Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində bütövlükdə ölkə ərazisində quruculuq-bərpa işləri aparılır. Ölkə üzrə həyata keçirilən quruculuq işləri xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə daha geniş vüsət alıb. Artıq qürurla qeyd etmək olar ki, ermənilərin vəhşicəsinə talan etdikləri, daş üstə daş qoymadıqları Qarabağ cənnətə çevrilir. Sakinlərin bu ərazilərdə yaşayıb yaratmaları üçün bütün infrastruktur, mədəni, iaşə, sosial obyektlər yaradılır, yollar salınır, hətta xarici turistlərin cəlb olunması üçün aeroportlar, müasir istirahət kompleksləri tikilir. Sözügedən ərazilərdə yaradılan istehsal müəssisələri isə keçmiş məcburi köçkünlərin məşğullq probleminin həll olunmasında əhəmiyyətli rol oynayır. Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Bu baxımdan, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Laçına səfəri zamanı belə müəssisələrin yerli sakinlərin istifadəsinə verilməsi fikrimizi bir daha təsdiq etmiş olur. Qətiyyətlə demək olar ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Laçın rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Qeyd edək ki, hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş "Laçın Aqro-Sənaye Parkı" fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri "LATIFA" Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
"Laçın Aqro-Sənaye Parkı"nda işə başlayan müəssisələrdən biri də "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır. "Laçın Aqro-Sənaye Parkı"nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.
Qarabağ və Şərqi Zəngəzurun, xüsusən də Laçın rayonunun füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq regionda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə mühüm sosial-infrastruktur layihələri həyata keçirilməkdədir. Bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda turizm infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində "Laçın" İstirahət Kompleksinin açılışında iştirak edib. Onu da bildirək ki, Qarabağın əsrarəngiz təbiətində, Laçın rayonunun dağ zirvəsində yerləşən bu məkan bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət göstərən mühüm layihələrdən biridir. Ərazisi 11.2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan "Laçın" İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Kompleksdə fəaliyyət göstərəcək restoran və kafelər həm milli mətbəxin, həm də dünya mətbəxinin təamlarını qonaqlara təqdim edəcək. Burada qonaqların istirahətini mənalı və əyləncəli keçirmələri üçün boulinq, VR oyun zonaları, karaoke, bilyard, uşaq əyləncə mərkəzi fəaliyyət göstərəcək. Kompleksin ərazisindəki futbol və basketbol meydançaları, velosiped və yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda aktiv istirahət təqdim edəcək. Hazırda istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.
Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək. İşğaldan azad edilmiş təkcə bir rayonda qısa müddət ərzində görülən quruculuq-bərpa işlərinin miqyası deməyə əsas verir ki, yaxın gələcəkdə Qarabağ sözün əsil mənasında cənnətə çevriləcək.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта