RU

İranın oyundan kənar düşməsi Paşinyanı regionda yeni şəraitə uyğunlaşmağa vadar edir: ÇIXIŞ YOLLARI DARALIR

“İran İsraillə müharibədən sonra mövcudluğunu qoruyub saxlasa belə regionda xüsusilə Azərbaycan və Türkiyə əleyhinə addımlardan çəkinəcək”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İsrail-İran müharibəsi fonunda Cənubi Qafqazda da şərtlərin dəyişəcəyi gözləniləndir:

“Bu konteksdə Zəngəzur dəhlizi ilə bağlı da mövqelər dəyişə bilər. İndiyə qədər Zəngəzur dəhlizinin açılması məsələsinə İran sərhədlərinin toxunulmazlığı adı altında qırmızı xətt elan etmişdi ki, bu da Ermənistanın müqavimətini artıran məqam idi. İndi isə Ermənistan əsas müttəfiqini itirmiş sayılır. İran prosesdən kənarlaşdırıldıqda İrəvanın müqaviməti zəifləyəcək və çıxış yolları da azalacaq. Əslində Nikol Paşinyanın Türkiyə səfərinin də əsas səbəblərdən biri də məhz regionda dəyişən vəziyyətlə əlaqədardır. Belə ki, İranın oyundan kənar düşməsi Paşinyanı regionda yeni şəraitə uyğunlaşmağa vadar edir. Çünki Ermənistan hakimiyyəti əvvəlki kimi Rusiyadan çox da aslı qalmaq istəmir. Buna görə də mütləq şəkildə Avropaya çıxış əldə etməlidir ki, bura da yol Türkiyə ilə sərhədlərin açılmasından keçir. Ermənistan indiki məqamda çalışır ki, Türkiyə ilə məsələni Azərbaycanın maraqları olmadan həll etsin. Ancaq Türkiyənin mövqeyi birmənalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyanla görüşdən bir gün əvvəl Prezident İlham Əliyevlə görüşməsi onu deməyə əsas verir ki, qardaş ölkə liderləri mövqelərini yenidən uyğunlaşdırıblar. Ermənistanın Türkiyədən əsas istəyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonrakı dövrdə onla da münasibətlərin normallaşması, sərhədlərin açılmasıdır. Ermənistanın çıxış yolları daralır. Beləliklə Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistan daha konstruktiv yanaşma sərgiləyə bilər”.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
3
editor.az

1Источники