Bəzən cibimizdə daşıyırıq, bəzən masa üzərinə qoyuruq, lakin çox vaxt fərqinə varmırıq: avtomobil açarları mikroorqanizmlərlə dolu ola bilər.
HIT.az xəbər verir ki, "Daily Mail" nəşrinin Money Supermarket araşdırmasına istinadən yaydığı məlumata görə, bu açarlar gündəlik istifadədə olan digər əşyalardan – məsələn, telefon və ya klaviaturalardan – daha yüksək səviyyədə bakteriya daşıyır.
Araşdırmada iştirak edən 2 000 Böyük Britaniya sürücüsünün üçdə biri avtomobil açarlarını heç vaxt təmizləmədiklərini etiraf ediblər. Halbuki əvvəlki araşdırmalar avtomobilin içindəki sükan, sürət qolu kimi tez-tez toxunulan səthlərin yüksək miqdarda bakteriya daşıdığını sübut etmişdi. Lakin bu günə qədər avtomobil açarlarının potensial təhlükəsi böyük ölçüdə diqqətdən yayınmışdı.
Araşdırmaya Salford Universitetindən mikrobioloq Dr. Co Latimer rəhbərlik edib. Onun komandası tərəfindən müxtəlif avtomobil açarlarından götürülən nümunələr laborator analizə cəlb olunub və orta hesabla hər açarda 241 bakteriya aşkar edilib. Bu rəqəmin mobil telefon və kompüter klaviaturaları ilə müqayisədə dörd qat daha çox olduğu qeyd olunur.
Araşdırmada aşkarlanan ən yayğın bakteriya növü insan dərisinin təbii florasına daxil olan Staphylococcus epidermidis olub. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu bakteriya bəzi hallarda – xüsusilə cərrahi müdaxilələrdən sonra – ciddi infeksiyalara səbəb ola bilər.
Analizlərdə aşkarlanan bakteriyaların çoxu dəri mənşəlidir. Lakin bəzi açarlarda bağırsaq mənşəli ola biləcək bakteriya növlərinə də rast gəlinib ki, bu da daha geniş mikrobioloji təhlükə potensialını göstərir.
Mütəxəssislər qeyd edirlər ki, avtomobil açarları adətən təmizlik zamanı nəzərə alınmır, lakin onların üzərində toplanan bakteriyalar sağlamlıq üçün təhlükə yarada bilər. Bu səbəbdən, telefon və digər şəxsi əşyalarla yanaşı, avtomobil açarlarının da mütəmadi olaraq dezinfeksiya edilməsi tövsiyə olunur.
Samir