RU

Nigar Arpadarai: İqlimə dayanıqlı KOB-lar təşəbbüsümüzə 46 tərəfdaş qoşulub

Bonn, 19 iyun, Pərvanə Qafarova, AZƏRTAC

Artıq bir neçə gündür biz COP29 sədrliyi olaraq Bonnda ən vacib müzakirələrdə iştirak edirik. COP-dan əvvəl vacib tədbirlərdən biri məhz bu məsləhətləşmələridir. Bakıdan Belemə Yol Xəritəsi mövzusunda məsləhətləşmələrdə iştirak etdik. Bizim COP29-un ən əhəmiyyətli qərarı maliyyə ilə bağlı idi. Söhbət 300 milyard söhbət gedir. Amma əsas qərarlardan biri də bu 300 milyardın 1,3 trilyona çatdırılmasıdır.

Bu barədə AZƏRTAC-a müsahibəsində COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib.

“Yaşıl iqtisadiyyata keçid çox bahalı prosesdir. Prosesdə həm hökumətlərin, həm də qeyri-hökumət tərəfdaşların, yəni özəl sektorun, QHT-lər və bütün digər qeyri-hökumət, qeyri-dövlət strukturların fikirləri vacibdir. Bu sənədin hazırlanmasında bütün fikirlərin alınması önəmlidir. Bu gün çox aktiv müzakirələr oldu. QHT-lər çox aktiv idi, bəzən tənqidi fikirlərlə çıxış edirdilər.

Vacib məsələlərdən biri məhz özəl sektorun fikirləridir, çünki 1,3 trilyondan danışırıqsa, bu, tək dövlətin maliyyəsi hesabına baş verməyəcək. Burada təbii ki, investisiyalar, özəl sektor, maliyyə təşkilatları lazımdır. Özəl sektora güzəştlər və hər bir dövlət tərəfindən ona yaradılan xüsusi ekosistem olmalıdır.

Ona görə mesajlar açıq surətdə verildi. Bizim COP29 sədrliyi olaraq əsas məqsədimiz bunu tam inkluziv şəraitdə, açıq şəraitdə etməkdir ki, bütün fikirləri alaq və COP30 Sədrliyi ilə yaxından birgə fəaliyyət sərgiləyək. Hazırda bütün tərəfdaşlarla, bütün dövlətlərlə və qeyri-hökumət aktorlarla gündəlik əsasında işləyirik ki, COP29-un tarixi nəticələri gündəmdə qalsın, iqlim dəyişikliyi ilə mübarizə məsələsinə töhfəmizi verə bilək. Azərbaycan COP29 komandası COP30-un komandası ilə yaxından çalışır.

COP30-un yüksək səviyyəli iqlim çempionu ilə birgə fəaliyyət göstəririk. Çünki bu, ikiillik roldur və biz bu qlobal iqlim fəaliyyətini davam etdirməliyik. Burada həm özəl sektor nümayəndələri, həm də xeyriyyə təşkilatları və investorlar iştirak edir. Adətən COP prosesində, Mavi zonada yalnız tərəflər təmsil olunur. Azərbaycan COP29 komandası mindən çox şirkətin rəhbərini Bakıya gətirə bildi. Bu, birinci məsələ idi. İkinci məsələ kiçik və orta bizneslərə (KOB) dəstək kampaniyası idi ki, bunu yüksək səviyyəli iqlim çempionu komandası olaraq etdik. Hazırkı mərhələdə 46 tərəfdaş bizə qoşulub və 90 milyon KOB-a çıxışımız var.

Yəni, bu mənada COP30 komandası bu layihəni çox dəstəkləyir və Braziliyanın COP30 Yüksək səviyyəli iqlim çempionu Den Yoşpe qeyd edir ki, kiçik və orta bizneslər məsələsi Braziliya üçün çox vacibdir. Braziliya Azərbaycanın bu təşəbbüsünü xüsusi şəkildə davam etdirəcək. Bizim komanda tək onlarla yox, QHT-lərlə, akademiya və bütün digər qeyri-dövlət strukturları ilə yaxından işləyir. Əsas məqsədimiz COP30 komandasına dəstək olmaqdır”, - deyə Nigar Arpadarai vurğulayıb.

Избранный
9
2
azertag.az

3Источники