rutin yaradın

Müəyyən vərdişlərə, yəni gündəlik rejimə sahib olmamaq da insanı tənbəl edir. Əgər həyatınızda nizamlı bir gündəlik rejim varsa, daha disiplinli olursunuz və təxirəsalmaqdan uzaqlaşırsınız.

Məsələn, uğurlu insanlar adətən səhər tezdən oyanırlar. Günü 5:00 – 7:00 aralığında məhsuldar keçirənlər, adətən başqalarına nisbətən günə 1-0, bəzən 5-0 öndə başlayırlar.
Belə bir rutin sizə sabitlik və struktur verir. Hər gün buna tam əməl etmək şərt deyil, amma erkən qalxmaq, səhər idmanı, 5 km qaçış kimi vərdişlər sizi daha məqsədli və ayıq edər. Bu isə təxirəsalmaqdan xilas olmaq üçün əla başlanğıcdır.

Ən çətin işlərdən başlayın

Məşhur bir ifadə var: “səhər ilk işin diri bir qurbağa yemək olsun”. Yəni günə ən çətin və iyrənc işlə başlasan, daha pis heç nə baş verməz.

Günün ən çətin və yorucu işlərini ilk olaraq həll edin. Çünki digər işlər onlarla müqayisədə daha asan görünəcək.

Səhərlər həm fiziki, həm zehni baxımdan insan daha enerjili olur. Eyni zamanda diqqəti dağıdan şeylər daha az olur. Bu da çətin işlərə fokuslanmağınıza kömək edir.

Məsələn, uzun müddətdir təxirəsalınmış bir layihəniz varsa, hər səhər ona yarım saat vaxt ayırın. Bir neçə həftə sonra böyük irəliləyiş əldə etdiyinizi və təxirəsalmağın nə qədər mənasız olduğunu görəcəksiniz.

Özünüzü mükafatlandırın

Motivasiya üçün ən güclü vasitələrdən biri də mükafatlandırma sistemidir.
Deyək ki, bir iş var və siz onu daim təxirə salırsınız. Bu iş üçün özünüzə konkret bir son tarix və mükafat təyin edin. Məsələn, cümə günü axşam saat 7-yə qədər bu sənədi tamamlasaq, özümə gözəl bir yemək ziyafəti verəcəyəm.

Bu tip mükafatlandırma beyninizdə belə bir mesaj yaradır: Ertelemədiyim zaman gözəl şeylər baş verir. Bu isə istər-istəməz sizi daha məhsuldar və motivasiyalı edəcək.

Diqqətinizi dağıdan amilləri müəyyən edin

Sosial media başda olmaqla hər kəsin diqqətini dağıdan müəyyən faktorlar var. Bu, zarafatlar, siyasi söhbətlər və s. ola bilər.

Əgər gününüzün çoxunu sosial mediada keçirirsinizsə, "StayFocused" kimi brauzer əlavələri ilə səhər 10-dan axşam 5-ə qədər sosial media saytlarını bloklaya bilərsiniz.

Əgər iş və ya dərs yoldaşlarınızın səsi sizi narahat edirsə, bir cüt qulaqcıq taxmaq kifayət edər. Çünki qulaqcıq taxan insanlara ümumiyyətlə daha az müdaxilə olunur.

Bundan əlavə, gününüzü necə keçirdiyinizi izləyin. Təxirəsalma vərdişi ilə gün ərzində neçə saatınızı itirdiyinizi görmək üçün etdiyiniz hər şeyi qeydə alın. Sosial media, yol, duş, lift gözləməkdə daxil.

Bu sizə boşa keçən zamanları görmək və onları ləğv etmək imkanı verəcək.

Faydalı tətbiqlərdən istifadə edin
Zaman idarəetməsi üçün bir çox faydalı mobil tətbiqlər mövcuddur.

“To-do list” (görüləcək işlər siyahısı) tipli tətbiqlər sizə günlük planlama, prioritet təyin etmə və fokuslanmaq üçün kömək edir.

Yəni ağıllı telefonu doğru istifadə etdikdə, həyat keyfiyyətiniz artar.

Qısayollar tapın

Bill Qeyts deyir ki, “mən tənbəl insanları işə götürürəm, çünki onlar işi qısa yolla həll etməyi bacarır”.

Tənbəlliyi idealizə etmək olmaz, lakin ağıllı və funksional qısayollar tapmaq bacarığına çevrilərsə, məhsuldarlığa böyük təsiri olar.

Məsələn, "Excel" sənədlərində məlumatları əllə deyil, avtomatik köçürən bir düstur tapmaqla 5 saatlıq işi 1 saata tamamlaya bilərsiniz.

Təbii ki, işin keyfiyyətindən güzəştə getməmək şərtilə bunu etməlisiniz.

Uğuru təsəvvür edin

Nə vaxtsa bir işin sonunu xəyal etdinizmi?

Məsələn, yazmağa tənbəllik etdiyiniz ssenarinin film festivalında mükafat qazandığını təsəvvür edin... Nə gözəl duyğudur, deyilmi?

Bu baxımdan daim təxirə saldığınız işləri bitirdikdən sonra yaşanacaq rahatlığı və uğuru xəyal etmək sizə güclü motivasiya verə bilər.

Həyat tərzinizi gözdən keçirin

Motivasiya və iş rejimi üçün yaşayış tərzinizə də diqqət etməlisiniz. Qidalanma, idman, yuxu rejimi kimi amillər burada önəm daşıyır.

Pis qidalanma, sıfır fiziki fəaliyyət, nizamsız yuxu - bunlar hamısı təxirəsalmaya şərait yaradır.
Bunun əvəzində, fast-fooddan uzaq durun, daha sağlam (meyvə, tərəvəz, balıq) qidalanın, hər gün ən az 30 dəqiqə gəzin, gündəlik 7-8 saat yatın.

Bu sadə dəyişikliklər belə sizə daha çox enerji, daha az tənbəllik verəcək.

İşi kiçik hissələrə ayırın

Böyük və çətin görünən işləri parçalara bölmək ən təsirli strategiyalardandır.
Məsələn, 8 gün sonra təhvil verməli olduğunuz 15 səhifəlik bir layihəniz var. Onu hissələrə bölün:

– araşdırma,

– giriş,

– əsas hissə,

– nəticə,

– redaktə və imla

Bu şəkildə hər gün bir hissəni edərək vaxtında və rahat şəkildə layihəni tamamlayarsınız.
Bu metod “fil strategiyası” adlanır, yəni “fil kimi böyük işi, bir dişləm bir dişləm yeyərək” bitirmək.

Günay

Избранный
12
valyuta.az

1Источники