RU

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı olub - VİDEO

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.

Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.

İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.

Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.

Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.

Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.

“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.

Избранный
7
17
aznews.az

5Источники