RU

Heç nəyə yaramayan mülki missiyanın rəhbəri yenə nə sayıqlayır?..

Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Müşahidə Missiyasının rəhbəri, Almaniya polisinin sabiq əməkdaşı, polkovnik Makrus Ritter yenə sərsəmləyib. O, iddia edib ki, alman-fransız missionerlərindən təşkil olunmuş missiya 2023-cü ildə fəaliyyətə başlayanda guya Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bəzi ərazilərinə daxil olmuşdu. Bununla da Makrus Ritter erməni dəyirmanına su tökərək ölkəmizə işğalçı damğası vurmağa cəhd edib. Halbuki Azərbaycan Ordusu heç bir zaman təcavüzkar ölkənin ərazində görünməyib. Üstəlik, ölkəmizin digər dövlətlərin ərazisində də gözü yoxdur. Şübhəsiz, bu, Ritterin növbəti sayıqlamasından başqa bir şey deyil.

Başçılıq etdiyi qurumun məqsədinin regionda sülh və sabitliyin qərarlaşmasına töhfə verməkdən ibarət olduğunu vurğulayan Ritter görəsən bu istiqamətdə hansı addımlar atıb? Halbuki Aİ-nin missiyası Azərbaycan–Ermənistan şərti sərhədində mövqelərimizin mütəmadi atəşə məruz qalmasını susqunluqla qarşılayır. Hətta əksər hallarda ermənilərin bu təxribatlarına dəstək verir. Ritter, həmçinin bildirib ki, onların topladıqları məlumatlar Brüsselə - siyasi qərar qəbul edən şəxslərə göndərilir ki, onlar sərhəddəki vəziyyətə dair aydın təsəvvürə sahib olsunlar. Halbuki missiya casuslar kimi topladıqları məlumatları Ermənistan ordusuna ötürür. 

Ritterin fikrincə, guya iki ölkə arasında sülh istiqamətində atılan addımlarda Aİ-nin rolu çoxdur. Bununla o, Bakı-İrəvan münasibətlərində müşahidə edilən pozitivliyi, o cümlədən sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırılmasını birbaşa Aİ-nin səylərinin nəticəsi kimi təqdim etməyə çalışıb. Halbuki bütün bunların Aİ ilə heç bir əlaqəsi yoxdur. Bu gün sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də ikitərəfli formatda gedir. Yəni, Aİ heç bir halda orada iştirak etmir. Bu istiqamətdə əldə olunan uğurlar Prezident İlham Əliyevin gərigin əməyinin nəticəsidir. Ritter missiyanın əsas məqsədini isə belə açıqlayıb: danışıqlar prosesində güclü tərəfə çevrilməsi üçün Ermənistanı dəstəkləmək. Bəli, mülki missiya hazırda sürətlə silahlanan təcavüzkar ölkəyə məhz belə  xidmət edir.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, mülki missiya Azərbaycanla şərti sərhəddə “binokllu diplomat-kəşfiyyatçıları”nın sayını artırmaqda davam edir: “Belə ki, ilk vaxtlar missiyada 40, sonra isə 103 müşahidəçi təmsil olunub. Hazırda isə onların sayı 210 nəfəri keçib. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılmış mülki müşahidə missiyası  Aİ-nin  qəbul etdiyi qərara əsasən, 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaq. Guya bu addımla Aİ sərhədboyu ərazilərdə “potensial gərginliyi azaltmağ”a çalışacaq. Onu da bildirək ki, missiyanın Ermənistan ərazisində yerləşdirilməsi zamanı Azərbaycanın razılığı alınmayıb. Halbuki regionda fəaliyyət göstərən hər hansı beynəlxalq strukturun legitimliyi üçün tərəflərin razılığı mühüm şərt sayılır. Rəsmi Bakı dəfələrlə Aİ müşahidə missiyasının fəaliyyəti ilə bağlı bir sıra ciddi iradlarını səsləndirib. Region ölkələrinin heç biri bu addımlardan məmnun deyil. Məsələn, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir daha bəyan edib ki, Aİ yalnız Ermənistanın deyil, bütövlükdə regionun, o cümlədən Rusiyanın, İranın və Azərbaycanın maraqlarına zidd kəşfiyyat fəaliyyəti ilə məşğuldur.

O ki qaldı Avropa İttifaqının Ermənistandakı Mülki Müşahidə Missiyasının rəhbəri Makrus Ritterin iddialarına... Şübhəsiz, bu cənab belə sərsəm iddialarla mülki missiyanın fəaliyyətini şişirtməyə, “fəaliyyətlərinə” bəraət qazandırmağa çalışır. Yəni, o, bütün bunlarla demək istəyir ki, guya bu mülki missiya olmasaydı, şərti sərhəddə vəziyyət daha da kəskinləşə bilərdi. Amma o, “görünən kəndə bələdçi lazım deyil” məsələni tamamilə unudub. Bu mənada  Makrus Ritterin söylədikləri onun xəstə təxəyyülünün məhsuludur”.

Hərbi ekspert daha sonra dedi: “Tədricən NATO-nun missiyasına çevrilən bu mülki missiyanın fəaliyyətini dərindən analiz edəndə  bir daha bu qənaətə gəlmək olur ki, o, həm sülh sazişinin imzalanmasına, həm də regionda əlaqələrin bərpasına və inkişafına böyük əngəllərdən biridir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
7
ikisahil.az

1Источники