Müasir təhsil sistemində tələbələrin analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək üçün esse yazısı mühüm yer tutur. Lakin bir çox bakalavr tələbələri imtahanlarda esse yazmaqda çətinlik çəkirlər.
Bəs, görəsən, bakalavr tələbələrinin esse yazmaqda əsas çətinlikləri nələrdir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib ki, hər hansı bir dil öyrənirik dedikdə, bu zaman o dildə dörd bacarığa köklənilir:
“Onlardan biri dinləmə, danışma, yazma və oxuduğunu anlama bacarığıdır. Bu dörd bacarıq bütün dillərin tədrisində əsas sütundur. Yəni sanki stolun dörd ayağı kimidir.
Bu sütunlar olmadıqda dilin tədrisindən söhbət gedə bilməz. Çünki insan kommunikasiya halındadır. Öyrənmək üçün yazır, oxuyur və danışır. Bütün bunların hamısı insan həyatının müxtəlif mərhələlərində lazım olan bacarıqlardır.
Ona görə də dörd bacarığın qazandırılmasına ehtiyac var. Esse də yazı bacarığının inkişafına töhfə verir. Həmçinin həmin dildə düşünmə, sözləri quraşdırma, qrammatika və s. bir çox bacarıqları da əxz etdirən bir tapşırıq növüdür. Düşünürəm ki, esse tapşırığı bir çox imtahanda lazımlı bir tapşırıq növüdür. Çünki esse ilə həmin şəxsin mövzuyla bağlı biliyini, fikrini və yazı qabiliyyətini görə bilərik.
Ona görə də xatırladım ki, dünyanın bir çox universitetinə müraciət edərkən onlar motivasiya məktubu istəyir. Düşünürəm ki, esseni inkişaf etdirmək üçün mütaliə etməliyik. Eyni zamanda mütaliə ilə bərabər yazı da yazmalıyıq. Biz ingilis dili imtahanlarına baxsaq, dünyada beynəlxalq IELTS, TOEFL imtahanları mövcuddur. Hər ikisində də yazı tapşırıqları var.
Ona görə də düşünürəm ki, biz də bu tapşırıqlara laqeyd yanaşmamalıyıq. Esse tapşırıqlarını necə yazmalı olduğumuzu öyrənməliyik. Bu çox da çətin deyil. İnternetdə bununla bağlı yüzlərlə resurs var”,- deyə fikrini tamamlayıb.