RU

Xaricə təhsil məqsədilə gedən gənclərin sayında ciddi artım müşahidə olunur AYDINLIQ GƏTİRİLDİ

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

"Gənclər Azərbaycan əhalisinin təqribən 21-22 faizini təşkil edir. Bu, o deməkdir ki, son 10 ildə gənclərin sayında da azalma müşahidə olunur". Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.

O bildirib ki, əvvəlki illərdə gənclər ölkə əhalisinin təqribən 29-30 faizini təşkil edirdi: "Yəni, gənclərin sayındakı azalma həm təbii artımın ləngiməsi ilə izah olunur, həm də təhsil məqsədilə xarici ölkələrə gedən gənclərin sayının artması ilə əlaqələndirilir. Əlbəttə, gənclərin xaricə getmə səbəbləri əsasən daha keyfiyyətli təhsil almaq, beynəlxalq təhsil standartlarına cavab verən ölkələrdə oxumaq və gələcəkdə rəqabətədavamlı kadr olmaq arzusu ilə bağlıdır. Digər tərəfdən, bu gün biz artıq açıq cəmiyyətlə yaşayırıq, qlobal dünyaya inteqrasiya olunmuşuq və müasir gənclər bunun fərqindədirlər. Onlar xarici ölkələrdə müxtəlif imkanlardan yararlanmaq, öz bacarıqlarını nümayiş etdirmək və xaricdə həyatlarını, karyeralarını qurmaq istəyirlər.

Xaricə təhsil məqsədilə gedən gənclərin sayında ciddi artım müşahidə olunur. Əlbəttə ki, onların bir qismi təhsilini başa vurduqdan sonra vətənə qayıdır, lakin bir hissəsi təhsildən sonra da xarici ölkələrdə işləməyə qərar verir. Ancaq bütün bunlara baxmayaraq, bu gənclər Azərbaycanla bağlılıqlarını itirmirlər. Azərbaycan gəncliyi dövlətinə, xalqına, Vətəninə bağlı gənclərdir. Bu baxımdan, biz əslində çox dəyərli və vətənpərvər bir gəncliyə sahibik. Demək ki, xaricdə yaşayan gənclərin Azərbaycana qayıtması üçün, ilk növbədə onların məşğulluq məsələləri ön planda olmalıdır. Onların əmək bazarında daha layiqli mövqe tutmaları üçün xüsusi dövlət siyasəti həyata keçirilə bilər. Eyni zamanda, mənzillə təminat məsələsi ilə bağlı da əlavə dəstək proqramlarının tətbiqi faydalı ola bilər. Doğrudur, bu istiqamətdə Azərbaycanda artıq müəyyən dövlət proqramları və təşəbbüslər mövcuddur. Həmçinin xaricdə təhsil alan gənclərin dəstəklənməsi məqsədilə müxtəlif dövlət proqramları fəaliyyət göstərir. Ancaq xaricdə təhsil alıb geri dönən gənclərə daha yüksək təminatlı iş yerləri təklif olunmalıdır. Eyni zamanda onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, məsələn, Mənzil Fondu vasitəsilə dəstək göstərilməsi də önəmlidir".

"Gənclərin məşğulluğu ilə yanaşı, onların mənzillə təmin olunması ilə bağlı əlavə dəstək tədbirləri də tətbiq edilməlidir ki, xaricdə olan gənclərin bir qismi vətənə qayıtsın və burada öz töhfəsini versin. Hesab edirəm ki, bu istiqamətdə dövlətin həm ağıllı, həm də davamlı siyasəti mövcuddur. Artıq müəyyən addımlar atılır ki, xaricdə təhsil alıb geri dönən gənclər Azərbaycan iqtisadiyyatına fayda verə bilsinlər. Çünki bizdə böyük potensiala malik olan gənc nəsil mövcuddur. Azərbaycan hər zaman zəhmətkeş, təşəbbüskar və savadlı insan kapitalına malik olub. Bu baxımdan gənclərin məşğulluğu, onların təhsili və karyerası dövlət siyasətinin daim prioritet istiqamətlərindən biri olub. Məhz bu istiqamətdə də ağıllı və davamlı siyasət həyata keçirilir və gənclərin potensialı milli inkişaf üçün səfərbər edilir. Əlbəttə ki, bu sahədə dövlətin strateji yanaşması mövcuddur. Şübhəsiz ki, bu strategiya gənclərin məşğulluğu, təhsili, mənzillə təmin olunması və digər sosial məsələləri əhatə edir. Məncə, bu istiqamətdə məqsədyönlü gənclər siyasəti həyata keçirməklə biz xaricdə təhsil alan gənclərin daha böyük qismini vətənə qaytara, onları dövlət həyatına və ölkə iqtisadiyyatına töhfə verməyə təşviq edə bilərik" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
sia.az

2Источники