RU

"Azərbaycan məhəlləsi":Ortaq iradənin göstəricisi

Türkiyə ilə Azərbaycanın möhkəm təmələ əsaslanan qardaşlığının təzahürü olan «Azərbaycan» məhəlləsi iki ölkə arasındakı əbədi qardaşlığın təsdiqi kimi tarixə yazıldı. 2023-cü ildə Türkiyədə baş verən, «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzəllədən ən çox zərər çəkən Kahrmanamaraşda Azərbaycanın dəstəyi ilə salınan məhəllə iki xalqın istək və arzularının əbədiyyət rəmzi idi. Daşıdığı məhəllə miqyasına görə kiçik mənanı ifadə etsə də mənəvi dəyəri ölçüyəgəlməz dərəcədə böyük ölan «Azərbaycan» yaşayış kompleksi dostluqdan, qardaşlıqdan da yüksək səviyyəli strateji müttəfiqlik münasibətlərinin təzahürü idi.

Zəlzələdən sonra da fəlakət zonasında aparılan bərpa işlərində Türkiyəyə yardım göstərən Azərbaycanın maliyyə dəstəyi ilə daha çox dağıntıya məruz qalan Kahramanmaraşda geniş ərazini əhatə edən «Azərbaycan məhəlləsi»nin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dollar (170 milyon manat) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Artıq sakinlərini qəbul etməyə hazır olan 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Kahramanmaraşda ucaldılan, türk dünyasının dostluq abidəsi kimi möhtəşəmliyini qoruyan məhəllənin istifadəyə verilməsi qardaşlığın uğur təntənəsidir. Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan «Azərbaycan məhəlləsi» artıq ilk sakinlərini qəbul etdi.

Qardaşlıq nümunəsinin davamı olaraq Kahramanmaraşda inşa edilmiş «Azərbaycan» məhəlləsinin açılış mərasimində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin iştirakı iki ölkə, xalq arasındakı həmrəyliyin möhkəm təməl üzərində qurulduğunun daha bir əyani təzahürü, türk dünyası daxilində birliyin möhkəmləndirilməsi, regional təhlükəsizlik və sosial-siyasi sabitliyin qorunmasına yönəlmiş ortaq iradənin göstəricisi idi. Bu gün dünyada nümunə göstərilən Azərbaycan -Türkiyə münasibətləri təkcə diplomatik deyil, xalq-dövlət birliyi, humanizm səviyyəsində də möhkəmlənir. «Bir millət, iki dövlət» deyimini ortaq dəyərlərini paylaşmaqla daha da dərinləşdirən Azərbaycanla Türkiyə ən çətin məqamlarda çiyin-çiyinə addımlayaraq siyasi birliklərinə yenilməz güc, mənəvi ruh qatırlar. «Azərbaycan»” məhəlləsinin inşası və istifadəyə verilməsi iki xalq arasındakı müttəfiqliyin daha bir səhifəsi oldu. Təkcə yaşayış deyil, dostluq qardaşlıq məkanı kimi dəyərləndirildi.

Məhəllənin açılış mərasimində zəlzələnin baş verdiyi anları, dəhşətləri bir daha xatırladan, Azərbaycan xalqının o çətin günlərdə Türkiyənin yanında olduğunu mənəvi borc adlandıran Prezident İlham Əliyevin «Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün «Azərbaycan»” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür» sözləri tarixən sınanmış hər iki xalqın qardaşlığının daha bir nümunəsi idi. Bu səmimiyyət, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgə üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və təkamıl rəmzidir.

Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqələrin rəsmən müttəfiqlik səviyyəsinə qaldırılması iki qardaş ölkənin siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi, ümumiyyətlə, bütün sahələrdə göstərdikləri birliyin ifadəsidir. Prezident İlham Əliyevin «Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var» sözlərini «Bəli, bu gün burada «Bir millət, iki dövlət» şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. «Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan», - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk» kəlmələri ilə hər iki xalqın birgə istəiyini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məhəllinin inşasını çətin imtahandan uğurla çıxan qardaşlğın yenilməzlik nümunəsi adlandırıb. Fəlakətin baş verdiyi ilk anlardan «Səninləyəm, Türkiyəm!» deyən Azərbaycan xalqının əzmini, sədaqətini, qardaşlığa etimadını yüksək dəyərləndirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın simvolik olaraq bir parçası sayılan ” məhəlləni birlik və həmrəyliyin qürur tablosu adlandırdı.

Zəngilandan, Füzulidən sonra 28 May - Müstəqillik Günü münasibətilə Laçında Beynəlxalq Hava Limanının açılışında da Prezident İlham Əliyevlə birgə iştiraklarının əqidə, amal, iş brliyi kimi dəyərləndirən Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına həmrəyliyi, dəstəyi və duaları üçün ən səmimi təşəkkürünü bildirdi. «Azərbaycan» məhəlləsinin istifadəyə verilməsi ilə iki ölkə arasındakı qardaşlığın nadir nümunə olduğu bir daha təsdiqləndi. Türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün, Heydər Əliyevin gələcək nəsillərə ərmağan etdikləri qardaşlıq halqası simvolik olaraq bu bəndlə daha da möhkəmləndi. Enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər mühüm sahələri əhatə edən əlaqələr ən yüksək, bütün dünyaya nümunə olacaq səviyyədə inkişaf etdirilir.

Laçında olarkən müstəqillik sevincimizi «Sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq» sözləri ilə bölüşən Rəcəb Tayyib Ərdoğanın sözləri «Azərbaycan» məhəlləsinin simasında bir daha doğruldu.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
8
ikisahil.az

1Источники