RU

Putin dünya media nəhəngləri ilə Azərbaycanı da müzakirə etdi...


Rəsul Cahangirli: “Putin anlayır ki, Azərbaycansız Rusiya çox şey itirə bilər”

Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır. Bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib:

“Bizim yaxşı layihələrimiz var; "Şimal - Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz öz sifarişlərimizlə Bakı Gəmiqayırma Zavodunu yükləməyə hazırıq”.

Rusiya prezidenti onu da qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmunludur: “Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7 faiz artıb. Hesab edirəm ki, bu yaxşı göstəricidir”.

Bütün bunlarla Putin nə demək istədi?

“Çalışır ki, digər ölkələrlə əlaqələri genişləndirməklə sanksiyaların təsirini minimuma endirsin”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, bu, Rusiyanın Azərbaycanla münasibətləri yoluna qoymaqda maraqlı olmasının göstəricisi sayıla bilər: “Məlum olduğu kimi, ötən ilin dekabrında mülki təyyarəmizin Rusiya səmasında vurulması iki ölkə münasibətlərinin soyumasına səbəb olub. Buna səbəb Rusiyanın bunu etiraf edib hələ də rəsmən üzr istəməməsi ilə əlaqədardır. Ancaq Putin anlayır ki, Azərbaycansız Rusiya çox şey itirə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb. Qərb Ukrayna müharibəsi ilə əlaqədar hava məkanını Rusiyanın üzünə bağlayıb. Rusiya əsasən Gürcüstan və Azərbaycanın hava məkanından istifadə etməklə bir sıra ölkələrə uçuşlar həyata keçirir. O cümlədən bu, tranzit daşımalara da aiddir. Rusiya Hindistanla ticarət əlaqələrini əsasən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə həyata keçirir. Sanksiyalarla əlaqədar Rusiyanın həm tranzit baxımından, həm də digər məsələlərlə əlaqədar Azərbaycana ehtiyacı artır. Çünki Rusiya rəsmiləri etiraf etməsələr də, Avropa İttifaqının genişmiqyaslı sanksiyaları bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Bu baxımdan Rusiya çalışır ki, digər ölkələrlə əlaqələri genişləndirməklə sanksiyaların təsirini minimuma endirsin. Azərbaycan bu baxımdan Rusiya üçün önəm kəsb edən ölkələrdən biridir. Hesab edirəm ki, Putin bütün bunların fərqində olduğu üçün Azərbaycanla olan iqtisadi əlaqələrə və bunun perspektivlərinə xüsusi olaraq toxunub”.

Vidadi ORDAHALLI

Избранный
38
baki-xeber.com

1Источники