Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi İsrailin İranda yerləşən nüvə obyektlərinə etdiyi hücumların ölkədə nüvə təhlükəsizliyinin qəfil şəkildə pozulmasına səbəb olduğunu bildirərək, nüvə obyektlərinə heç vaxt hücum edilməməli olduğunu vurğulayıb.
Qrossi videobağlantı vasitəsilə qatıldığı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMTTŞ) keçirilən “Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər” adlı iclasda İsrailin hücum etdiyi İran nüvə obyektləri ilə bağlı açıqlamalar verib.
İsrailin İrandakı nüvə obyektlərinə etdiyi hücumların ölkədə nüvə təhlükəsizliyinin qəfil pozulmasına səbəb olduğunu bildirən Qrossi, indiyədək əhalini təsirləndirən hər hansı radiasiya sızmasının qeydə alınmadığını bildirib.
Qrossi qeyd edib ki, MAQATE nüvə obyektlərinin vəziyyətini yaxından izləyir və hər hansı nüvə vəziyyətinə müdaxilə edə biləcək gücdədir.
Qrossi Buşehr Nüvə Elektrik Stansiyasının mümkün hücum zamanı ən ciddi nəticələrə səbəb ola biləcək nüvə sahəsi olduğunu vurğulayaraq, stansiyanın fəaliyyət göstərdiyini və minlərlə kiloqram nüvə materialına ev sahibliyi etdiyini bildirib.
Son bir neçə saat ərzində region ölkələrinin narahatlıqlarını ifadə etmək üçün birbaşa ona müraciət etdiklərini deyən Qrossi, "Buşehr Nüvə Elektrik Stansiyasına qarşı ediləcək hücum ətraf mühitə çox yüksək miqdarda radiasiya yayılmasına səbəb ola bilər" deyə vurğulayıb.
Tehrandakı Nüvə Tədqiqat Mərkəzinə edilə biləcək hər hansı hücumun da ciddi nəticələr doğura biləcəyi ilə bağlı xəbərdarlıq edən Qrossi "Nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir. Belə bir hal hücuma məruz qalan dövlətin sərhədləri daxilində və ondan kənarda böyük nəticələrə yol aça biləcək radioaktiv sızmalara səbəb ola bilər" deyib.
Qrossi, Buşehr Nüvə Elektrik Stansiyası ilə bağlı “Dünən israilli hərbi rəsmi tərəfindən Buşehr Nüvə Elektrik Stansiyasının hücuma məruz qalması ilə bağlı mediaya yanlış açıqlama verildi, lakin səhv tez bir zamanda aşkarlandı və açıqlama geri götürüldü” deyə bildirib.
MAQATE rəhbəri Qrossi həmçinin əlavə edib ki, MAQATE İranda nüvə silahı hazırlanmayacağını ciddi nəzarət sistemi vasitəsilə təmin edə bilər.