RU

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib.

Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Təşəkkür edirəm, Akademiya!” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunları təbrik edərək, dövlətimizin gənclərə və təhsil sahəsinə diqqət və qayğısından danışıb. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı məqsədyönlü gənclər və təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi, potensialının reallaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində reallaşdırılan müxtəlif sosial, innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynayır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını prioritet istiqamət kimi müəyyən etdiyini deyən Konfederasiya sədri hazırda ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. S.Məmmədov məzunları əldə etdikləri bilik və bacarıqlarla dövlətimizin inkişafına töhfə verməyə, daim öyrənməyə və çalışqanlığı həyat tərzinə çevirməyə çağırıb.

Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev tələbələrin və məzunların uğurlarından söz açıb, ali təhsil ocağının son illərdə qazandığı nailiyyətlər, genişlənən beynəlxalq əlaqələr və təhsil proqramları haqqında məlumat verib. Bildirilib ki, əsas məqsəd yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən yüksəkixtisaslı kadrlar hazırlamaqdır.

Məzunları təbrik edən Y.Ağayev onlara ölkəmiz üçün faydalı olmağı, öz üzərilərində davamlı işləməyi və peşəkarlıq səviyyələrini artırmağı tövsiyə edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Milli Məclisin deputatı Samir Vəliyev məzunları təbrik edib, qazandıqları nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirərək gələcəkdə həm şəxsi karyeralarında uğurlar qazanacaqlarına, həm də ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Akademiyanın məzunları - Vəfa Hacıyeva və Orxan Rəhmanov çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər, burada qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərinə etibarlı zəmin yaratdığını, bu biliklər sayəsində qarşılarına qoyduqları məqsədlərə doğru daha inamla irəliləyəcəklərini deyiblər.

Çıxışlardan sonra məzunların təltifetmə mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, tədbirdə iştirak edən dövlət rəsmiləri və deputatlar tərəfindən Akademiyanı bitirən 189 məzuna fəxri fərman və tərifnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Избранный
6
13
azertag.az

10Источники