RU

“Texnologiyasız müəllim yox, müəllimsiz texnologiya təhlükəlidir”

Müasir təhsil sistemində texnologiyanın rolu təkcə vizual dəstək aləti kimi yox, həm də tədrisin əsas dayaqlarından biri kimi qiymətləndirilir.

 

Təhsil eksperti Kamran Əsədov bu məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib ki, məktəblərin texniki cəhətdən təchiz olunması ağıllı lövhələr, internet bağlantısı, elektron resurslar və kompüterlərlə təminat keyfiyyətli təhsilin əsas göstəricilərindəndir. Onun fikrincə, texniki təchizatın mövcudluğu qədər, bu imkanlardan necə və hansı məqsədlə istifadə olunması da strateji əhəmiyyət daşıyır.

 

Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda ümumtəhsil müəssisələrinin elektron avadanlıqlarla təminatı dövlət təhsil siyasətinin əsas istiqaməti kimi qeyd olunur. Təhsil Nazirliyinin 2024-cü il üzrə təqdim etdiyi hesabatda göstərilir ki, artıq ölkə üzrə 4500-dən çox məktəbdə interaktiv lövhələrdən istifadə olunur, şəhər məktəblərinin isə 85%-dən çoxu daimi internet bağlantısına malikdir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Lakin kənd və ucqar ərazilərdə bu göstəricilər hələ də 40–50% civarındadır. Bu isə şagirdlər arasında texnologiyaya çıxışda bərabərsizlik yaratmaqda davam edir:

 

“Texnologiyanın təhsilə inteqrasiyası müəllimlərin dərs materiallarını daha çevik və vizual şəkildə təqdim etməsinə, eyni zamanda şagirdlərin dərsə fəal şəkildə qoşulmasına şərait yaradır. Ağıllı lövhələr və multimedialar dərsi monotonludan çıxarır, şagirdlərin fərdi öyrənmə tərzlərinə uyğunlaşır. Virtual sinif otaqları, onlayn tapşırıqlar və avtomatik qiymətləndirmə vasitələri isə müəllimə fərdi yanaşma imkanı verir”.

 

Dünya təcrübəsindən danışan ekspert Estoniyanın “e-Kool” sistemini və Cənubi Koreyada tətbiq olunan real vaxtlı interaktiv dərsləri nümunə kimi göstərir:


“Bu ölkələrdə rəqəmsallaşma təkcə texniki avadanlıqla deyil, həm də müəllimlərin texnoloji bacarıqlarının inkişaf etdirilməsi ilə müşayiət olunur”.

 

Lakin Azərbaycanda müəllimlərin texnologiyadan istifadəsi ilə bağlı vəziyyətin qeyri-bərabər olduğunu vurğulayan Əsədov bildirir ki, 2023-cü ildə aparılan monitorinq nəticələrinə əsasən, yalnız 54% müəllim interaktiv lövhələrdən pedaqoji məqsədlə effektiv istifadə edə bilir:


“Ucqar bölgələrdə bu göstərici daha da aşağıdır. Bu da texniki təchizatla istifadə bacarığı arasında kəskin uçurumu ortaya qoyur. Avadanlıqlar bəzi məktəblərdə istifadəsiz qalır, texniki xidmət və proqram təminatında fasilələr yaranır. Şagirdlərin uzunmüddətli ekran qarşısında qalması onların diqqətini zəiflədir, sosial bacarıqlarını məhdudlaşdırır, psixoloji narahatlıqlar yaradır. Bu isə təhsilin humanist təməl prinsiplərinə uyğun gəlmir”.

 

O, texnologiyanın təhsildə uğurlu tətbiqinin yalnız balanslı, məqsədyönlü və pedaqoji baxımdan əsaslandırılmış istifadəsi ilə mümkün olduğunu vurğulayır. Həmçinin sosial bərabərsizlik məsələsinə də diqqət çəkir:


“İqtisadi baxımdan zəif ailələrdən olan və ya ucqar kəndlərdə yaşayan şagirdlər onlayn resurslara çıxışda çətinlik çəkir. Pandemiya dövründə bu fərq daha da dərinləşdi. Nəticə əldə etmək üçün sadəcə texnologiya ilə təminat deyil, həm də bu texnologiyadan düzgün və səmərəli istifadə vacibdir. Sadəcə ağıllı lövhələr quraşdırmaqla iş bitmir. Vacib olan həmin lövhənin qarşısında duran müəllimin də texnologiyaya bələd, çevik, düşünən və yönəldən bir şəxsiyyət olmasıdır. Əks halda, texnologiya sadəcə səhnənin dekorasiyasına çevriləcək”.

Избранный
28
azedu.az

1Источники