RU

«Azərbaycan məhəlləsi» türkçülüyün yenilməzlik simvoludur

Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi, Azərbaycan-Türkiyə birliyi dünyaya örnək dostluq və qardaşlıq rəmzi, beynəlxalq miqyasda nadir əməkdaşlıq, müttəfiqlik nümunəsidir. İkinci Qarabağ müharibəsində daim Azərbaycanın yanında olduğunu bildirən Türkiyənin göstərdiyi maddi, mənəvi və siyasi dəstək xalqımız tərəfindən qardaş köməyi kimi qiymətləndirilib. Ermənistan üzərində Qələbəmizə həsr olunan Zəfər paradını hər iki ölkənin dövlət başçılarının birgə izləmələri türk-Azərbaycan qardaşlığının həmrəylik rəmzi kimi bütün dünyanı heyrətləndirdi. O günlərdə paytaxtımızda, respublikamızın şəhər və kəndlərinin küçələrində, meydanlarında Azərbaycanla Türkiyənin dövlət bayraqlarının qoşa dalğalanması «qardaş da, dost da dar gündə tanınar» el məsəlinin bariz nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət»” şüarını rəhbər tutduq.

Hər iki dövlətin birgə səyi, qətiyyəti ilə reallaşan enerji, nəqliyyat layihələri, ticarət, mədəniyyət, müdafiə sahələrində qurulan əlaqələr münasibətlərin yeni keyfiyyətlə inkişafı üçün təkan oldu. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın təməl sütunlarına çevrilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaş kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəs ilə regional əhəmiyyəti daha da artan əlaqələr nəticəsində türk birliyinin beynəlxalq aləmdə mövqeyi möhkəmləndi. Cənub Qaz dəhlizi ilə Avropanı dolaşan, qitənin bir neçə ölkəsinin enerji təchizatına mühüm töhfələr verən bu qardaşlıq Orta Dəhlizə artan maraqla yeni müstəvidə, daha geniş coğrafiyada təsdiqləndi.

Ölkəmiz Cənubi Qafqazın ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa bazarına enerji tədarükündə mühüm mövqeyə nail olub. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) isə Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrilib.

Gücün söz sahibi olduğu, müharibələrin, münaqişələrin davam etdiyi qlobal dünyamızda möhkəmlənən hərbi əməkdaşlıq sayəsində iki qardaş ölkənin Cənubi Qafqazda sabitliyin qarantı olması artıq təsdiqlənib. Xalqların ortaq iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasir dövrdə yeni məzmun və mahiyyət daşıyan hərbi əməkdaşlığın vacibliyi Azərbaycanın 30 il davam edən işğala son qoyduğu İkinci Qarabağ müharibəsindəki Zəfərimizlə nəticələndi. Türkiyənin göstərdiyi birmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını və qardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi. «Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi.

2023-cü ilin fevral ayının 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık, Elbistan rayonlarında baş verən, sonra Malatya, Adana, Hatay və digər şəhərləri də əhatə edən dəhşətli zəlzələlər törətdiyi dəhşətinə görə ilə «əsrin fəlakəti» adlandırıldı. Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirdi. 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina yararsız hala düşdü. Zəlzələnin baş verdiyi ilk anlardan qardaş köməyinə çatan Azərbaycan xalqı bir nəfər kimi səfərbər oldu. Türkiyədə baş verənləri geniş mənada bəşəriyyətin insanlıq qarşısında borcu, sınağı, xeyirlə şər, ölümlə yaşamaq istəyi arasında mübarizə adlandırmaq daha uyğun olardı.

Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək göstəriləcəyini bildirən Prezident İlham Əliyev qardaşlıq dəstəyini əsirgəmədi. Dağıntıların, acı fəsadların aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq borcu adlandırdı: «Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı.»

Prezident İlham Əliyevin göstərişlərinə əsasən hadisə yerinə ilk gələn və axtarış-xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından çıxarılmasında fəallıq göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə böyük yardım kampaniyası təşkil edildi.

Zəlzələdən sonra da fəlakət zonasında aparılın bərpa işlərində Türkiyəyə yardım göstərən Azərbaycanın maliyyə dəstəyi ilə daha çox dağıntıya məruz qalan Kahramanmaraşda geniş ərazini əhatə edən «Azərbaycan” məhəlləsi»nin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dollar (170 milyon manat) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Artıq sakinlərini qəbul etməyə hazır olan 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Kahramanmaraşda ucaldılan türk dünyasının dostluq abidəsi kimi möhtəşəmliyini qoruyan məhəllənin istifadəyə verilməsi qardaşlığın uğur təntənəsidir. Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan «Azərbaycan” məhəlləsi» artıq ilk sakinlərini qəbul edib.

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak etmək üçün qardaş Türkiyə Respublikasına işgüzar səfərə gəlib. Həmin gün dövlətimizin başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Həmin gün Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd edildi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu.

“İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, – deyə dövlətimizin başçısı qeyd edib.

Vurğulanıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı öz çıxışında bildirib: “Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Избранный
88
50
veteninfo.az

10Источники