RU

"Oyunun olsun, Abdulla" - Zamansız meydandan reportaj

 EPİQRAF : Ölümdən deyil, mənasız yaşanmış ömürdən qorxmaq gərəkdir.

          Bertold Brext

Abdullanın Sumqayıt Dövlət Dram Teatrında Anarın "Qaravəlli" əsəri əsasında hazırladığı tamaşa haqqında düşüncələr.

     PROLOQ 

Günlərin bir günündə, Məmmədin tinində Abdulla Elşadlıydı, İzaməddin Bağırovdu, mən idim, bir də Hafiz Ataxanlı - durub remarkanı gözləyirdik. Bir də gördük ki, Xalq yazıçısı Anar gəlir. Dedi kibritin var? Dedim yoxdur. Bu dəfə mən Hafiz Ataxanlıdan soruşdum:

-Kibritin var?

-Yoxdur.

Hafiz Abdulladan soruşdu:

-Kibritin var?

-Yoxdur.

Abdulla da ümidini itirməyib İzaməddindən soruşdu:

-Kibritin var?

-Taparam.

O gedən getdi. Qayıtmadı. Əvəzində Əvəz Əvəzov gəldi. Üz- gözündən fağırlıq, binəsiblik yağan binəvanın birisi, saatın neçə olduğunu bilməyən, zamansızlıq girdabında karıxıb qalan yüklü adam.

Onun - bunun işinə əl yetirməkdən, bir saat qırx dəqiqə işıqların altında, qan - tər içində vurnuxmaqdan corablarının altı yeyilmişdi. Dedi gözləyin, kibrit çöpü o qədər qloballaşdı , o qədər bahalaşdı ki, gəlib beşotaqlı evlə bərabərləşdi. Ölməsəm, qalsam, sizə kibrit çöpünü gətirəcəyəm.

Abdulla dözmədi, səhnəyə qalxdı, dedi mən burada hoqqa çıxartmasam, düzələn deyil. Anar müəllim dodaqaltı qımışıb pıçıldadı:

-Hoqqabaz.

 XAMMALIN KEYFİYYƏT GÖSTƏRİCİSİ 

Xalq təfəkkürünün minillik laylarından süzülüb gələn fəlsəfi - estetik düşüncəni bədii ədəbiyyatın ahənrübasında, ədəbi mətnin mükəmməlliyində təqdimata çıxaran, başdan - ayağa milli Xalq yazıçısı Anarın yaradıcılığı alt qatdan işarə vuran yumor, bəzən sarkazmı ilə də maraqlıdır.

El ruhuna simsarlığı, sosial qroteksə meyli, intellektual zarafat hissi, folklor sevdası, milli- ədəbi yaddaşı, " səhnə dünyada aktyor insanlar"ı eşidərkən görmək, baxarkən onların səslərini eşitmək fövqəltəbiəti ədibə çox vaxt sözünü hoqqalarla, Nəsrəddinvari, danəndəsayaq, məzhəkə çalarında, qaravəlli havacatında demək imkanı verib.

"Molla Nəsrəddin - 66" nı yazdığı illərdə ürəyi soyumayıb. Yaxşı kişi - pis kişi göstəricisinin, sui - istifadə sindromunun, cəmiyyətin sosial obyektivlik  tərəzisindəki olmayan çəki daşlarının rəsmini çəkib, bir qaravəlli yazıb.Yəni Sokratsayağı, 

"danışıram ki, məni görəsiniz" qənimətinə qane olmayıb, meydan teatrının mahiyyət və estetikasında səhnə üçün gəzişmə edib, adını da qoyub "Qaravəlli".

Sadə, sadə olduğu qədər də müdrik yumorla dolu bir xalq komediyası! 

"Əl əli yuyar, əl də üzü" məşhur genetik vərdişin teatr versiyası!

 EZAMİYYƏT 

Və ilin əvvəlində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, dövlət göndərişi ilə Moskvada, Borisovun kursunda  rejissorluq təhsili alıb qayıtmış, bir çox bölgə teatrlarında  Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm"  Layihəsi çərçivəsində traktovkaları  ilə sənət cameəsində diqqət çəkmiş  Abdulla  Sumqayıt Dövlət Dram Teatrına ezam olundu. Çantasında da Anarın  " Qaravəlli" əsəri.

Stolarxası məşq fərqliydi. Dodaq büzənlər də əksik olmadı. Amma və lakin ( bu yerdə bu iki inkar ədatını ilk dəfə qoşalaşdırmış Vaqif İbrahimoğluna da rəhmət deməyi unutmayaq)

 dramaturji konflikti dramaturji  intriqa ilə  qarışdıranların peşəkar teatrın yox, bəzi xislət sahiblərinin,  qeyri- estet xadimələrinin vızıltısı  Abdullanın qulaqlarını döyəcləyə bilmədi. Həm öz inadkarlığı, həm də teatr rəhbərliyinin qayğısı sayəsində istəyinə çatdı.

Rejissorun uğur  hekayəsi ən əvvəl dramaturji baza ilə əlaqədardır. Şübhəsiz, doğru rol bölgüsü də önəmli şərtdir.Xammalın keyfiyyətinə söz yox, bəs görək qurluşçu rejissor  baş rolu kimə etibar edəcək?!

Rejissor Əməkdar artist Sumqayıt Dövlət Dram Teatrının  aparıcı səhnə ustası İzaməddin Bağırovu seçdi. Yox, yaxşısı budur, baş rol söhbətini ləngidək.Qoy dostum, qardaşım, həmkursum İzaməddin qrimlənsin, geyinsin,  burnunu yerinə oturtsun,  mən də rejissor yozumu üzərində  variasiyalarla açım sandığı, töküm pambığı.

 REJİSSOR İNTELLEKTİNİN AYDINLIĞINDA HADİSƏNİN TƏSVİRİ VƏ TƏFSİRİ 

Xarakterlər ustası böyük Çexovun bir fikri olub: 

"İnsanın gündəlik arxayın güzəranı içində gözə çarpmayan faciələr baş verir."

Abdulla da adi bir güzəranın içində baş verən hadisənin qroteksi kontekstində  bir intellektual oyun qurub ki,  gəl görəsən!

Əcəba, nədən başlayaq?

Abdulla Allahsaxlamış Moskvada müəllimi Borisovdan, ustad saydığı Vaxtanqovdan,mənəvi- ruhi qida saydığı Bertold Brextdən eksplikasiyaya  başlayıb, dialektika teatrında toxtayıb, Fantastik realizmdə  nəfəs dərib,  sosial qroteksdə mesaj verib, üstəlik meydan teatrının, karnaval  estetikasının  oyun cazibəsindən qaça bilməyib. Əlqərəz, Abdulla Elşadlı səhnədə ilmələri pıçıldayan, naxışları söz deyən,  çeşniləri kod gizlədən bir xalça toxuyub.


 İNTERAKTİVLİK VƏ YA KARNAVAL ESTETİKASI 

Proloqda tamaşanın təqdimatı, dramaturji  

"posıl" verilir. Tamaşaçı ilə birbaşa ünsiyyətdə, bir az yumoristik səpkidə aktyorlar təqdim olunurlar.

Tamaşanın himni oxunur. Pis kişi ilə yaxşı kişi qismində Səmistan Süleymanlı ilə Kamran Muradlı hadisəyə ayaq verirlər, tamaşaçını hoqqaya hazırlayırlar. Sanki tamaşaçının istəyi ilə meydangirlik edən aktyorlar - maskarabazlar hadisənin istiqamətini dəyişə bilərlər.

    Obrazın qəfil, 30- 40 saniyə  xronometrajında  özündən qopub aktyorun öz vəziyyətində  tərəfmüqabilinə və özünə replika atması, səhnə maşinistlərinin meydanı  əlbəsə və rekvizitlərlə təmin etməsi  oyun içində oyun və interaktiv assosasiyasını bir az da gücləndirir.

 ŞƏRTLİLİK PRİZMASINDA TƏHKİYƏ 

Quruluşçu rejissor oyununu Brext  şərtliliyinin işığında  açıb göstərir.

Səhnə fırlanır, dramaturji materialda olmayan səhnə fəhlələri, maşinistlər traktovkaya daxil oluban  ünvan göstəricilərini gətirib asırlar.Məsələn, tutaq ki, bura Məmmədin tinidir və ya filan məkandır. Rəmzi məkanlardakı havanı yaşamaqsa, artıq Stanislavski sistemində  Formanı qoruyan aktyorların məharətinə  qalıb.İnsafən, aktyorlar da məharətlərini göstərə bilirlər.

 FANTASTİK REALİZMDƏN GERÇƏYİN ANLADILMASI 

 Abdulla özünə ustad saydığı  və yeni tamaşasını ruhuna ithaf etdiyi Vaxtanqovun  fantastik realizm məktəbinin işığında  yaradılışca çox mürəkkəb, ziddiyətli varlığ olan insan psoxofizikasındakı  gerçəkləri rəmzlərlə anladır.

  PSİXOFİZİKA 

   "Qaravəlli"də tipajlar sərgilənib. Bir- birinin təkrarı olmayan  xarakterlər qalereyası.

Obrazların fizioloji göstəriciləri onların psixoloji vəziyyətlərini tamamlayır.

  Əvəz Əvəzov sadə, daha çox sadəlövhdür.İzaməddin  Bağırovun yerişi, duruşu, gəzişi, ünsiyyət davranışı, hərəkət tərzi - hər şey xarakter sahibinə uyğunlaşdırılıb.

Zoomağazanın müdiri Şəmistan Süleymanlının danışıq tərzi, ağıl həcmi, gülüşü, zövqü ilə  yeriş əskikliyi  harmoniya yaradır, "bu ağılda adam  belə də gəzər" qənaətinə əmin olursan.

    Ümumilikdə, Habil Xanlarovun, İlham Səfərlinin, İlahə Səfərovanın, Kamran Muradlının, Elmir Mehdiyevin, Aynurə Hümbətovanın canlandırdıqları obrazların da psixofizikası  mükəmməl işlənib.

   SÖZƏ MİZAN 

     Rejissorun ustalığı hadisəyə, süjetə, pərdələrə deyil, hər cümləyə, hər sözə mizan verməyindədir.

"Qaravəlli" də hər söz oynayır. Hər cümlə üçün hərəkət, jest ekvivalenti tapılıb.

Bu yerdə Meyerxoldun fikri yada düşür:" Əgər teatr qocalmaq istəmirsə,  vaxtaşırı pantomimə müraciət etməlidir".

  KLOUNADA 

   16- cı əsr İngilis dramaturgiyasının  bədii personajları - klounlar əslində bizdən meydan- məzhəkə, şəbədə oyunlarında qərbdən də qabaq müxtəlif adlarla mövcud olub.İşim onda yox, Abdulla tamaşasında klounadadan bəhrələnib. Bunun elementləri, salamlaşmalar, ayaq geyimləri, yeriş tərzləri rejissorun klounada tapşırığını təmin edir.

  YÜK - MESAJ 

    Finalda özünü belə, unutmuş, qaçmaqdan,  vurnuxmaqdan corablarının altı getmiş, bitib - tükənməyən, zəncirvari istəklərin sürətli axınında boğulan, hər kəsin probleminin cözümündə  hər kəsi əvəz edən Əvəz Əvəzov heydən düşmüş halda  ortada dayanır, bütün iştirakçılar yüklərini, tərs ovqatlarını, əlbəsələrini onun üstünə atırlar.

  Əvəz Əvəzov ölür, bəlkə də bu, ölmək deyil, rəmzdir, işarədir.

   İnsanlığın, xeyirxahlığın fiaskasosu, sonuncu heykəlləşmiş vizuallığıdır. Hər halda rejissor belə görür və mesajını da bildirir.

Ürəyi mərhəmət hissi ilə döyünən tək- tük insanların bağrını çatlatmayın, onların qədrini bilin! Vicdan insana ona görə verilib ki, cəmiyyətə fayda verə bilsin, insanlıq tarixində iz qoysun.Ta mənasız, fərdi istəklər yolunda xərcləyib qurtarmasın.

 İZAMƏDDİN BAĞIROVUN ƏVƏZOLUNMAZ MİSSİYASI 

  Əməkdar artist İzaməddin Bağırov konkret ampulası olan aktyordur.İllər öncə Sumqayıt Dövlət Dram Teatrında Cinli Mayıl ( İsi Məlikzadə, Firudin Məhərrəmov, Subaylarınızdan ofgörəsiniz) Qarakişi ( İsi Məlikzadə, Firudin Məhərrəmov, Gəl qohum olaq), Dəli Məstəli ( Əyyub Qiyas, Firudin Məhərrəmov, Qarışqa yuvası), Ər ( Marsel Berkye Marinye, Rövşən Almuradlı, Oğru) obrazları ilə mükəmməl oyun tərzi nümayiş etdirib.

Sosial komediyaların, tragikomediyaların, qrotekslərin  havasını ruhuna doğma bilən İzaməddin  Abdullanın diqqətini çəkib. Əvəz Əvəzov açar obrazdır. Bütün ürəklərin qapısını açıb qara pərdədən o üzdə qalanları bizə - tamaşaçıya oxudur.Vur- tut bir kibrit çöpünün, amma  həm də rejissor ideyasının  yükünü çiyninə alıb, düşüb yolun ağına.Yol da nə yol, bir səhnənin eni - uzunu boyunca, əvvəli -axırı görünməyən, görünsə də, sonu bilinməyən,  absurt zamanda əriyən bir yol.Bir kibrit çöpündən başlayan istəklər  nəhayətsizliyi  kəhkəşanında özünü yandırıb, yerə axmış ulduzdur İzaməddinin Əvəzi. "Yox" deməyi bacarmayan babal adam 1 saat 40 dəqiqə ərzində qaçaqaçda olan, kiminsə karına gəlmək üçün nəsə axtaran, gülünc günə düşən, tənəyə tuş gələn, amma yenə də inadından qalmayan sonda stopkadra  dönmüş Əvəz Əvəzov  isbatlayır ki, insan həyatı bir kibrit  çöpünün yanması qədər qısadır və onun qədrinin bilmək lazımdır. İzaməddin Bağırov  kibrit çöpü kimi  yanıb heçə dönən  bir insan həyatının qara tablosunu çəkə bilib. Əməkdar artist obrazın inkişaf xəttini doğru görür.Alt qat yumoru təqdim edə bilmək, pauza və sifət cizgiləri  ilə söz demək İzaməddinin oyununu tamlaşdırır.

 ŞƏMİSTAN  SÜLEYMANLININ  HOQQABAZLIĞI 

    Son illərdə Sumqayıt Dövlət Dram Teatrında  hazırlanan əksər  tamaşalarda rol alan Şəmiştan Süleymanlının potensial imkanlarına azdan - çoxdan bələd idim. Fəqət, Abdulla Elşadlı Şəmistanın daha dərin psixoloji qatda gizlənmiş qroteks oyun tərzini üzə çıxarmağa müvəffəq olub. Proloqda Şəmistan nağılçılardan biridir, meydangirdir, truppanı idarə edir, sinopsis verir.

  Həm də pis kişi obrazındadır. Bilirsiniz niyə pis kişidir? Çünki doğru, dürüst zehniyyəti bəzəkli, zər - zibalı yalanları görünmür. Çılpaq, acı həqiqət təşnəsidir.

     Sonrakı pərdələrin birində istedadlı aktyor zoomağaza müdiri kimi  hoqqa çıxarır. Amma və lakin tam alayı qiyafədə, alayı qrim.Bu harasıdır?Yeni, yepyeni bir xarakter  təqdim edir. Şəmistanın daxili sərbəstliyi ,səhnə plastikası  və texnikası obraza canlılıq verir.Şəmistanı heç zaman güldürməyə can atan aktyor kimi tanımamışam. Ancaq zoomağazada istər bacanağı Əvəz Əvəzovla, istərsə  tutuquşusu ilə dərdləşməsi zalda gülüş doğururdu.

Sadəcə Şəmistan obrazın mahiyyətinə varmışdı, rənglərini və rejissor tapşırıqlarını düzgün tutmuşdu.Və zaldan gələn səslər  təbii, zərif yumora, bəzən sarkastik ovqata yönəlik gülüş idi.

 KAMRANIN ARTİSTLİYİ 

   Keşkə "artistlik eləmə" qınağını tez- tez zərbül - məsəl, idiomatik ifadə yerinə işlədənlər "Qaravəlli" də Kamran Muradlının obrazlarını görsəydilər. Onda bilərdilər ki, "artistlik etmək"  müsbət koordinatda hansı faydalı anlamdadır.

   Kamran da meydanbəyidir. Həm də yaxşı kişidir proloqda. Yəni 

"qatıq qaradır, yoxsa ağ" dilemmasında rəngə baxıb  mövqe bildirməyi  yox, çoxluğu və mənafeyi  hesablayıb qərar  verməyi həyat kredosuna çevirən insan!

Sonra teatrın texniki heyətinin əməkdaşları, həm də quruluşçu rejissorun oyunçuları rəhmətlik Brext  konsepsiyasında olduğu  kimi bir anın içində məkan göstəricisini gətirib asırlar. səhnədən : " Məmmədin tini" 

Əlil arabasında siqaret alverçisini gətirirlər.Zalda pıçıltı başlanır.

-Kimdir ki?

-Hansı aktyordur?

Yəni truppa üzvləri öz həmkarlarını tanımırlar. Aktyorun xöşbəxtliyi deyilmi?! Yox, söhbət təkcə peşəkar qrimdən, əlbəsə ,rekvizitdən getmir.Səs də ixtiyar səsidir.Həm də Kamran siqaret alverçisi üçün ölçülüb- biçilmiş  xarakteri peşəkar təqdim edir.

Dünyagörüşü məhdud, arsız, abırsız, hətta düşük, yaşına- başına yaraşmayan xəyallar aləminə  can atan yekə bir tip!

Növbəti artistliyini nağara ifaçısı Qulam Qulamovun başında çatladır Kamran. Burada da 180 yox, 360 dərəcə dəyişir.

Aktyor daxili coşqunluğunu hadisənin axarı ilə mükəmməl şəkildə tənzimləyir. Qroteksin qədərini düzgün müəyyənləşdirir.

 ELAY XASIYEVİN MASKALARI 

  Zənnimcə, Elay Xasıyev Sumqayıt Dövlət Dram Teatrında işlədiyi dövrdən ilk dəfə boynuna bu qədər ağır yük, məsuliyyət götürür.

Əkbər Əkbərov, Əsgər Əsgərov, Abbas Abbasov - hər üçü Elaydır. İllah da ATS müdiri. Elay Xasıyev maraqlı və orijinal  rənglərdən istifadə edir. Yüz ilin gölməçəsində qalmış su kimi rəngini itirmiş, kreslo sevdasından piylənmiş, qocalıq simfoniyasını xatırladan, əlini qaldıranda belə onu aşağı salmaq üçün katibəni köməyə çağıran, danışığı anlaşılmayan, amma hökm sahibi qalmaq istəyən qocadan qoca ATS müdirini gənc aktyor inandırıcı  oynamağa müvəffəq olur.

Bir sözlə, Elay Xasıyev fərqli maskaları yaradıcılıq şövqü ilə dəyişə və inandıra bilir.

 YARADICI HEYƏT 

  Çıxışları epizodik, amma ideyanı tamamlamaq rakursundan faydalı olan gənclər - Əmrah, Ramazan, Etibar da qaravəlli havacatını düzgün tutublar. Rejissor asistenti Rəvan Hüseynzadə öz işinin öhdəsindən layiqincə gəlib.

Tamaşanın üslubu, dramaturju situasiya ilə səsləşən  musiqilərin tərtibatı Elay Xasıyevə məxsusdur.

Quruluşçu rəssam Nizami Dadaşov məkansızlıqda məkanın  dekorunu tapa bilib.

Ritmika Ramazan Xanlarovundur. Rejissor köməkçi Fazilə Rzayevadır Zənnimcə, istedadlı rejissor Abdullanın tamaşası həm beynəlxalq festivallara göndərilmək peşəkarlığındadır, həm də teatr marketinqi üçün  kifayət qədər  perspektivli məhsuldur.

 EPİLOQ 

...Əvəz Əvəzov, ya da elə  İzaməddin Bağırov  Xalq yazıçısı Anarın bircə kəlmə sözü ilə dərbədər olmuşdu. İndi də baxdıq, özü gəlib çıxmayıb, amma ruhu ştanqetdən asılıb. Yaxınlaşdıq, qulaq verdik, gördük Gülnarə Cəmaləddinin şeirini oxuyur babal ruh:

Mən adam aldatmadım,

könül qırmadım.

Balıqlara yem daşıdım         kipriklərimdə,

Günəşi böyütdüm bəbklərimdə,

Mən sadəcə adam olmaq istədim.

Allahı sevdim,

Bir quşa daş atmadım,

Bir qarışqanı incitmədim,

Mən sadəcə adam olmaq istədim.

Anar müəllim dönüb Abdullaya baxdı, baxdı, üzünə qəribə bir təbəssüm yayıldı. Bir az susdu.

Handan hana dedi:

-Oyunun olsun, Abdulla!

 Hafiz Ataxanlı

Избранный
4
news365.az

1Источники