RU

Elxan Səmədov: Mən sizə real məsələləri deyirəm - MÜSAHİBƏ

BAKI. 19 iyun. TELEQRAF

Peşəkar Futbol Liqası (PFL) 2024/2025 mövsümündə ən fəal qurumlardan olub. Azərbaycan Premyer Liqası, I Liqa, II Liqa və Əvəzedicilər Liqası kimi yarışları qüsursuz keçirən PFL mövsümə möhtəşəm Azərbaycan Kubokunun final matçı ilə yekun vurub.

Qurumun prezidenti Elxan Səmədov Teleqraf-a müsahibəsində bu nailiyyətin sirrini açıqlayıb, gördükləri işlər və növbəti mövsümlə bağlı planlardan danışıb:

- 4 liqa və 44 komanda, üstəlik, Azərbaycan Kubokunun oyunları. Belə bir böyük məsuliyyətin öhdəsindən gəlməyə yəqin ki, təkcə canlı qüvvə, işçi sayı yetərli olmazdı. Bu qədər işi necə bacardınız

- İlk növbədə, dəyər verdiyiniz, işimizi yüksək qiymətləndirdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, ilk növbədə, qurduğumuz struktur, ikincisi, departamentlərin əla çalışması, daha sonra hər bir əməkdaşın üzərində olan vəzifə təlimatlarının hər hansı bir yanlışlıq olmadan yerinə yetirməsi və ən əsası, təbii ki, əməkdaşlarımızın fədakarlığı nəticəsində biz bunlara nail olduq. Buna görə onların hər birinə öz minnətdarlığımı bildirirəm. Mən də şahidəm ki, bu mövsüm ərzində əməkdaşlarımız bayram günlərində də, həftə sonlarında da, hətta iş bitdikdən sonra da dəfələrlə işdə qaldılar. Bu qədər işi 8 saatlıq rejimdə həyata keçirməyin mümkün olmadığını özüm də başa düşürəm. Bir sözlə, bütün kollektivlə işimizi layiqincə yerinə yetirdiyimizə görə qürurluyam və sizə də buna dəyər verdiyiniz üçün təşəkkür edirəm.

- Azərbaycanda futbol mövsümü Premyer Liqa ilə başlayır, Azərbaycan Kubokunun finalı ilə yekunlaşır. Gələn mövsümdən bu ardıcıllıqda dəyişiklik etməyi düşünürsünüz?

- Əslində bu mövsümün əvvəlində də biz kubok mübarizəsinin çempionatın son turu ərəfəsində yekunlaşmasını düşünmüşdük. Müəyyən məqamları təhlil etdikdən sonra bunu təxirə saldıq. Növbəti mövsümdən bununla bağlı müəyyən fikirlərimiz var, üzərində çalışırıq. Yəni, biz Azərbaycan Kubokunun final oyununu çempionatın sonuncu turundan bir neçə tur əvvəl bitirməyi qarşımıza məqsəd qoymuşuq və bununla bağlı planlar cızırıq. Sadəcə, o zaman komandalarımız 3 gündən bir oynamağa hazır olmalıdır. Özünüz də araşdırsanız, görərsiniz ki, Avropanın bir çox ölkələrində kubok çempionatdan əvvəl bitir və final qarşılaşması da həftə içinə təsadüf edir. Biz yalnız finalçıları deyil, digər 10 komandanı da düşünməliyik. Oyun və istirahət balansları digər komandaların qrafikində də nəzərə alınmalıdır. Sadəcə, həmin ərəfədə finalçılar sıx qrafikdə oynayacaqlar ki, bu da normaldır. Böyük ehtimalla, növbəti mövsüm kubokun final qarşılaşması sonuncu turlardan əvvələ keçiriləcək. Həmçinin mövsümdən sonra futbolçuların da, komandaların da istirahət etmələrini, millinin düşərgələrinə çağırılan oyunçuların, daha sonra avrokubok oyunlarına gedəcək komandaların təlim-məşq toplanışlarını da nəzərə almaq lazımdır.

- 12 komandalı çempionatda hər tur 6 oyundan ibarət olacaq. Bu halda, püşkatma qaydasında dəyişiklik ediləcəkmi və hər turun oyun bölgüsü necə aparılacaq?

- Bütün dünyada olduğu kimi, təqvim püşklə müəyyənləşir. Rəqəmlərin qarşısına komandaların adları yazılır və təqvim də bunun əsasında müəyyən olunur. Bizə hansısa qarşılaşma ilə bağlı narazılıqlar daxil olmayıb. Məndə belə bir informasiya yoxdur. Oyun bölgüsünə gəldikdə, bu məsələlər püşk atıldıqdan sonra dəqiqləşəcək. Biz oyunları 3 günə böləcəyik. Səbəbi yayım və VAR sistemidir. Hər gün 2 oyunu canlı verməyi planlaşdırırıq.

- Bəzi stadionlarda yayım baxımından çətinliklər mövcuddur. Bu məsələni yayımçı telekanal və klublarla birlikdə müzakirə etmək fikriniz varmı?

- Bəli, xüsusən aşağı liqalarda bu çətinlik var. PFL olaraq, ötən mövsüm bir neçə arenada, xüsusən II Liqa komandalarının stadionlarında öz hesabımıza çəkiliş meydançaları düzəltdirdik. Bundan sonra görüntü daha hündürdən və gözə xoş gələcək səviyyəyə çatıb. Büdcəmiz imkan verəcəyi təqdirdə, bu addımı I Liqada da atmağa çalışacağıq.

Premyer Liqada da bəzi stadionlarda həqiqətən yayımla bağlı çətinliklər mövcuddur. “CBC Sport”un gördüyü işlər həqiqətən möhtəşəmdir. Əllərində olan minimum imkanlarla maksimum işlər görürlər. Özünüz də bunun şahidisiniz. Artıq tərif deməyə gərək yoxdur. Görülən iş göz qabağındadır, görünən kəndə bələdçi lazım deyil. Əvvəlki mövsümlərdə, düzdür, bizdə yayımla bağlı çox böyük çətinliklər var idi. Bəzi stadionlarda, ümumiyyətlə, yayım azarkeşlər olan tərəfdən aparılır, yəni, üzbəüz boş tribunalar efirə düşürdü. Amma artıq bir neçə mövsümdür ki, bunlar yavaş-yavaş aradan qaldırılır. Sadəcə, bəzi stadionların tikilişində elə konstruksiyalar var ki, ora dəyişiklik etmək artıq mümkün deyil. Mən sizə real olan məsələləri deyirəm.

Problemlərin aradan qaldırılması mümkün olan yerlərdə bu məsələlər aradan qaldırılır. Özünüz də şahidsiniz ki, bəzi stadionlarda yayımla bağlı çəkiliş yerləri kifayət qədər təkmilləşdirilib, daha peşəkar səviyyəyə gətirilib. Konkret, Tovuz, Qəbələ ilə bağlı sizə misal çəkə bilərəm. Gördüyünüz kimi, çəkiliş yerinin dəyişdirilməsi daha yaxşı görünüşə səbəb olub. Çünki özünüz də bilirsiniz ki, futbolun gözəlliyi azarkeşlərdir. Yenə bir daha "CBC Sport"a təşəkkürlərimi bildirirəm ki, əllərində olan imkanlarla maksimum işlər görürlər. Klublar da bizə bu yöndə dəstək verirlər. Amma bəzi stadionların quruluşundan asılı olaraq onlara müdaxilə etmək mümkün deyil.

- Gələn mövsümdən VAR maşınlarının sayının artırılması gözlənilirmi?

- Məncə, bu suala cavab verməyim doğru olmazdı. Çünki PFL-ə aid məsələ deyil. Rəsmi cavab yox, sadəcə, şəxsi fikrimi deyə bilərəm. Düşünürəm ki, hazırda olanlar yetərlidir.

- "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasının bir səbəbi kimi də VAR maşınlarının logistikası göstərilir. Bu, doğrudursa, problemin həlli yolunu nədə görürsünüz?

- Bu, ehtimal üzərində qurulan bir məsələdir. Hazırda "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasının səbəbi oradakı stadionun Premyer Liqa şərtlərinə cavab verməməsidir. Stadion şərtlərə cavab verdikdən sonra hansısa problemlər - VAR məsələsi və ya yayım məsələsi ortaya çıxarsa, onda bununla bağlı suallara cavab vermək daha düzgün olar. İndiki halda "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasının yeganə səbəbi stadionun tələblərə cavab verməməsidir.

- Klublar və mütəxəssislərdən mövsümün gedişi ilə bağlı hansı irad və təkliflər alırsınız?

- İstənilən mövsümlə bağlı fikirlər müxtəlif olur. Buna özünüz də şahidsiniz. Hər mövsüm bitəndə, sonuncu - kubokun final oyunu səhəri günü biz artıq yeni mövsümə hazırlaşmağa başlayırıq. Hələ elə bir mövsüm olmayıb ki, yeni mövsüm başlasın və bizim Əsasnaməyə hansısa dəyişiklik və əlavəmiz olmasın. Çünki mövsümün gedişində bizdə hər hansı bir çatışmazlıq varsa, qeydlər aparılır. Bura klublardan gələnlər də, mütəxəssislərin açıqladıqları fikirlər də daxildir. Eyni zamanda, kütləvi informasiya vasitələrində də, sizin də müəyyən məsələlərlə bağlı fikirləriniz olur. Bunların hamısı toplanır, mövsümün sonunda iclaslarımız keçirilir. Yenə də bizdə Əsasnamə ilə bağlı iclas keçiriləcək. Həmin irad və təkliflərin, əmin olun ki, heç biri kağız üzərində qalmır, hansılarını ki, reallaşdırmaq mümkündür, biz onu həyata keçiririk.

- Yeri gəlmişkən, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun formatının fərqli olmasını istəyib və bu yolla Avropa Liqasına vəsiqə qazanmağın Premyer Liqada çəkilən əziyyətdən daha rahat başa gəldiyini bildirib. Lakin siz 1/4 final mərhələsinin də 1 oyundan ibarət olmasının mümkünlüyünü dilə gətirmisiniz. Çempionatda tur sayının azaldığını nəzərə alaraq, Azərbaycan Kubokunu qrup formatında, yaxud avrokuboklardakı və Türkiyə Kubokundakı kimi İsveçrə (dairəvi) sistemi ilə keçirmək fikriniz varmı?

- Rəşad Sadıqova çox böyük hörmətimiz var, Azərbaycan milli komandasının uzun illər kapitanı olub. Fikrimcə, baş məşqçi kimi də işləri uğurludur. Komandası ötən mövsüm yaxşı çıxış edib, avrokubokların pley-offuna qədər getməyi bacardı. Onun fikirlərinə hörmətlə yanaşıram. Azərbaycan Kubokunun 1/4 final mərhələsinin 1 oyundan ibarət olmasının mümkünlüyü haqqında məsələ daha rahat təqvimin tərtib olunması, yəni, oyunların, Premyer Liqa qarşılaşmaları da daxil olmaqla, həftə içinə düşməməsi ilə bağlı, həmçinin komandaların yay və qış fasiləsinin daha uzun olması üçün hesablanmış məsələ idi.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, 6 ölkədən başqa digər ölkələrin hamısında ¼ final mərhələsi 1 oyundan ibarətdir. Bunu özünüz də araşdıra bilərsiniz. Lazım olsa, sizə komandaların saylarını da deyə bilərəm. İndiki halda, bizdə artıq 3 dövrəli çempionat olacaq. Komandalar bir-biriləri ilə 3 dəfə görüşəcək. Ondan əvvəlki illərdə isə komandalar mövsüm ərzində bir-biriləri ilə 4 dəfə qarşılaşırdı və kubok oyunlarının da qrup şəklində keçirilməsi artıq mövsüm ərzində bir-biriləri ilə kifayət qədər çox qarşılaşmasına gətirib çıxaracaq. Fikrimcə, qrup mərhələsində qrupda yalnız Premyer Liqa komandaları yer almamalıdır, I liqada çıxış edən komandaların da qrupda yer alması yaxşıdır. Lakin, razılaşaq ki, I liqada çıxış edən komandalar hələ ki buna hazır deyillər. Bura maliyə və infrastruktur məsələləri də daxildir.

Əslində bizim də hazırda kubokda qarşımızda duran çətinliklərdən biri də odur ki, I Liqa komandaları ilə Premyer Liqa komandaları qarşılaşanda ilkin təsnifat mərhələlərindən sonra ev komandaları I Liqadakılar olursa, orada rəqibi infrastruktur cəhətdən qarşılayacaq klub yoxdur. Özünüz də ötən mövsümlərdə şahid oldunuz ki, püşkün nəticəsində ev komandası I Liqadan olmasına baxmayaraq, infrastruktur tələblərinə cavab vermədiyi üçün ev oyunlarını da rəqib Premyer Liqa komandasının stadionunda keçirirdilər. Bəlkə də gələcəkdə bu məsələyə yenidən qayıda bilərik, amma hazırda reallığı nəzərə alsaq, hələ ki bu, mümkün görünmür.

- 28 sentyabr - 8 oktyabrda Azərbaycanın 7 müxtəlif regionunda III MDB Oyunları keçiriləcək. Nəticədə Azərbaycan klublarının yararlandıqları bir sıra stadionlarda oyun keçirmələri mümkün olmayacaq. Bu halı təqvimdə necə nəzərə alacaqsınız?

- Düşünürəm ki, III MDB Oyunlarının təqvimə hansısa mənfi təsiri olmayacaq. Amma istənilən halda hər hansı məsələ olsa, biz dəfələrlə vurğulamışıq ki, bu, beynəlxalq yarışlardır və əlimizdən gələn dəstəyi, köməyi etmək hamımızın borcudur. Xatırladım ki, bir neçə gün öncə minifutbol üzrə dünya çempionatı Azərbaycanda keçirildi, bizə də müraciət etdilər, təbii ki, Azərbaycan, Azərbaycan idmanının adı naminə kubokun final oyununun vaxtını dəyişdik. Bilirsiniz ki, final bazar günü nəzərdə tutulmuşdu. Riskə gedib şənbəyə - Çempionlar Liqasının finalı ilə eyni günə keçirdik. Bunun da nəticəsi oldu. Minifutbol millimizi təbrik edirik. Azərbaycanda keçirilən möhtəşəm bir yarış oldu, komandamız dünya çempionu adını qazandı. Yenə də hansısa ciddi, fors-major hal olsa, nəzərə alınacaq.

- Gələn mövsümdən hansı yenilikləri etməyi düşünürsünüz?

- Hansısa ciddi dəyişikliklərin olacağını düşünmürəm. Yeganə yenilik kimi kubokun finalının çempionat bitməmiş keçirilməsi ehtimalı nəzərimizdən keçirilir. Bundan əlavə, aşağı liqa komandaları ilə bağlı nəzərdə tutulmuş bəzi məsələlər var. Bunları açıqlamaq istəmirəm. Müəyyən yeniliklər olanda bununla bağlı sizə məlumat veriləcək.

- Klublar stadionlarını sizə hansı tarixədək təqdim etməli və texniki-idman şöbəniz onları nə zamanadək yoxlamalıdır?

- Klublar stadionları bizə çempionatın başlamasına 1 ay qalmışa qədər bildirməlidirlər. Premyer Liqada çıxış edən komandaların tərəfimizdən artıq təftiş olunmuş stadionlarında hər hansı problem yoxdur. Qəbələ şəhər stadionu ilə də bağlı durum qaydasındadır. Onların da Premyer Liqa təcrübəsi var. Artıq milli komandaların oyunları da Qəbələdə keçirilib, 2 dəfə Azərbaycan Kubokunun finalı keçirilib. Hansısa problemlərin olduğun düşünmürəm. Xırda təftişlər olacağı təqdirdə, Texniki-idman şöbəsi stadionlara səfər edir. Hazırda bizim qarşımızda duran 2 məsələ “İmişli” və “Karvan” komandaları, yəni, bu komandaların ev oyunlarının keçirəcəyi stadionlarla bağlıdır. Bununla əlaqədar klublarla mütəmadi danışırıq. Tərəfimizdən həmin regionlara səfərlər, təftişlər olur və komandalara çatışmazlıqlarla bağlı məlumatlar verilir.

- Premyer Liqada yenə bir stadiondan iki klubun yararlanması halı gözlənilirmi?

- Gəncə şəhər stadionunun MDB Oyunları ilə bağlı tikintisi yekunlaşır. Tikinti bitdikdən, həmçinin “İmişli” və “Karvan” komandalarının da infrastrukturla, təqdim etdiyi stadionlarla bağlı məsələlər tam həllini tapdıqdan sonra bu suala dəqiq cavab vermək mümkün olacaq. Bundan əlavə, səhv etmirəmsə, bizdə informasiya var ki, klub rəhbərliyi tərəfindən Tovuz şəhər stadionunun da meydançasının dəyişdirliməsi planlaşdırılır. İndiki halda bu suala konkret cavab vermək mənim üçün çox çətindir.

- Premyer Liqanın başlama tarixini açıqlamısınız. Bəs mövsümün bitmə tarixi nə zamandır?

- Premyer Liqanın başlama tarixi əvvəlcədən açıqlanır ki, komandalar planlarını qursun, təlim-məşq toplantılarını planlaşdırmasını apara bilsin. Mövsümün bitmə zamanı ilə bağlı məlumat püşkatma olandan, turlar müəyyənləşəndən, kubok oyununun finalının keçirilməsi tarixi bəlli olandan sonra sizə veriləcək.

Избранный
9
teleqraf.com

1Источники