RU

Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır və konsulluq xidmətini Azərbaycana göndərir

Avstraliya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bütün Avstraliya rəsmilərini və onların ailə üzvlərini İrandan çıxarmaq və Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar verdiyini elan edib.

Bu barədə Avstraliya İttifaqının xarici işlər naziri Penni Vonqun bəyanatında bildirilib.

"Avstraliya hökuməti bütün rəsmi şəxslərə və onların ailələrinə İranı tərk etmək göstərişi verib və ölkədə pisləşən təhlükəsizlik qiymətləndirməsinə əsaslanaraq Tehranda səfirliyin fəaliyyətini dayandırıb”, – XİN başçısı bildirib.

Onun sözlərinə görə, Avstraliyanın İrandakı səfiri böhranlara cavab vermək üçün hökumətin səylərini dəstəkləmək məqsədilə regionda qalacaq.

"Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxan avstraliyalılara dəstək göstərmək üçün Azərbaycana, o cümlədən onun sərhəd məntəqəsinə konsulluq əməkdaşlarını göndərir”, – o deyib.

"Biz İranı təhlükəsiz şəkildə tərk edə bilən avstraliyalılara bunu indi etməyi qətiyyətlə tövsiyə edirik. Gedə bilməyən və ya getmək istəməyənlərə yerində qalmağı və ehtiyat tədbirlərinə riayət etməyi məsləhət görürük”, – nazir vurğulayıb.

O həmçinin qeyd edib ki, cari vəziyyət və bağlı hava məkanı səbəbindən İranda konsulluq dəstəyi imkanları son dərəcə məhduddur. "Biz 24 saat fəaliyyət göstərən Konsulluq Fövqəladə Yardım Mərkəzi vasitəsilə işimizi davam etdiririk və böhran portalı vasitəsilə Avstraliya vətəndaşları ilə əlaqə saxlayırıq”, – Vonq əlavə edib.

Qeyd olunub ki, Yeni Zelandiya və İsveçrə də daxil olmaqla digər ölkələr də oxşar tədbirlər görüb və onlar da Tehranda öz səfirliklərinin fəaliyyətini dayandırıblar.

Избранный
35
11
7news.az

10Источники