Musavat.com xəbər verir ki, ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlıq çərçivəsində B-2 Spirit strateji bombardmançılarını bölgəyə göndərib.
Bu barədə nüfuzlu “The New York Times” nəşri məlumat yayıb. Bildirilir ki, B-2 bombardmançıları ABŞ-dan havaya qalxaraq Sakit okeanı keçib və hazırda Quam adasındakı strateji hərbi-dəniz bazasında yerləşdirilib.
Qeyd olunur ki, bu bombardmançılar yerin dərin qatlarında yerləşən nüvə obyektlərini belə məhv edə biləcək “sığınacaq-deşici” bombalarla təchiz olunub. Hərbi müşahidəçilər bu addımı İranın nüvə infrastrukturuna qarşı mümkün zərbənin bir göstəricisi kimi qiymətləndirirlər.
Məqalədə o da qeyd olunur ki, əgər ABŞ Prezidenti Donald Tramp İsrailin İranla davam edən müharibəsinə açıq şəkildə qoşulmaq qərarı verərsə, B-2 təyyarələri bu əməliyyatlarda əsas rol oynaya bilər.
Bu hərəkət ABŞ-ın bölgədəki strateji planlarının bir hissəsi kimi şərh olunur. Analitiklərə görə, İranın nüvə silahına sahib olma ehtimalı Vaşinqton üçün qırmızı xəttdir və ABŞ ordusu bu təhlükəyə qarşı əvvəlcədən mövqe tutur.
Musavat.com