RU

"Hədəf ilanın başıdır: İsrail niyə Ayətullah Xameneini zərərsizləşdirməlidir?" - İsrail mətbuatı

 
"İsrailin əsas hədəfi artıq nüvə proqramı yox, onu idarə edən lider olmalıdır..."
 
Yaxın Şərqin taleyi indi İsrailin əllərindədir. İslam və ərəb ölkələri kimin geri çəkiləcəyi, kimin isə üstün gələcəyini gözləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu "Yediot Ahronot" qəzeti yazıb.
 
Nəşrin icmalçısı qeyd edir ki, İsrail üçün əsas məsələ İrana qarşı nüvə təhdidinin dayanıb-dayanmayacağıdır. Bu səbəbdən də Tel-Əvivin qarşısında duran başlıca hərbi vəzifə İranın nüvə proqramına ağır zərbə vurmaqdır. Ancaq söhbət yalnız atom proqramından getmir.
 
İran İsrailə raketlər atır, xəstəxanaları hədəfə alır, dünya isə gözlərini yalnız İsrailin hərəkətlərinə zilləyib. Belə şəraitdə mesaj açıq və sərt olmalıdır - ayətullahlar toxunulmaz deyi. Əgər İsrail bölgəyə real mesaj vermək istəyirsə, "ilanın başını",  yəni Ali Lider Ayətullah Əli Xameneini vurmalıdır.
 
Xameneiyə zərbə: riskli, lakin strateji addım
 
Xameneiyə qarşı hücum və ya onun aradan götürülməsi ilk baxışdan İran daxilində şiə əhalinin qısamüddətli həmrəyliyi ilə nəticələnə bilər. Hətta o, "müqəddəslər" sırasına da qaldırıla bilər. Amma bu adam artıq 36 ildir ki, İranın siyasi kursunu diktə edir - nüvə proqramını gah sürətləndirib, gah ləngidib, İslam Respublikasını isə beynəlxalq terrorun əsas mərkəzinə çevirib.
 
1979-cu il İslam inqilabından sonra İran faktiki olaraq bütün sünni ərəb dünyasına - başda Səudiyyə Ərəbistanı olmaqla, Misir, İordaniya, BƏƏ və digərlərinə qarşı gizli savaş aparır. Ayətullah Xomeyninin İraqla 8 illik açıq müharibəsindən fərqli olaraq, Xamenei 1989-cu ildə hakimiyyətə gəldikdən sonra bölgəyə qarşı "qeyri-rəsmi" savaşı genişləndirib. Hədəfdə həm də ABŞ və İsraildir.
 
İranın "kölgə ordusu": Livandan Meksikayadək
 
Xameneinin rəhbərliyi ilə İran Livanı dağıdıb, Suriyanın simasını dəyişib, Bəşər Əsədi hakimiyyətdə saxlayıb və oradakı ən böyük proksi qüvvə olan "Hizbullah"ı genişləndirib. İraqda şiə milislər vasitəsilə anarxiya yaradıb, Yəməni parçalayaraq Səudiyyənin cənubuna təhdid formalaşdırıb. Bəhreynin sünni hakimiyyətini silkələyir, Qətəri isə öz orbitində saxlayır.
 
İran təkcə Orta Şərqdə deyil, dünyada da "terror ixracatçısıdır". 1980-ci illərdə "Hizbullah"ın intiharçıları ilə Livanda ABŞ və Fransa hərbçlərinə hücumlar təşkil edib. İndi isə İranın Meksika sərhədi ilə ABŞ-a terrorçular sızdırdığı ehtimal olunur. ABŞ-da müxalif fəallara qarşı sui-qəsd cəhdləri də bu siyahıya daxildir.
 
Xameneinin sonu bölgənin yeni başlanğıcı ola bilərmi?
 
86 yaşlı Xamenei olmasaydı, bəlkə də İranla dünya arasında dialoqa açıq daha rasional qüvvələr önə çıxardı. Reallıq isə budur: o, islahatçıları sıradan çıxarıb, müxalifəti amansızlıqla boğub və indi ABŞ-a açıq şəkildə müharibə ilə hədələyir. Əgər ABŞ İrana zərbə endirsə, Xamenei bütün bölgəni alova qərq edəcəyini vəd edir.
 
Amma bəlkə də yalnız onun siyasi səhnədən çıxarılması (əgər bu realdırsa) İranda yeni bir dövrün başlanğıcını gətirə bilər. Əlbəttə, daha radikal qrupların hakimiyyətə gəlmə riski də var. Lakin Xamenei dövründə ölkənin artıq keçdiyi radikallaşma yolu nəzərə alınarsa, vəziyyətin daha da pisləşməsi çətin görünür. Əgər İsrail Xameneiyə zərbə endirə bilsə, bu, təkcə öz təhlükəsizliyi üçün deyil, dünya üçün də böyük xidmət olacaq. Çünki o, təkcə bir lider deyil - o, terrorun ideoloqu, bir imperiyanın başıdır.
Избранный
26
moderator.az

1Источники