RU

Xəbis niyyətli Ermənistan yenə də fürsətdən yararlanmağa çalışır

Milli Məclisin deputatı: Təcavüzkar ölkənin İsrail-İran toqquşmasında Azərbaycanı hər hansı bir formada ittiham etməsi qərəzli, əsassız və absurddur

Regionda baş verən son hadisələr fonunda Azərbaycan hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb. Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən “Telegram”, “Facebook”, “X”, “Tiktok” və “Youtube” kimi sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil edilir, saxta məlumatlar yayılır. Onlar heç bir dəlil-sübut gətirmədən İranın ayrı-ayrı şəhərlərinə raket hücumlarının birmənalı olaraq Azərbaycandan start götürdüyünü iddia edirlər. Şübhəsiz, münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu dezinformasiyaların məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş dövlətlərlə münasibətlərini pozmaqdır.

Bu qarşıdurmadan Ermənistan ən çox yararlanmağa çalışır. Hətta təcavüzkar ölkə Azərbaycanın İsrailə dəstək məqsədilə geniş kampaniya aparmasını iddia edir. Halbuki ölkəmiz heç zaman İranla bağlı kampaniyalara qoşulmayıb. Çünki rəsmi Bakı həmişə qonşuları ilə əlaqələrə xüsusi diqqətlə yanaşıb və yanaşmaqda davam edir. Bu isə Ermənistanın Azərbaycana qarşı düşmənçilik mövqeyinin göstəricisidir. Halbuki ölkəmizin mövqeyi kifayət qədər aydındır, heç vaxt regionda gərginlik yaranmasını istəmir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistan bu məsələdən də ölkəmizə qarşı istifadə etməyə çalışır: “Təcavüzkar ölkənin İsrail-İran toqquşmasında Azərbaycanı hər hansı bir formada ittiham etməsi qərəzli, əsassız və absurddur. Azərbaycan hər zaman regionda sülhü təşviq edir və qonşuluğunda toqquşmanın olmasını arzulamır. Şübhəsiz, bu gərginliyin regionda sabitliyin pozulmasına təsir etmək riski böyükdür. Həm iqtisadi, həm sosial, həm də ətraf mühit və s. kimi məsələlər baxımından qonşuluqda baş verən hadisələr İranla həmsərhəd ölkə kimi Azərbaycanın təhlükəsizliyinə təhdiddir. Üstəlik, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Bundan əlavə, Ermənistanın işğalı nəticəsində uzun illərdir blokadada qalan Naxçıvanın qaz təminatının müəyyən hissəsi də İran tərəfindən aparılır və müharibə bu təminatda artıq fasilələrə səbəb olub”.

Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, Azərbaycan öz ərazisindən hər hansı bir ölkəyə qarşı istifadə edilməsinə heç vaxt icazə verməyib və verməyəcəkdir: “Azərbaycan tərəfi toqquşmadan narahatlığını rəsmi olaraq bildirib, bununla bağlı Xarici İşlər Nazirliyi də bəyanat verib: vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyib, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb.  Hətta  Azərbaycan humanist addım ataraq İrandakı xarici ölkə vətəndaşlarının ölkəmizin ərazisindən keçərək təxliyə edilməsinə dəstək göstərir. Bununla bağlı Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın, Avstraliyanın xarici işlər nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər”. 

Millət vəkilinin fikrincə, ölkəmizə qarşı hibrid təhdidlərin artması, dezinformasiyaların yayılması ictimai rəyi çaşdırmaq məqsədi daşıyır: “Lakin müasir texnologiyalar və müşahidə imkanları onların yalan məlumatlar tirajladığını sübut etmək imkanındadır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
21
ikisahil.az

1Источники