“Müəllimlərin nəticələri məktəbdə dərhal bilinir. Yəni imtahan verən müəllim öz nəticəsini dərhal görür və bu nəticələr məktəb rəhbərliyinə də göndərilir. Onsuz da məktəbdə müəllimlər, valideynlər və şagirdlər müəllimlərin nəticələri ilə müəyyən qədər tanış olurlar. Bu baxımdan mövcud vəziyyət diskriminasiya sayıla bilməz. Əksinə, bu, müəllimin nüfuzunun artmasına xidmət edir”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva İctimai Televiziyada yayımlanan “Xəbərimiz var” verilişində qonaq olarkən aparıcının “Müəllimin sertifikatlaşma nəticəsi və bu nəticənin “Rəqəmsal məktəb” platformasında əks olunması diskriminasiyaya səbəb ola bilərmi?” sualına cavab olaraq səsləndirib.
O bildirib ki, həqiqətən, işinə canla-başla yanaşan, məsuliyyətli müəllimlər bu sistemdə fərqlənəcəklər. Bu isə digər müəllimlər üçün də stimula çevriləcək, nəticədə onlar da daha çox öyrənməyə və inkişaf etməyə çalışacaqlar. Beləliklə, məktəbdə sağlam rəqabət mühiti formalaşacaq.
Onun sözlərinə görə, bir neçə ildən sonra ölkədə müəllimlər arasında elə bir öyrənmə və inkişaf mühiti yaranacaq ki, hər kəs çalışacaq digərlərinə bənzəsin, onlardan geri qalmasın. Bu isə arzulanan məktəb modelinə doğru atılan real və mühüm bir addım olacaq. Sağlam rəqabət mühiti həm müəllimlərin, həm də şagirdlərin öyrənmə motivasiyasını artıracaq.