RU

Nazir qızının faciəvi sonu - Səməd Vurğunun Cəlalı və Humayı, əslində, kim idi?

Kulis.az Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya haqqında materialı təqdim edir.

Fətəli xan Xoyski…

Bu ad hamımıza tanışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazırlər şurasının sədri… Daxili işlər naziri…

O, Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi. Qatillər "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi.

Onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdı.

Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.

Xoyski daha sonra İslamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli olub.

Onların üç uşağı olub: qızı Tamara (1902–1990) və iki oğlu Murad (1910–1973) və Ənvər (1914–1935).

Fətəli

Fətəli xan Xoyski

***

Təəsüf, bu cür böyük şəxsiyyətlərin övladları heç vaxt layiq olduqları həyatı yaşamır. Hacı Zeynalabdinin Tağıyevin qızı Sara xanım kimi…

Tamara xanım da belə qadınlardan idi…

Tamara xanımın – Cümhuriyyətimizin qurucularından birinin qızının həyat yoldaşı kim idi? Azərbaycanın ən fəal bolşevik liderlərindən olan Mirzə Davud Hüseynov

Mirzə Davud Hüseynov və həyat yoldaşı Tamara Xoyskaya

***

Bəs kim idi Mirzə Davud Hüseynov?

Ruhani ailəsində doğulan Hüseynov 1918-ci ilin noyabrından Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvü olub.

1918–1919-cu illərdə bolşevik "Hümmət" təşkilatının əvvəl sədr müavini, sonra isə sədri, RK(b)P-nın Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komitəsinin üzvü olub. O, eyni zamanda bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Maliyyə Nazirliyində şöbə müdiri işləyib.

***

1919‐cu il mayın 6‐12‐də Bakı proletariatının tətili baş verdi. Tətilin əsas səbəbi ingilis komandanlığının denikinçilərə su və dəmiryolu ilə silah göndərməsinə qarşı yönəlmişdi. Tətil zamanı bütün mədən, zavod, fabrik, elektrik stansiyaları və s. yerlərdə işlər dayandırıldı. Tətilin təşkilatçılarından biri Mirzə Davud Hüseynov idi. AXC hökuməti tətilin təşkilatçılarını və fəal iştirakçılarını təqib və həbs etməyə başladı. Tezliklə həbs olunacağından xəbər tutan Mirzə Davud Hüseynov gizli inqilabi fəaliyyətə keçib. Mirzə Davud Hüseynov 1919‐1920‐ci illərdə Sabunçu, Balaxanı, Suraxanıda fəhlələr arasında gizli təbliğat işləri aparıb.

***
AK(b)P MK‐nın ilk azərbaycanlı rəhbəri olmuş Mirzə Davud Hüseynov bu vəzifəyə seçildikdən sonra partiyanın sıralarının artması və təşkilatlarının sayının çoxalması sahəsində xeyli iş görməyə başladı. Mirzə Davud Hüseynov bu dövrdə RK(b)P Qafqaz Ölkə Komitəsinin təşəbbüsü nəticəsində yaradılmış Hərbi inqilabi qərargahın sədri kimi başqa inqilabçılarla bərabər AXC hökumətini devirəcək XI Qızıl ordu komandanlığı ilə birlikdə ordu hissələrinin və Bakı fəhlələrinin birgə hərbi əməliyyatı planının tərtibində fəal iştirak edib. 1920‐ci il aprelin 26‐da AK(b)P MK‐nın və Bakı Bürosunun birgə təcili iclası keçirilib və üsyana rəhbərlik etmək üçün Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradılıb. Onun tərkibinə A. Əlimanov, D. Bünyadzadə, Ə. Qarayev, Q. Musabəyov, N. Nərimanov və H. Sultanovla birlikdə Mirzə Hüseynov da daxil olub.

Bundan sonra SSRİ-də müxtəlif vəzifələrdə işləyən Mirzə Davud Hüseynov haqqında bir qədər sonra…

***

Dediyimiz kimi, Fətəli xan Xoyski 1920- ci ilin iyun ayında Tiflisdə erməni terrorçularının əli ilə qətlə yetirilir. 18 yaşlı Tamara Xoyskaya özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib.

Gürcüstan hələ sovetləşmədiyinə görə Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu.

Təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutan Tamara xanım Azərbaycan Hərbi-İnqilab Komitəsi sədrinin müavini M.D.Hüseynovun qəbuluna düşmüşdü.

Tamara xanıma heç kim kömək etməmişdi. Tiflisə gedə bilməmişdi. M.D.Hüseynov isə bir müddət sonra Tamara Xoyskaya ilə evləndi.

Vilayət Quliyev “Bir nazirin xanımı” yazısında bu cütlüklə Səməd Vurğunun “Komsomol poemasının qəhrəmanları” arasında paralellər qurur:

“Yəqin ki, unudulmaz “Komsomol poeması”nın müəllifi, xalq şairi Səməd Vurğunun bu qeyri-adi izdivacdan xəbəri vardı. Fətəli xan həyatda olmasa da, onunla Gəray bəy, Tamara ilə Humay, Mirzə Davudla Cəlal arasında müəyyən bənzərlik sezməmək mümkün deyil. Səməd Vurğunun poemasında komsomol Cəlalı Gəray bəy öz əli ilə cəzalandırır. Sinfi tabuları pozan M.D.Hüseynova isə qurucularından olduğu rejim eyni amansızlıqla divan tutdu”.

Fətəli xan Xoyski və qızı Tamara Xoyskaya

***

N.Nərimanov Leninə, Trotskiyə və Stalinə ünvanladığı “Milli ucqarlarda partiyanın siyasətinə dair” adlı məktubda M. D. Hüseynovun yanına şəxsi məsələsi ilə əlaqədar gəlmiş gənc bir xanıma əxlaqsız təklif etməsindən bəhs edirdi:

"Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara, Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim. Bir dəfə məşhur hörmətli bir qadın gözüyaşlı yanıma gəlib ailəsinin namusunu qorumağı xahiş etdi. O, aşağıdakıları danışdı: “Hökumət üzvü M.D.Hüseynov qızıma evlənməyi təklif etmiş, lakin qızım ona rədd cavabı verib başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır. İndi hər gecə Fövqəladə Komissiyanın agentləri evimə girib axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar. Mən bildirirəm ki, bu M.D.Hüseynovun işləridir, xahiş edirəm, məni müdafiə edin”. Onu sakitləşdirib, Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım. O, qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi: “Arxayın olun, daha bu təkrar olmayacaqdır”. Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi. Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi: mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir?"


Söhbət kimdən gedir?

Tamara xanımdan?

Mirzə Davud Tamara xanımla qanuni nikaha girmişdi. 17 il birlikdə yaşamışdılar. Hər ikisi Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılmışdılar.

Molotovlarla ailəvi dost olsalar da, bu onlara kömək olmamışdı.


***

Belə sistemlər həmişə əvvəlcə öz övladlarını yeyir.

Bu dəfə də belə oldu…

M.D.Hüseynov 1938-ci il martın 21-də qətlə yetirildi.

Tamara Xoyskaya?

O, 1990-cı ildə Bakıda, kimsəsiz, yalqız yaşadığı birotaqlı evdən köçünü sürdü.


İstifadə olunmuş material: Vilayət Quliyev - "Baş nazirin xanımı"

Избранный
19
kulis.az

1Источники