RU

Kriminal avtoritet Kazımov Kiyev təcridxanasında niyə döyülüb öldürüldü? - TƏFƏRRÜAT

BAKI, 20 iyun. TELEQRAF

Ukraynanın Kiyev İstintaq Təcridxanasında səs-küylü insident baş verib.

Teleqraf-ın xəbərinə görə, Andrey Kazımovun istintaq təcridxanasında döyülərək öldürüldüyü hadisənin təfərrüatları məlum olub.

Kriminal aləmdə "Kizim" ləqəbilə tanınan 40 yaşlı Andrey Kazımov müəssisənin 23 saylı məşq meydançasında vəhşicəsinə döyülərək öldürülüb. Hadisə 2024-cü ilin dekabrında baş verib.

Rəsmi məlumata görə, A.Kazımov ən azı beş nəfərdən ibarət qrup tərəfindən təxminən 15 dəqiqə döyülüb. Onların arasında kriminal dairələrdə hörmətli sayılan şəxslər də olub. Hadisəyə təcridxana əməkdaşları göz yumublar.

İstintaqın məlumatına əsasən, A.Kazımov 2024-cü ilin payızında oğurluq ittihamı ilə istintaq təcridxanasına salınıb. 71 saylı kamerada saxlanılırmış. Dekabrın 22-də təcridxananın qeyri-rəsmi nəzarətçilərindən olan Vyaçeslav Viltsanyuk ("Slava" və ya "Katenka") onunla görüşmək üçün kameraya daxil olub. Görüşdən az sonra Kazımov və dörd digər məhbus məşq meydançasına aparılıblar. Onları meydançada başqa məhbuslar gözləyirmiş.

Hadisə zamanı A.Kazımova ilk zərbələri Leonid İqnatenko ("Lenya") endirib. Daha sonra Slava, Zaza Mamatsov, Sergey Gerasimçuk və Konstantin Şevçuk da ona qoşulublar.

Ekspertiza Kazımovun baş və bədən nahiyəsində çoxsaylı qırıq, qansızma və daxili orqanların zədələrini aşkarlayıb. O, baş və döş qəfəsinə aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

Məlumatlara görə, təcridxana əməkdaşları hadisəni gizlətməyə çalışıblar. Kazımovun zədələri guya “dəmir barmaqlıqlardan yıxılma” kimi rəsmiləşdirilib və saat 15:51-də o, cəza kamerasına salınıb. Həkim müayinəsi aparılsa da, onun vəziyyəti qənaətbəxş qiymətləndirilib və təcili yardım çağırılmayıb.

Saat 18:30-da Kazımov huşsuz vəziyyətdə çarpayının altında aşkarlanıb. Rəhbərlik isə onun yatdığını bildirərək vəziyyətə müdaxilə etməyib. Saat 19:44-də polis təcridxanaya gəldikdə Kazımov sadəcə başını tərpədə bilirmiş. Rəsmilər hələ də onun zədələrini "fiziki məşq zamanı yıxılma" kimi göstərməyə davam ediblər.

Gecə saatlarında Kazımovun vəziyyəti daha da pisləşib. O, qışqıraraq yardım istəsə də, səhərə qədər tibbi hissəyə köçürülməyib. Nəticədə onun həyatını xilas edilməyib.

Aprelin sonunda Ukrayna Baş Prokurorluğu hadisə ilə bağlı istintaqı tamamlayıb, 8 təcridxana əməkdaşı və 5 məhbus haqqında cinayət işi açıldığını açıqlayıb.

Onların arasında Vyaçeslav Viltsanyuk, Leonid İqnatenko, Zaza Mamatsov, Konstantin Şevçuk və Sergey Gerasimçuk var.

Bundan əlavə, təcridxananın əməkdaşları Mixail Vyali, Vyaçeslav Buçma, Yaroslav Usov, Denis Vatsyuk, Sergey Redkin, Yana Qolovan, Aleksandr Antonyuk və digər şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.

Qeyd edək ki, Andrey Kazımov 1985-ci ildə Ukraynada anadan olub. Onun milliyyəti barədə hər hansı məlumat verilmir.

Избранный
74
teleqraf.com

1Источники