Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev əməliyyat olunub.
Moderator.az xəbər verir ki, bu barədə aktyorun bacısı Dilarə Əliyeva oxu.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Vüsala anevrizma diaqnozu qoyulub:
"Anevrizma da elə bir diaqnozdur ki, onu mütləq əməliyyata alırlar. Vüsal ötən gün əməliyyat olunub. Hazırda reanimasiyadadır və bir neçə gün orada olması gözlənilir. Əməliyyatdan sonrakı dönəm də əməliyyatın özü qədər önəmlidir. Çünki bu müddətdə həkimlərdən asılı olmayan səbəblərdən orqanizm özünü başqa cür də apara bilər. Dua edək ki, hər şey yaxşı olacaq".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a verilən məlumata görə, iyunun 19-u saat 14:40-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin başağrıları, başgicəllənmə səbəbi ilə müraciət edən Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib. Vəziyyəti stabil olandan sonra isə ailə üzvlərinin istəyi ilə V.Murtuzəliyev Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.