Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21, gündüz 24-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı ehtimal edilir.