RU

Qulu Məhərrəmli: “Media ayaqda qalması üçün pəşəkarlığını artırmalıdır” MÜSAHİBƏ

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Media ayaqda qalması üçün pəşəkarlığını artırmalıdır”.

Bu sözləri filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli “Cebbheinfo.az”-a müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik:

- Qulu müəllim, bu il Azərbaycan mətbuatının yaranmasının 150 illik yubileyidir. Necə düşünürsünüz, geridə qalan 150 il ərzində mətbuat olaraq əsas nələrə nail olmuşuq? 

- 150 ildə keçilən yolu bir neçə cümlə ilə ifadə etmək çox çətindir, amma onu deyə bilərəm ki, Azərbaycan xalqının 19-20-ci əsrdə əldə etdiyi bir çox naliyyətlərdə medianın da payı var. Ümumiyyətlə, “Əkinçi” qəzetinin yaranmasından indiyə qədər media cəmiyyəti irəli aparmağa, Azərbaycanda ictimai və milli şüuru inkişaf etdirməyə çalışıb. Həmçinin, böyük maarifləndirmə işləri aparıb. Bütün bunları medianın tarixi missiyaları hesab etmək olar. Prezident İlham Əliyevin mətbuatının 150 illiyi ilə bağlı imzaladığı sərəncamda da bu məqamlar xüsusi olaraq vurğulanır. 

- Mətbuatımızın keçdiyi bu yolu necə dəyərləndirirsiniz?

- Mətbuat sosial həyatdan və ictimai-siyasi sahədən həmişə asılı olub, bu gün də elədir. Yəni cəmiyyət azaddırsa, demokratik sistem, bazar iqtisadiyyatı varsa və demokratik dəyərlər öndədirsə, media da inkişaf dövrünü yaşayır. Məsələn, Sovet dövründə totalitar rejim olduğu üçün mətbuat da müəyyən problemlərlə üz-üzə qalırdı. Çünki mətbuat mövcud olduğu siyasi sistemin, rejimin rəngini özünə götürür və bu, tarixən belə olub. Azərbaycan mətbuatı Sovet dövründə çox çətin və mürəkkəb yollardan keçərək bugünlərə gəlib.

- Maraqlıdır, hazırkı Azərbaycan mətbuatı dünya mətbuatı ilə ayaqlaşa bilirmi? 

- Əslində, dünyanın hər yerində mətbuat normativdir. O mənada normativdir ki, xəbərə, analitik məqaləyə və ictimai missiyaya olan tələb dünyanın hər yerində eynidir. Məsələn, “Washington Post” və yaxud “Guardian” qəzeti ilə bizim hər hansı bir qəzetimiz eyni missiyanı yerinə yetirir. Amma əlbəttə ki, sistemlər və yanaşmalar müxtəlif ola bilər. 

Hər xalqın, hər cəmiyyətin mətbuatı onun özünün ictimai reallıqlarından doğur, mövcud problemləri işıqlandırır və cəmiyyəti məlumatlandırır. Belə mətbuat istənilən cəmiyyətlər üçün lazımlıdır. Bundan başqa, dünyada media iki yerə bölünür: keyfiyyətli və keyfiyyətsiz media. Biz ölkəmizdə keyfiyyətli medianın inkişaf etməsi üçün çalışmalıyıq. 

- Belə bir fikir tez-tez səslənir ki, son illər media sosial şəbəkələrə uduzur. Belədirmi? Belədirsə, səbəbi nədir?

- Məncə, peşəkar medianın sosial şəbəkəyə uduzması şərti anlayışdır. Düzdür, operativlik baxımından, habelə yoxlanmamış materialları çap etmək və onunla reytinq toplamaq kimi faktorlara görə sosial şəbəkələr mediadan üstün görünə bilər. Lakin əlbəttə ki, sosial şəbəkələrin çox ciddi problemləri var. Orada etik problemlərdən tutmuş, peşəkarlıq problemlərinə qədər çox ciddi hallar müşahidə olunur. Ona görə də mən heç vaxt bu fikirdə olmamışam. Bu barədə müəyyən müzakirələr və diskussiyalar aparıla bilər. 

Amma bütün hallarda media ayaqda qalması üçün pəşəkarlığını artırmalıdır. Onun maddi, maliyyə və iqtisadi bazası həmişə möhkəm olmalıdır. Media operativ məlumatları yaymaq üçün imkanlar əldə etməli, birbaşa mənbələrə çıxışı olmalıdır. Belə olan halda heç bir sosial şəbəkə pəşəkar medianın qarşısında dayana bilməz. Həmçinin, bu zaman sosial şəbəkələrin peşəkər mediaya rəqib də olması mümkün deyil.

- Ümumiyyətlə, sosial şəbəkələri media sayırsınızmı?

- Əlbəttə, sosial şəbəkələri media saymaq olar. Çünki bu da media platformasıdır. Yəni bunların hamısı vasitələrdir. Nəzərə almaq lazımdır ki, internet özü bir sistemdir, vasitədir. Onları da internetin media profilləri saya bilərik. Yəni sosial şəbəkələr internetdən törəmə olan bir ağacın əlavə qol-budaqlarıdır. Ona görə də internet vasitəsilə ünsiyyət quran sosial şəbəkələri media hesab edirik. 

Amma onlar peşəkar media deyil. Bu, sadəcə məlumat yaymaq vasitələrindən biridir. Sosial şəbəkələr insanların öz fikir və düşüncələrini ifadə etməklə məlumat yayma formasıdır. Bununla belə, sosial şəbəkələri heç bir halda peşəkar media ilə müqayisə etmək və yaxud peşəkar media kimi qəbul etmək olmur.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Qulu Məhərrəmli Media pəşəkarlıq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
cebheinfo.az

2Источники