RU

"Putin Qərbə açıq mesaj verib: müharibə, sülh və "qırmızı xətlər" - Xarici KİV-lər

"Rusiya liderinin bəyanatları NATO, Almaniya və Yaxın Şərq kontekstində rezonans doğurub..."
 
Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiya prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşərək genişmiqyaslı mətbuat konfransı keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "tass.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Rusiya lideri Qərb auditoriyasına ünvanlanan mesajlarında Ukrayna müharibəsinin səbəblərindən tutmuş NATO-nun siyasətinə, Almaniyanın davranışlarına və Yaxın Şərqdəki vəziyyətə qədər bir çox həssas məsələyə toxunub. Qərb mediası bu çıxışa müxtəlif reaksiyalar verib - bəziləri təəccüblənib, digərləri isə ciddi narahatlıq keçirib.
 
Ukrayna münaqişəsi və NATO ilə gərginlik
 
Hindistanın "The Hindu" nəşri yazır ki, Putin Ukraynadakı müharibəni sadəcə regional toqquşma kimi deyil, əslində Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi NATO arasında daha genişmiqyaslı qarşıdurmanın tərkib hissəsi kimi təqdim edib.
 
"Biz daim ordumuzu və müdafiə qabiliyyətimizi gücləndiririk" deyən Putin NATO-nun silahlanmaya əlavə vəsait ayırmasını mənasız sayıb. O, Alyansın artan hərbi xərclərinin Rusiyaya müəyyən risklər yaratdığını etiraf etsə də, bu təhlükələrin qarşısının alınacağına tam əmin olduğunu vurğulayıb.
 
Fransanın "Le Figaro" qəzetinə görə, Putin NATO-nun silahlanmasını birbaşa təhlükə kimi görmür. "Biz təhlükəsizlik baxımından kifayət qədər özünəyetərlilik nümayiş etdiririk", - o, deyib. Gələn həftə Haaqada keçiriləcək NATO sammiti fonunda Putinin bu cür tonla danışması Qərbin artan müdafiə strategiyalarına cavab olub.
 
"Taurus" raketləri sərhədi aşır
 
İngiltərənin "Express" nəşri Putinlə bağlı məqaləsini dramatik şəkildə adlandırıb: "Üçüncü dünya müharibəsi ilə bağlı tükürpədici xəbərdarlıq". Məsələ ondan ibarətdir ki, Putin Almaniyanın Ukraynaya "Taurus" qanadlı raketləri göndərməsi halında bu addımı "birbaşa hərbi toqquşma" kimi qiymətləndirib.
 
"Əgər bu baş verərsə, bu, artıq Almaniyanın Rusiya ilə müharibədə tərəf kimi iştirak etməsi deməkdir", - o, bildirib. Almaniya kansleri Fridrix Merts hələlik bu məsələ ilə bağlı rəsmi mövqe ortaya qoymasa da, Kremlin açıq şəkildə reaksiya verməyə hazır olduğu hiss olunur.
 
Moskva dialoqa açıqdır, amma şərtlərlə
 
"Berliner Zeitung" yazır ki, Putinin ritorikasına baxmayaraq, Rusiya hələ də Avropa ilə, o cümlədən Almaniya ilə dialoqa açıqdır. "Əgər Merts mənimlə əlaqə saxlasa, danışmağa hazırıq", - o, bildirib. Lakin eyni zamanda Almaniyanı Ukrayna münaqişəsində neytral vasitəçi kimi qəbul etmədiyini də açıq şəkildə ifadə edib. "Almaniya tanklar göndərir, texnologiyasından bizim ərazimizdə - Kurksda belə istifadə olunur. Bu artıq tərəf tutmaqdır", - Putin əlavə edib.
 
Zelenski ilə görüş şərtidir
 
"The Guardian" qəzetinin yazdığına görə, Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə "tamamlayıcı mərhələdə" hazır olduğunu bildirib. O, bu cür danışıqların uzanmasını istəmir və nəticə əldə olunacağı təqdirdə masa arxasına əyləşə biləcəyini deyib. Bununla yanaşı, o, Zelenskinin legitimliyi ilə bağlı şübhələrini də dilə gətirib.
 
İran və İsrail arasında vasitəçilik
 
"Associated Press" xəbər verir ki, Putin Yaxın Şərqdə İran və İsrail arasında vasitəçi roluna iddialı çıxış edib. O, Moskvanın hər iki ölkə ilə strateji münasibətlərə malik olduğunu və tərəfsiz mövqe tutaraq sabitliyi qorumağa çalışdığını vurğulayıb. "Bu, çətin məsələdir, lakin ümumi həll yolu tapmaq mümkündür", - Putin qeyd edib.
 
"The Times of Israel" isə yazır ki, Putinin sözlərinə əsasən, Rusiya artıq İsraillə müəyyən razılaşmalara nail olub. Belə ki, İranın Buşehr şəhərindəki nüvə stansiyasında çalışan 200-dən çox rusiyalı mütəxəssisin təhlükəsizliyi təmin ediləcək. Putin bildirib ki, "Rusiya İranın mülki nüvə proqramında iştirakını davam etdirəcək və bu sahədə Tehranla maraqları bölüşür".
 
Hərbi əməkdaşlıq "qırmızı xətt"dir
 
Putin əlavə edib ki, Rusiya ilə İran arasında yanvar ayında imzalanmış strateji tərəfdaşlıq sazişi hərbi əməkdaşlıq məsələlərini əhatə etmir. Yəni Tehranla hərbi silah təchizatı gündəmdə deyil. Bununla Rusiya tərəfi Qərbin mümkün ittihamlarının qarşısını almağa çalışır.
 
Putinin çıxışı Qərb mediasında həm təşviş doğurub, həm də siyasi təhlillərə zəmin yaradıb. O, həm öz mövqeyini sərt şəkildə bildirib, həm də müəyyən kompromis siqnalları verib. Bu isə Moskvanın həm təzyiq göstərmək, həm də danışıq aparmaq strategiyasını paralel şəkildə davam etdirdiyini göstərir.
Избранный
19
50
moderator.az

10Источники