RU

“Qarabağ” həm “Şelbrun”, həm də “Linfild”lə müqayisədə üstün komandadır”

Azərbaycan klublarının Avrokuboklardakı rəqibləri məlumdur.

Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” II təsnifatda “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Avropa Liqasındakı təmsilçimiz “Sabah”ın rəqibi Sloveniya “Çelye”si olacaq.

Konfrans Liqasında yarışacaq “Zirə” Xorvatiyanın “Hayduk”, “Araz-Naxçıvan” isə Yunanıstanın “Aris” komandası ilə üz-üzə gələcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov “FutbolPress“ə açıqlamasında rəqibləri dəyərləndirdi:

“Artıq komandalarımızın Avropa liqalarındakı rəqibləri bəlli olub. Çempionlar Liqasında bizi təmsil edəcək “Qarabağ” həm “Şelbrun”, həm də “Linfild”lə müqayisədə üstün komandadır. “Qarabağ” hətta daha əvvəl “Linfild”lə qarşılaşıb və çətin olsa da, bu mərhələni keçməyi bacarmışdı. İlk mərhələni adlayan tərəf – ya Şimali İrlandiya, ya da İrlandiya təmsilçisi – “Qarabağ”a müqavimət göstərməyə çalışacaq.

Avropa Liqasında çıxış edəcək “Sabah” isə daha çətin rəqiblə qarşılaşacaq. Sloveniya təmsilçisi “Çelye” yaxşı komanda olsa da, mən “Sabah”ın növbəti mərhələyə keçmək şanslarının bərabər olduğunu düşünürəm.

Konfrans Liqasında təmsilçilərimiz də güclü kollektivlərlə qarşılaşacaqlar. Həm “Zirə”nin rəqibi Xorvatiyanın “Hayduk”u, həm də “Araz”ın rəqibi Yunanıstanın “Aris” klubu daimi olaraq avrokuboklarda çıxış edən təcrübəli komandalar sırasındadır. Hətta “Hayduk” bu mövsüm Xorvatiya çempionu “Riyeka”dan cəmi 2 xal geri qalaraq çempionatı 3-cü pillədə tamamlayıb. “Zirə” demək olar ki, çempiona qarşı oynayacaq. Bütün bunlara baxmayaraq, komandalarımızın layiqli mübarizə aparacaqlarına və mərhələ adlayacaqlarına inanıram. Hər dörd təmsilçimizə uğurlar arzulayıram!”

Zaur Həşimov

Избранный
20
1
futbolpress.az

2Источники