RU

Tofiq Zülfüqarov: “İran müharibəni artıq uduzub: əsas məsələ - ona sifətini qorumağa imkan verəcəklərmi?”

Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış diplomat Tofiq Zülfüqarov İranla bağlı səsləndirdiyi fikirlərlə sosial mediada geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İran regionda baş verən qarşıdurmada faktiki olaraq artıq məğlub olub. Bu mərhələdən sonra əsas məsələ Tehranın beynəlxalq miqyasda üzünü necə qoruyacağı ilə bağlıdır.

Tofiq Zülfüqarov bildirib ki, İranın hava hücumundan müdafiə sistemi iflic vəziyyətinə düşüb və hazırda hərbi üstünlük tam şəkildə İsrailin tərəfindədir. Onun fikrincə, bu vəziyyət İran üçün həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi nəticələr doğuracaq. Zülfüqarov bu fikirlərini şəxsi "Facebook" hesabında paylaşaraq, ictimai müzakirəyə səbəb olub.

Jurnalist Kübra Məhərrəmova sabiq nazirin fikirlərinə cavab olaraq qeyd edib ki, İran və iranşünaslar bu reallığı qəbul etməyəcək. Zülfüqarov isə bu yanaşmanı yumorla qarşılayaraq cavab verib ki, onların da nəsə deməyə ehtiyacı var.

Məsələ sosial şəbəkə istifadəçiləri arasında da müxtəlif reaksiyalarla qarşılanıb. Arturo Gatti adlı istifadəçi bildirib ki, sosial mediada yayımlanan videolarda İranın tam aciz duruma düşməsi görünmür və onun fikrincə, informasiya savaşında daha çox İsrail itirir. Zülfüqarov bu yanaşmaya cavab olaraq qeyd edib ki, artıq İranın hava hücumundan müdafiə sistemi mövcud deyil və belə videolar müharibə qazandırmır.

İlqar Hacıyev adlı digər istifadəçi isə məsələni daha neytral qiymətləndirərək, İsrailin də bu münaqişədə öz geosiyasi mövqelərini qorumağa çalışdığını yazıb. Onun fikrincə, hər iki tərəfin maraqları münaqişəni dərinləşdirir, lakin tərəflərdən heç biri tam üstünlük əldə edə bilmir.

Ən radikal və diqqətçəkən fikir isə “Mustafaoglu Holding” imzası ilə yayılan şərhdə yer alıb. Həmin paylaşımda qeyd olunub ki, əgər İran rejimi – yəni mollakratiya devrilərsə, Zəngəzur dəhlizindən danışmağa artıq ehtiyac qalmayacaq. Belə olan halda, İran ərazisi üzərindən Azərbaycanın əsas bağlantıları tam bərpa olunacaq və ölkə yeni geosiyasi fürsət əldə edəcək. 

Tofiq Zülfüqarov bu fikirləri cavabsız qoymayaraq qeyd edib ki, nə İran, nə də İsrail bu müharibədə qalib gəlməməlidir. Onun sözlərinə görə, real qalib artıq bəllidir – bu, Qərbdir. Münaqişənin sonrakı mərhələsində də əsas hədəf məhz Qərbin maraqlarının bölgədə necə qorunacağı olacaq.

Musavat.com

Избранный
6
2
musavat.com

3Источники