RU

Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

15:26 21.06.2025
15:26 21.06.2025

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirovdur. Məsələ ilə bağlı Nəzrinin atası Emin Babayevin və qızın özünün verdiyi açıqlamalar isə bir-birini təkzib edir.

Emin Babayev bildirib ki, qızı zorla qaçırılıb. Onun sözlərinə görə, 16 yaşlı məktəbli Nəzrin heç bir iradəsi olmadan, Turab Tahirov tərəfindən aldadılaraq, ailəsindən uzaqlaşdırılıb:

"Bu hadisə ailəmizə ağır zərbə vurdu. Qızımın uşaqlıqdan tanıdığı, ona dini dəyərlər adı altında yaxınlaşan bir adam tərəfindən aparılması həm mənəvi, həm də hüquqi baxımdan qəbuledilməzdir. Nəzrin 16 yaşındadır. Hələ təhsili davam edir. O, gələcəyindən xəbərsiz bir qızdır. Turab onu zorla aparıb."

Hadisədən sonra Nəzrin polisə ifadə verib.

Belə ki, Nəzrin Babayeva tam fərqli məqamları qeyd edib. Qızın dediyinə görə, o, Turab Tahirovu sevir və onunla birgə olmağı öz istəyi ilə seçib:

"Heç kim məni zorla qaçırmayıb. Öz istəyimlə Turabla getmişəm. Onu sevirəm və birlikdə ailə qurmaq istəyirik. Atamın dedikləri ilə razı deyiləm. Bu, mənim şəxsi qərarımdır."

Bu açıqlama sosial şəbəkələrdə və ictimaiyyət arasında mübahisələrə səbəb olub. Bir tərəf bu hadisəni azyaşlıların istismarına yönəlmiş təhlükəli bir presedent kimi qiymətləndirir və hüquq-mühafizə orqanlarını məsələyə dərindən yanaşmağa çağırır. Digər tərəf isə gənc qızın öz istəyi ilə seçdiyi həyat yoluna hörmətlə yanaşılmalı olduğunu düşünür.

Hüquqşünasların fikrincə, burada əsas məsələ Nəzrinin yaşının 18-dən aşağı olmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslə hər hansı nikah münasibətinin və ya birlikdə yaşamağın hüquqi və cinayət məsuliyyəti doğurması mümkündür.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır. Həm qızın, həm də onun ailəsinin ifadələri, eləcə də Turab Tahirovun rolu istintaq çərçivəsində dəyərləndirilir.


Избранный
5
10
mynews.az

10Источники