Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
1977-ci ildən konveyerdə olan “Niva” (VAZ-2121 və modifikasiyaları) cəmi 2 il sonra 50 yaşını qeyd edəcək. Vəziyyəti təhlil etdikdə görünür ki, ruslar hələlik klassik “Niva”nı (Legend) konveyerdən çıxarmağa, yaxud əsaslı yeniləməyə maraqlı deyillər.
Avtosfer.az xəbər verir ki, Rusiyada ictimai rəy də bu modelin obrazlı desək, 50 yaşını konveyerdə qeyd etməsini görmək arzusundadır. Bəli, zövqlər müxtəllifdir, lakin müzakirə obyekti deyil.
Maraqlı burasıdır ki, “Niva”nın bəzi detallarının istehsalı maşın həyata vəsiqə almazdan qabaq başlayıb. Bunun da səbəbi məlumdur. O zaman Sovet rəhbərliyi maşının artıq istehsalda olan VAZ-2101 və VAZ-2106 ilə maksimum uyğunlaşdırılmasını tələb etmişdi. Tələbə ciddi riayət edilib. Bu səbəbdən bəzi detallar artıq 55 ildir istehsal olunur – VAZ-2101-lə eyni vaxtdan.
2025-ci ildə istehsal edilmiş “Niva”nın qapı kilidləri və bağlanma mexanizmi VAZ-2101-lə eynidir. Bunu detal kodundan bilmək mümkündür. Lakin bir fərq var: 2101-də bu detal İtaliya istehsalı idi. Sovet “Niva”sı və “Jiquli”lərdə 1991-ci ilədək detal Macarıstandan gəlirdi. Müstəqil və müasir Rusiyada isə yerli istehsaldır. Keyfiyyət fərqi göz qabağındadır.
Şüşəsilənin mühərriki, intiqalı və özü də 2101-lə demək olar eynidir.
Mühərrik detallarına gəlincə: parazit val, qazpaylama zənciri, yumruqcuqlar, yaylar, klapanlar, yağ filtri ilk “Jiquli”dəkindən fərqlənmir. Doğrudur, injektora keçid zamanı ilk illərdə qazpaylama zənciri birqat (velosiped kimi) düzəldilsə də, tez sıradan çıxdığı üçün əvvəlcə istifadəçilər, sonra da zavod köhnə modelə (VAZ-2103) qayıtdı. Su nasosu da yarım əsrdə ciddi dəyişikliyə məruz qalmayıb.
Tormoz və transmissiya detallarının da çoxu 50 ildir istehsal edilir. Qabaq və arxa ötürmədəki reduktorlar 70-ci illərdə 2101 və 2103 olduğu halda, indi əsasən 2106-dır. Bu komponentin də yaşı 51-dən çoxdur.
Sürət qutusuna gəlincə, 1994-cü ildən Niva istisnasız olaraq beşpilləli sürətlər qutusu ilə dəstləşdirilir. Bu detal da başlanğıcını 1970-ci ildən götürür. “Jiquli”də beşpilləli ötürmə 1982-ci ildə ortaya çıxıb. Həmin dövrdə bu ötürmə yalnız eksport üçün nəzərdə tutulmuş maşınlara quraşdırılırdı. Xarici görünüş və dişli çarxlarına görə hər 2 ötürmələr qutusu arasında ciddi fərq yoxdur, biri digərini əvəzləyə bilir.
Avtomobildə karbüratordan injektora keçid nəticəsində ciddi güc artımı baş verməsə də, yanacaq sərfiyyatı azalıb. Lakin yarım əsrdə avtomobilin səsini və vibrasiyasını azaltmaq mümkün olmayıb.
Hörmətli oxucu! Bəlkə sənə 50 ildir eyni formada istehsal edilən detal qəribə gələ bilər. Amma təəccübünə son qoymaq üçün 1 faktı deyim: istehsalı 2004-cü ildə dayandırılmış QAZ-3110-un şkvoreni (qabaq asqının problemli detalı) 1936-1942-ci illərdə istehsal edilmiş QAZ M1-lə eynidir. Sadə dildə desək, fərqli kütləyə, sürətə və təyinata malik avtomobillərdə 4 nəsil dəyişsə də, eyni detal 68 il olduğu kimi qalıb. Nəzərə alsaq ki, M1 öz başlanğıcını 20-ci illərin ABŞ avtomobillərindən götürür, o zaman əminlikdə deyə bilərik ki, bu detal 1 əsrə yaxındır istehsal edilir. “Volqa” 30 ildir istehsal edilməsə də, bu detal Rusiyadakı zavodlarda ehtiyat hissə kimi hələ də ştamplanır.
Daxiliyanma mühərriklərinin quruluşu əslində son 100 ildə çox dəyişməyib. Silindrlər bloku, dirsəkli val, çarxqolu-sürgüqolu mexanizminin ümumi quruluşu yarandığı gündən demək olar dəyişməyib.
Vüqar Yaşaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.