RU

Yayda qida zəhərlənməsi təhlükəsi artır: Uşaqlar xüsusilə risk altındadır

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Soyuq saxlanmayan yeməklər mikrobların cənginə düşür, qorunmaq lazımdır

Gəncə şəhərində qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Zəhərlənən şəxslər – 1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov – dərhal xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və hazırda hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İlkin ehtimallara əsasən, zəhərlənməyə qəbul edilən qida məhsulları səbəb olub. 

Hadisə ilə bağlı ictimaiyyəti narahat edən suallara aydınlıq gətirmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər aidiyyəti qurumlar tərəfindən araşdırmalara start verilib. AQTA-nın yaydığı rəsmi açıqlamada bildirilib ki, mütəxəssislər hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə ərazidən müvafiq nümunələr götürərək laborator analizlərə cəlb ediblər. 

Qeyd edək ki, yay aylarında temperaturun artması ilə qida zəhərlənmələrinin sayı da yüksəlir. Mütəxəssislər əhaliyə qidalanmada xüsusilə diqqətli olmağı tövsiyə edir. İsti havada ərzaqların tez xarab olması, birbaşa günəş şüalarının altında saxlanılan qidaların tərkibində baş verən dəyişikliklər zəhərlənməyə əsas yaradır. Kütləvi mərasimlər isə bu mənada bir qədər də təhlükəlidir. Qidaların, yeməklərin böyük həcmdə hazırlanması, axşam bişirilmiş yeməyin günorta yeyilməsi zəhərlənmə üçün şərait yaradır.

Rusiyalı mütəxəssis Yelena Spetsenko Lenta.ru-ya müsahibəsində isti havalarda sağlamlıq üçün ən təhlükəli qida məhsullarını sadalayıb. Onun sözlərinə görə, yüksək temperatur bakteriyaların çoxalması üçün ideal şərait yaradır və bəzi məhsullar xüsusilə təhlükəli hala gəlir:

 “Tərkibində zülal olan və tez xarab olan məhsullar ilk növbədə risk altındadır. “İsti havada mal və quş əti daha təhlükəlidir, xüsusilə də düzgün şəkildə saxlanmayıblarsa. Bir neçə saat günəş altında qalan bişmiş kabab salmonella və ya bağırsaq çöpü (E. coli bakteriyaları) mənbəyinə çevrilə bilər. Eyni şey hazır ət məhsullarına - kolbasa, paştet, kotletlərə də aiddir. İstidə süd məhsulları da eyni şəkildə təhlükəlidir. Kəsmik, xama, qatıq və yumşaq pendirlər patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaradır. Hətta istifadə müddəti hələ başa çatmamış olsa belə, düzgün saxlanmadıqda, bu məhsullar ciddi həzm pozğunluqlarına səbəb ola bilər. Qaymaq əsaslı desertlər xüsusilə təhlükəlidir. Onlar demək olar ki, hiss edilmədən xarab olur. Lakin onlardan istifadə çox ciddi nəticələrə gətirib çıxara bilər”.

Bundan əlavə, ekspert bildirib ki, balıq və dəniz məhsulları da risk altındadır. Onlar isti havada tez xarab olurlar, buna görə də hətta kiçik xoşagəlməz qoxu belə, parçalanma proseslərinin başlandığını göstərə bilər.

Pediatr Aytən İsmayılzadə də “Sherg.az”a açıqlamasında deyib ki, isti mühitdə mikroblar üçün əlverişli şərait olur. Hələ bu istidə bir də qidalı mühit varsa.

Həkimin sözlərinə görə, yay aylarında zülallı qidalar ilə xüsusilə ehtiyatlı olmaq lazımdır: “Bunlar da yumurta, süd məhsulları və ətdir. Bu gün bişirilmiş yeməyin də bir neçə saat istidə qalmağı kifayət edir ki, orada mikroblar inkişaf etsin. Mikroblar çoxaldıqca toksin-zəhər  buraxır. Qida zəhərlənməsinin səbəbi də bu toksinlər olur. Toksinli yeməyi soyuducuya qoysaq da, dondurucuya da qoysaq, artıq o, təhlükəli sayılır. Biz yeməyin görünüşündə, dadında nəsə bir dəyişiklik hiss etməsək də, bu mümkündür. Toksin təsirindən insanda baş ağrısı, ürəkbulanma, mədədə və qarında ağrı, ishal, soyuq tərləmə hətta hərarətin qalxması da ola bilər.

Dondurma alarkən də diqqət etmək lazımdır ki, forması deformasiyaya uğramış olmasın. Bu o deməkdir ki, o, bir dəfə əriyib və yenidən donub. Lakin bunu qabda olan, ya da sıx qablaşmış dondurma haqda demək çətin olacaq. Ona görə ən azından dondurma, kəsmik, yoqurt və s. kimi zülallı, yağlı məhsulları gecələr soyuducunu elektrikdən ayırmaq məcburiyyətində qalan kiçik mağazalardan almayın”.

A. İsmayılzadənin sözlərinə görə, qida zəhərlənməsi kəskin vəziyyətdir və dərhal həkimə müraciət etmək lazımdır. Bunun üçün ən yaxşı həkim axtarmaq lazım deyil, ən yaxındakı xəstəxana və ya təcili yardıma müraciət etmək ən uyğunudur: 

“Ev şəraitində bu hala şübhə olarsa, bol maye tez-tez vermək lazımdır. Təkrar edən qusmalar olsa da. Çünki burada maye qəbulu bədəndəki toksinin miqdarını durulaşdırır. Smekta, aktiv kömür kimi adsorbentlər verə bilərsiz. Probiotik verməyin mənası yoxdur. Amma kəskin vəziyyətdən çıxdıqdan sonra Lineks Forte və başqa probiotiklər vermək olar. Xroniki qida zəhərlənməsində isə kəskindən fərqli olaraq təcili müdaxilə tələb edən hal olmur. Lakin hər gün qalmış yemək yemək, kolbasa-sosis məhsulları istifadə etmək  və s. toksinlərin az-az uzun müddət bədənə girməsinə gətirir. Bağırsaq florası pozulur, qarında köp, diskomfort olur. Buna görə yay günlərində yediyimizə diqqət etməliyik. Xüsusilə də uşaqlar üçün. Yay günlərində qarpızdan da tez-tez zəhərlənmə olur. Bu da onun tərkibindəki bol miqdar azot gübrəsi ilə əlaqəlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
sherg.az

2Источники